“Morqa yox, əməliyyatxanaya!” - Həkimin bir qərarı hamilə həyatı ölümdən qurtardı (MÜSAHİBƏ)

Ürəyi dayanmış xəstə dirildi, doğuşdan sonra möcüzəvi xilas hekayəsi

"Morqa göndərilsəydi, bu gün yaşamayacaqdı"

Həyatın ən möcüzəli anlarından biri bir körpənin dünyaya gəlişidir. Amma bu möcüzənin arxasında saysız-hesabsız suallar, narahatlıqlar və qərarlar dayanır.

Hər ana namizədi üçün bu yol fərqli hisslərlə doludur - sevinc, həyəcan, bəzən isə qorxu və tərəddüd. Doğru qərarları vermək, həm öz sağlamlığını, həm də körpəsinin gələcəyini qorumaq üçün isə etibarlı məlumat və düzgün istiqamət çox önəmlidir. Bu səbəbdən, bu mövzulara aydınlıq gətirən səmimi və peşəkar yanaşma vacibdir. 

Türkiyədə ilk dəfə ana bətnində sidik yolları tıxanıqlı körpəni əməliyyat edən, ana bətnində körpəyə qan köçürülmə prosesini icra edən və sayısız riskli əməliyyatları gerçəkləşdirən Prof.Dr.Səllahəddin Kumru Sherg.az-ın körpələrin dünyaya gəlməsi ilə bağlı insanları narahat edən ən vacib suallarını cavablayıb:

-Hocam, normal doğuşun riskləri nələrdir? 

-Normal doğuşun da, keysəriyyənin də həm ana, həm də körpə üçün üstünlükləri və mənfi tərəfləri var. Əgər sağlam körpələri normal doğuşa buraxsaq, hər şey qaydasında getsə və aşağı nahiyədə, yəni vaginada yırtıq olmasa, ümumiyyətlə heç bir kəsik olmasa, ana çox tez gündəlik həyatına qayıdır. Sanki heç doğum etməmiş kimi rahat şəkildə körpəsini əmizdirir, ətrafdakılarla ünsiyyət qurur.

Doğum kanalından, çanaq (pelvis) adlandırdığımız, yəni omba nahiyəsindəki sümüklər olan yerdən keçərkən körpənin ağciyərləri sıxılır. Körpə normalda amnion mayesi içində olur. O dar yerdən keçərkən ağciyərlərdə olan maye sıxılıb asanlıqla xaric olur. Bu səbəbdən doğulduqdan sonra “maye xaric edə bilməmə” dediyimiz, yəni keçici tənəffüs çətinliyi daha az görülür. Yəni normal doğuşun həm ana, həm də körpə üçün faydaları bunlardır. Amma normal doğuşun mənfi tərəfi də var. Böyük bir körpə vaginadan keçdiyi üçün normal doğuş edən qadınlarda sonrakı illərdə sidik qaçırma, sidik kisəsinin sallanması, uşaqlığın sallanması, bağırsaq sallanması kimi problemlər daha çox görülür. Bu problemlər bəzən əməliyyat tələb edə bilər. Normal doğuş edən qadınlarda daha çox sidik qaçırma əməliyyatı, vaginoplastika, bağırsaq və uşaqlıq sallanması əməliyyatları lazım olur.

Yəni ana üçün mənfi tərəfi odur ki, körpə keçərkən bu nahiyələri genişləndirir və nəticədə sallanma və qaçırma halları daha çox olur. Digər tərəfdən, normal doğuş zamanı bəzən anada ciddi problemlər yaradan kəsiklər və ya yırtıqlar ola bilər. Bunların tikilməsi lazım gəlir və gündəlik həyata qayıtmaq günlərlə çəkə bilər. Bəzən də körpənin doğumu çətinləşər.

-Bəs keysəriyyədə necə? 

