Bəzən şəhər susur…
Səs-küy dayanır, asfaltın yorğun nəfəsi belə yavaşlayır. O zaman insanın gözü torpağın dilini oxumağa başlayır. Bulvar boyu əkilmiş tülpanlar da elə həmin an danışır — səssiz, amma ürəyə toxunan bir dillə.
Səhərin ilk işığında onlar günəşə tərəf boylanırdı. Sanki hər biri öz rəngində bir duyğu idi: qırmızı — sevgi kimi, sarı — ümid kimi, ağ — təmizlik kimi, bənövşəyi — incə bir kədər kimi. Külək onların üzərindən keçəndə şəhər birdən-birə Avropa parklarının romantikasına, qədim bağların sakitliyinə çevrilirdi.
Tülpan sadəcə çiçək deyil.
Tülpan — zövqün, estetik düşüncənin, insan ruhunun gözəlliyə ehtiyacının simvoludur.
Onları əkən əllər şəhərə gözəllik bəxş etmək istəyib. İnsanların ruhunu yumşaltmaq, yorğun baxışlara rəng qatmaq istəyib. Çünki şəhərlər yalnız binalarla deyil — çiçəklərlə nəfəs alır.
Amma bir an gəlir…
Kimsə dayanır, əyilir və o zərif gövdəni qırır. Elə bil şəhərin ürəyindən bir tel qopur. Bir tülpanın qırılması sadə hərəkət deyil. Bu, gözəlliyə qarşı biganəlikdir. Bu, incəliyin anlamını itirməkdir. Bu, gözəlliyə qarşı səssiz bir zorakılıqdır.
Bəli, bu — bir növ terrordur.
Silahsız, səssiz, amma ruhu yaralayan terror.Çünki tülpan özünü müdafiə edə bilmir. O, qışın soyuğuna dözür, torpaqdan güc alır, baharı gözləyir, yalnız bir neçə gün insanlara sevinc bəxş etmək üçün açır ləçəklərini. Onun ömrü qısadır — amma mənası böyükdür.
Tülpanlar şəhərin mədəniyyət səviyyəsini göstərir. Onlara toxunmayan insan gözəlliyə hörmət edən insandır. Onları qoruyan toplum isə artıq yalnız şəhər deyil — mədəniyyət məkanıdır.
Bir tülpanı qıran əl əslində öz ruhunun zərifliyini qırır.
Bir tülpanı qoruyan insan isə öz daxilindəki insanlığı yaşadır. Kaş hamı anlaya biləydi:Tülpanı dərmək onu sahib olmaq deyil — onu yox etməkdir.Tülpanı sevmək isə ona baxmaq, onun yaşamasına icazə verməkdir. Çünki bəzi gözəlliklər toxunmaq üçün deyil…
sadəcə baxıb ruhunu sakitləşdirmək üçündür. Və bulvarın tülpanları hələ də dayanıb —
şəhərə səssizcə insan olmağı öyrədir.
Sevinc Əliyeva,
BDU, Jurnalistika fakültəsinin dosenti