"Bu qərar əslində bir mesajdır: Azərbaycan bərabərhüquqlu və qarşılıqlı hörmətə əsaslanan münasibət istəyir"
Azərbaycan Respublikası Milli Məclisinin Avropa İttifaqı – Azərbaycan Parlament Əməkdaşlıq Komitəsinin fəaliyyətində iştirakına son qoyulacaq. Bu, Milli Məclisin bu gün keçirilən iclasında qəbul edilən “Avropa Parlamentinin Azərbaycan əleyhinə fəaliyyəti ilə əlaqədar” qərarda əksini tapıb.
Qərarda qeyd edilib ki, Milli Məclis beynəlxalq parlament əlaqələrində sülh, təhlükəsizlik və davamlı inkişaf prinsiplərini əsas götürür, qarşılıqlı hörmətə və konstruktiv dialoqa üstünlük verir. Bununla yanaşı, Avropa Parlamenti nin bu prinsiplərlə uzlaşmayan mövqeyinin son dövrlər əməkdaşlıq münasibətlərinin inkişafına ciddi maneəyə çevrildiyi qeyd olunur. Qərarda bu addımın mövcud yanaşmalara verilən siyasi reaksiya olduğu və Azərbaycanın formal platformalarda iştirak etməklə qərəzli münasibətləri legitimləşdirmək niyyətində olmadığı xüsusi vurğulanıb:“Avropa Parlamentinin fəaliyyətinin mahiyyətində beynəlxalq hüququn norma və prinsiplərinin, ədalət anlayışının qəti surətdə rədd edilməsi dayanır. Bu qurum torpaqlarımızın Ermənistan tərəfindən 30 illik işğalına, yüzlərlə şəhər və kəndlərimizin, tarixi, dini və mədəni abidələrimizin dağıdılmasına, etnik təmizləməyə, 1 milyondan çox qaçqın və məcburi köçkünün insan hüquqlarına davamlı şəkildə etinasız yanaşmışdır. Avropa Parlamenti ilə əməkdaşlıq üçün nəzərdə tutulmuş platformalar - Avropa İttifaqı – Azərbaycan Parlament Əməkdaşlıq Komitəsi və Avronest Parlament Assambleyası isə ölkəmizə qarşı təzyiq, şantaj və daxili işlərə kobud müdaxilə alətinə çevrilib. Azərbaycan Respublikasının Milli Məclisi Avropa Parlamentinin bu münasibəti səbəbindən onunla bütün əlaqələrini 2015-ci ildə dayandırsa da, qarşı tərəfin çoxsaylı müraciətlərini və vədlərini əsas götürərək, əməkdaşlığı yenidən bərpa edib. Buna baxmayaraq, Avropa Parlamenti öz vədlərinə əməl etməmiş, özünün anti-Azərbaycan siyasətini, böhtan və qarayaxma fəaliyyətini ardıcıl surətdə davam etdirib. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin rəhbərliyi altında torpaqlarımızın işğalına son qoyulması, ərazi bütövlüyümüzün və suverenliyimizin bərpasından sonra isə Avropa Parlamentinin bu fəaliyyəti daha geniş vüsət alıb. Prezident İlham Əliyevin özünün müəyyən etdiyi sülh gündəliyinin onun siyasi iradəsi və qətiyyəti sayəsində uğurla reallaşdırılması və tarixi Vaşinqton razılaşmaları ilə nəticələnməsi, dövlət başçısının sülhə, əməkdaşlığa və tərəqqiyə xidmət edən təşəbbüslərinin beynəlxalq səviyyədə dəstək qazanması bu qurumun anti-Azərbaycan ritorikasını daha da gücləndirmişdir. Təkcə onu demək kifayətdir ki, 44 günlük Vətən müharibəsindən sonra Avropa Parlamenti Azərbaycan əleyhinə saxta məlumatları, yalan iddiaları və absurd ittihamları əks etdirən 10-dan artıq qətnamə qəbul etmişdir. Avropa Parlamentinin COP29 ərəfəsində və keçirildiyi dövrdə Azərbaycana qarşı hücumlarda əsas alətlərdən biri kimi istifadə olunması da yaddan çıxarılmamalıdır. Əsas narahatlıq doğuran məqamlardan biri də budur ki, bu qurum yalnız Azərbaycan ilə Avropa İttifaqı arasında əlaqələrin inkişafına maneə törətmir. Bu həm də regionumuzda uzunmüddətli sülh və sabitliyin bərqərar edilməsi istiqamətində atılan addımlara qarşı çıxır, revanşist qüvvələri təhrik etməklə regionumuzu yenidən münaqişə ocağına çevirməyə cəhd göstərir. Bütün bunlar isə Avropa Parlamenti ilə əməkdaşlığın mahiyyətini heçə endirir”.
Milli Məclisin Avropa İttifaqı - Azərbaycan Parlament Əməkdaşlıq Komitəsinin fəaliyyətində iştirakını dayandırması qərarını şərh edən deputat Elnarə Akimova Sherg.az-a açıqlamasında deyib ki, bu qərarı dramatikləşdirib “münasibətlərin sonu” kimi təqdim etmək düzgün deyil: 
“Amma təsirsiz də qalmayacaq - bu, aydındır. Söhbət ondan gedir ki, Azərbaycan artıq formal platformalarda iştirak etməklə qərəzli yanaşmaları legitimləşdirmək istəmir və buna siyasi reaksiya verir. Avropa İttifaqı ilə münasibətlər təkcə bir parlament komitəsinin fəaliyyəti ilə məhdudlaşmır. Avropa Parlamenti ilə parlamentlərarası dialoqun dayandırılması siyasi siqnaldır, amma bu, bütövlükdə əməkdaşlığın dayandırılması demək deyil. Avropa İttifaqı ilə enerji, nəqliyyat, ticarət və regional təhlükəsizlik sahələrində əməkdaşlıq davam edir və bu əməkdaşlıq qarşılıqlı maraqlara əsaslanır”.
Deputat qeyd edib ki, uzunmüddətli perspektivdə bu addımın iki mümkün təsiri var:
“Birincisi, Avropa tərəfi başa düşə bilər ki, birtərəfli və qərəzli yanaşmalar münasibətlərə zərər vurur və daha balanslı siyasətə keçid zəruridir. İkincisi isə, əgər eyni ritorika davam edərsə, siyasi dialoqda məsafə arta bilər. Amma bu məsafə iqtisadi və strateji əməkdaşlığa avtomatik olaraq eyni səviyyədə təsir etmir. Risklər varmı? Bəli, siyasi müstəvidə müəyyən gərginlik və etimad azalması riski var. Xüsusilə parlament diplomatiyasının zəifləməsi qarşılıqlı anlaşmanı çətinləşdirə bilər. Amma iqtisadi əməkdaşlıq məsələsinə gəldikdə, burada vəziyyət fərqlidir. Avropa İttifaqı üçün Azərbaycan etibarlı enerji tərəfdaşıdır və bu reallıq siyasi emosiyalardan daha güclü faktordur. Qarşılıqlı maraqlar olduğu müddətdə tərəflər əməkdaşlıq kanallarını açıq saxlayacaq.
Bu qərar əslində bir mesajdır: Azərbaycan bərabərhüquqlu və qarşılıqlı hörmətə əsaslanan münasibət istəyir. Əgər bu prinsip təmin olunarsa, dialoq da bərpa oluna bilər, əməkdaşlıq da daha sağlam müstəviyə keçər. Əks halda isə münasibətlər formal çərçivədə qalsa belə, real məzmununu itirəcək”.