-Keysəriyyə bu baxımdan risk faktoru deyil. Amma onun da mənfi tərəfi var. Bu, bir əməliyyatdır, yəni kəsik tələb edir. Gələcəkdə ard-arda keysəriyyə əməliyyatları olarsa, yapışıqlıqlar yarana bilər. Bu da ana üçün uzun müddətdə narahatlıq yaradar.

Yəni nəticə olaraq, əgər normal doğuş heç bir problem, yırtıq və əlavə çətinlik olmadan baş verərsə, həm ana, həm də körpə üçün daha yaxşıdır. Amma qeyd etdiyim kimi, bəzi riskləri də özü ilə gətirə bilər.

-Yəni hər ikisinin də yaxşı və pis tərəfləri var.

-Bəli, hər ikisinin də üstünlükləri və mənfi tərəfləri var.

-Anaları narahat edən mövzulardan biri də doğuşdan sonra qarında yaranan çatlaqlardır. Bunun qarşısını necə almaq olar?

-Hamiləlik zamanı körpə uşaqlığın içində olur. Uşaqlıq böyüdükcə təbii ki, qarın da böyüyür. Dərimizin tərkibində kollagen adlı bir maddə var, yəqin ki, eşitmisiniz. Qarın böyüdükcə dəri dartılır. Bu dartılma sürətli olduqda kollagen lifləri zədələnir. Halbuki normalda uzanmalıdır, amma bu zaman yırtıqlar əmələ gəlir. Bunu bir ip kimi təsəvvür edin: ipi normalda uzatmaq lazımdır, amma bəzən dartanda qopa bilir. Əgər hamiləlik zamanı dəri sürətlə uzanarsa, kollagen lifləri yırtılır. Çatlaqların yaranma səbəbi də budur.

Bunun qarşısını almaq üçün ediləcək ən yaxşı şey dərini yumşaq saxlamaqdır. Əgər kollageni və dərini yumşaq saxlayarıqsa, yırtılma ehtimalı azalır və dəri daha rahat uzanır.

Ona görə də dərini yumşaldan istənilən krem bu baxımdan faydalıdır. Hansı krem olmasının fərqi yoxdur, əsas odur ki, dəri yumşaq qalsın və kollagen zədələnməsin.

Belə olduqda çatlaqların yaranma ehtimalı azalır.

-Doğrudan da ananın çox yeməsi körpənin çəkisini artırır?

-Bəli, analar hamiləlik boyunca adətən orta hesabla 10-12 kilo alırlar. Hamiləliyə başlamazdan əvvəl arıq olan ana namizədləri bir az daha çox çəki ala bilər, artıq çəkili olanlar isə bir az daha az alır. 

Əgər ana daha çox- məsələn, 18-20 və ya 30 kilo kimi çəki alarsa, bu çəkinin bir hissəsi ananın bədənində yığılır. Digər hissəsi isə enerji ötürülməsi yolu ilə körpənin daha iri olmasına səbəb olur.

Amma ana çox çəki almadan da körpə iri ola bilər. Məsələn, şəkərli diabeti olan analar var. Onların bəziləri arıq ola bilər. Amma qan şəkəri yüksək olduğu üçün körpəyə daha çox qlükoza keçir və nəticədə körpələr iri doğulur.

-Hamilə qalmaq üçün ən riskli yaş hansı yaşdır?

-Əslində belədir, 18-19 yaşın altındakı hamiləliklərə biz “adolesan hamiləliyi” deyirik. Bilirsiz adolesan nə deməkdir?

-Xeyr, heç eşitməmişəm.

-"Teenager”, yeniyetmə, yəni kiçik yaş deməkdir. 18-19 yaşın altındakı hamiləliklərə kiçik yaş hamiləliyi deyirik. Bu yaşda hamiləlikdə anada daha çox qanazlığı və erkən doğum problemləri olur. Həmçinin o yaşda ana özü də hələ uşaqdır. Ona görə 18-19 yaşın altındakı hamiləlikləri arzu etmirik. 

