"Qanuna əməl etməyən icra strukturu cəzalandırılarsa, qanun işləyər"





"Jurnalistlər 4-cü hakimiyyət kimi qəbul olunan qanunların icrasına nəzarət etməlidir”.

Bunu "Sherg.az”a qəbiristanlıqların salınması və idarə olunması müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilmiş qaydalara uyğun olaraq həyata keçirilməsindən danışarkən Azərbaycanda Vətəndaş Cəmiyyətinin İnkişafına Yardım Assosiasiyası (AVCİYA) Seçki Qərargahının rəhbəri, tarix elmi üzrə fəlsəfə doktoru Məhərrəm Zülfüqarlı deyib.

O bildirib ki, hansısa rayonda icra hakimiyyəti orqanı bu qanun icrasını həyata keçirə bilmirsə, media bunu araşdırıb, işıqlandırmalıdır:

"Sözügedən məsələ Bakıya da aid edilir. Qəbul edilmiş qanuna əməl etməyən icra strukturu aşkar edilib, cəzalandırılarsa, qanun işləyər. Bu isə hər kəsə faydalıdır. Qəbiristanlıqlarla bağlı son zamanlar qanunda edilən dəyişikliklər insanları qane edir. Məsələn, vahid qəbir formalarının tətbiqi haqqında qanun hər kəsin ürəyincə oldu. Standartlara əməl etməyənlərin cəzalanması digər icraçı qurumlar üçün də dərs olar”.

Qeyd edək ki, "Bələdiyyələrin statusu haqqında” qanuna edilmiş dəyişikliklərə görə, 4-cü maddənin ikinci abzasında "abadlaşdırılması” sözü "saxlanılması, idarə olunması, abadlaşdırılması, köçürülməsi” sözləri ilə əvəz edilib. Həmçinin həmin abzasda "mərasim” sözündən sonra "və dəfn” sözləri artırılıb.

Aysel Aslan