Digər tərəfdən, 40 yaşdan yuxarı hamiləliklərə “irəli yaş hamiləliyi” deyirik. İrəli yaş hamiləliklərində yumurtaların içində problemli yumurta olma ehtimalı daha yüksək olur. İrəli yaş hamiləliklərində körpədə xromosom pozuntusu ehtimalı artır.

Bundan əlavə, irəli yaş hamiləliklərində anada şəkərli diabet, hamiləlik şəkəri və ya yüksək təzyiq və buna bağlı xəstəliklər, hamiləlik zəhərlənməsi (preeklampsi) daha çox görülür.

Buna görə doğum yaşında 18-19 yaşdan kiçik və 40 yaşdan yuxarı hamiləlikləri daha riskli hesab edirik. Hamilə qalmaq üçün ən uyğun dövr isə 20-35 yaş arası dövrdür.

-Doğuşdan sonra bədən nə qədər müddətdə özünə gəlir?

-Hamiləlik zamanı, ilk dövrlərdən başlayaraq, bədəndə metabolik və hormonal dəyişikliklər baş verir. Bu hamiləlik boyunca davam edir. Doğuşdan sonra isə 6 həftə- bilirsiniz, bizim Türk mədəniyyətində 40 gün anlayışı var. Bu dövrü biz doğuş sonrası dövr adlandırırıq. Bu müddətdə hamiləliyə bağlı hormonal dəyişikliklər aradan qalxır. Digər fizioloji dəyişikliklər də geri dönür. Məsələn, uşaqlıq böyük olur, diafraqma qədər yüksəlmiş olur, doğuşdan sonra isə yenidən əvvəlki vəziyyətinə qayıdır və hamiləlikdən əvvəlki ölçülərinə yaxınlaşır.

Amma hamiləlik zamanı alınan çəkilərin verilməsi tamamilə şəxsin özünə bağlıdır. Az çəki almış ana tez bir zamanda əvvəlki çəkisinə qayıda bilər. Amma çox çəki almışsa, bunun üçün xüsusi səy göstərməsi lazımdır. Çəki ilə bağlı ümumi bir müddət söyləmək çətindir. 6 həftədən sonra isə endokrinoloji və metabolik baxımdan, həmçinin genital sistem olaraq, bədən hamiləlikdən əvvəlki vəziyyətinə qayıdır.

-Doğuşdan sonra sağlamlıq baxımından yenidən hamilə qalmaq üçün nə qədər vaxt gözləmək daha yaxşıdır?

-Doğuş baş verdikdən sonra körpənin qidalanması lazımdır. Ən azı 6 ay, mümkünsə 2 ilədək əmizdirmə tövsiyə olunur. Birincisi, doğulan körpənin qidalanması təmin olunmalıdır. İkincisi, hamiləlik zamanı anadan körpəyə bir çox vacib maddələr keçmiş olur- kalsium, maqnezium, dəmir və sair. Bunların bədəndə yenidən bərpa olunması lazımdır.

Bu səbəbdən də ananın tam bərpa olması vacibdir. Ona görə də, istər normal doğuş olsun, istərsə də keysəriyyə, iki doğuş arasında təxminən 3 il olmasını tövsiyə edirik.

Bu o deməkdir ki, doğuşdan sonra ana ən azı 2 il qorunmalıdır, sonra yenidən hamilə qala bilər. 2 ildən əvvəl hamilə qalmağı tövsiyə etmirik.

-Ananın stress yaşaması körpəyə necə təsir edir?

-Stress əslində hər kəsin bədənində kortizol hormonunun ifraz olunmasına səbəb olur. Yüksək kortizol səviyyəsi qan şəkərini artıra bilər.

Bu səbəbdən də anada metabolik problemlər yaranır. Bu dəyişikliklər də, qan şəkəri və digər maddələr vasitəsilə, körpəyə keçərək onun da metabolik vəziyyətinə təsir edir.

Amma mən demək istəmirəm ki, “ana stressli oldu, körpə kiçik olur” və ya “ana stressli oldu, körpə də stressli olur”- belə bir qəti məlumat yoxdur.

Sadəcə, stress hormonları ananın metabolik vəziyyətini dəyişir. Dəyişən metabolik vəziyyət körpənin metabolik vəziyyətinə təsir edə bilər. Məsələn, qan şəkəri və stress hormonları kimi təsirlər ola bilər.

-Doğuşdan sonra depressiya bütün analarda görülürmü? Bu depressiyadan çıxmaq üçün nə etmək lazımdır?

-Bütün analarda görülmür. Biz buna “postpartum depressiya” deyirik. Yalnız müəyyən analarda daha çox rast gəlinir. Daha əvvəl panik və ya depressiyaya meylli olan analarda bu risk daha yüksək olur. Bəlkə də bəzi analar dərman istifadə edirlər, amma ətraf mühit faktorlarının da təsiri olduğu deyilir.

Əgər ana doğuşdan sonra ətrafında- həyat yoldaşı, öz valideynləri, həyat yoldaşının valideynləri, digər uşaqlar, qohumları varsa, təhlükəsiz və rahat bir mühitdədirsə, doğuş sonrası depressiya daha az görülür. Amma əsas səbəb, anaların belə bir şeyə meyilli olması, yəni predispozisiyasıdır. Bu risk faktoru yaradır.

-Uşağın abort etdirilməsi normal hal deyil. Amma deyək ki, bir körpə inkişaf etməyib. Onun aldırılmasından sonra anada hər hansısa bir problem yarana bilərmi? 

-Bəzən ananın sağlamlıq problemləri və ya körpənin sağlamlıq problemləri, ürək döyüntülərinin dayanması səbəbindən hamiləlik sonlandırıla bilər. 

Hamiləlik sonlandırıldıqdan sonra biz anort edirik, yəni uşaqlığın içini təmizləyirik ki, parça qalmasın. Bu proses zamanı çox aqressiv davranılsa, yalnız səth deyil, çox dərin qazıma aparılsa, və ya steril şəraitdə edilməzsə, uşaqlığın içində yapışmalar yaranar. Bu da gələcəkdə hamilə qalmaqda çətinliklərə səbəb olar.

Amma normalda bir hamiləlik sonlandırıldıqdan sonra, xüsusilə də abortdan sonra, ilk 10 həftədə yapışma və təkrar hamilə qalmaq ehtimalı mində birdən də azdır.

Bəzən isə hamiləliyin daha irəliləmiş həftələrində sonlandırılması zamanı ana çox qan itirirsə, hipofiz vəzində nekroz (toxuma ölümü) ola bilər. Hipofiz vəzisi reproduktiv hormonları buraxır. O zədələnərsə, artıq ana yalnız uşaqlıqdan deyil, hormon çatışmazlığından yumurtlamaya bilmir.

Əvvəllər bu hallara rast gəlinirdi, amma indi hər yerdə xəstəxanalar var, qan məhsulları ilə transfuziya mümkündür. Bu vəziyyət Şihan sindromu adlanır və hazırda demək olar ki, heç görülmür, çox nadirdir.

-Ən çətin doğuşları və əməliyyatları həyata keçirmisiniz. Qarşılaşdığınız ən maraqlı hadisə nə olub? 

-Elazığda, Fırat Universitetində o zaman köməkçi assistant idim. Çevrə şəhərlərdən, Bingöldən bir xəstə gəldi. Xəstəni göndərərkən zəng vurdular və dedilər ki, bir xəstə doğuş edib, doğuşdan sonra qanaxması var. “Biz əməliyyat etdik, uşaqlığı götürdük, amma ehtiyat üçün sizə göndəririk”- dedilər. Bizim xəstəxana universitet xəstəxanası olduğu üçün bizə göndərdilər. Xəstə gəldi, biz baxdıq, qarın içində yenə qan var idi.

Mən müəllimimizi çağırdım və dedim ki, belə bir xəstə gəldi, qarın içində qan var, istəsəniz yenidən əməliyyat edək, qanayan yerləri bağlayaq. Müəllimimiz dedi ki, ikinci dəfə əməliyyat edən həkim adətən qan buraxmaz, biraz gözləyək.

Amma xəstənin vəziyyəti pisləşdi, mən müəllimi yenidən çağırdım və dedim ki, xəstəni əməliyyata alaq, vəziyyəti çox pisdir. Müəllim razılaşdı, “gəlirəm, siz alın” - dedi.

Tam əməliyyat otağının qapısında, xəstəni stuldan əməliyyat masasına köçürərkən, onun nəfəsi və ürəyi dayandı. Heyət qaçaraq gəldi və dedi: “Həkim bəy, xəstənin ürəyi dayanıb, onu morqa aparım?” Mən isə dedim: “Yox, əməliyyat otağına aparın”.

Əməliyyat otağı komandası xəstəni qapıda qarşıladı, dərhal oksigen verdilər, əməliyyat etdik, bütün qanayan damarları bağladıq.

Sonra xəstəni reanimasiya şöbəsinə aldıq. Səhər xəstəni yeni gələn komandaya təhvil verəndə, oksigen maskası üzündə idi. Xəstə məni çağırdı, maskasını çıxartmaq istədi. Çıxardım və dedi: “Siz olmasaydınız, mən ölərdim".

Yəni mən orada "morqa aparın" desəydim, xəstə əslində ölmüş olacaqdı. Amma "əməliyyatxanaya göndərin" deyəndə əməliyyat heyəti də orada hazır idi. Dərhal xərəkdə müdaxilə edib oksigen verəndə xəstə geri döndü və həyata tutundu. Mən həmin anı heç unutmuram.

-Öz təcrübənizdə bu gün hamiləliklərdə ən çox qarşılaşdığınız problem nədir?

-Mən daha çox yüksək riskli hamiləliklərlə məşğul olduğum üçün ən çox qarşılaşdığım problemlər də məhz bu qrupdadır.

Bunların arasında ən çox rast gəldiklərimizdən biri təkrarlanan hamiləlik itkiləridir. Yəni ana hamilə qalır, uşaq düşür, yenidən hamilə qalır, yenə düşür. Bu qrup xəstələrlə çox qarşılaşırıq. Onlar üçün araşdırma aparırıq, məsələn, laxtalanma problemləri varsa onları tapıb müalicə edirik ki, sağlam şəkildə hamilə qala bilsinlər.

Digər bir problem “hamiləlik zəhərlənməsi” adlandırılan vəziyyətdir. Bu zaman hamilələrin təzyiqi yüksəlir, sidikdə zülal itkisi olur və s. Bu da tez-tez rast gəldiyimiz problemlərdəndir.

Bundan əlavə, hamiləlik diabeti, yəni hamiləlik zamanı yaranan şəkər xəstəliyi də çox yayılıb.

Həmçinin uşaqlıq boynu çatışmazlığı var. Bu, erkən doğum və uşaqların düşməsinin əsas səbəblərindən biridir. Belə hallarda uşaqlıq boynuna tikiş qoyuruq ki, açılıb körpə düşməsin. Bundan başqa, hamiləlik zamanı qanamalar, miomlarla bağlı problemlər, irəli yaş hamiləlikləri və çoxdöllü hamiləliklər də tez-tez qarşılaşdığımız hallardandır.

Bir də xüsusi olaraq qeyd edim ki, ana bətnində əməliyyat etdiyimiz hamilələr də olur. Yəni bəzi hallarda körpə hələ ana bətnində olarkən cərrahi müdaxilə tələb edən vəziyyətlərlə də qarşılaşırıq.

-Bəs bu problemlər nədən qaynaqlanır? Məsələn, hamiləlik diabetindən danışdınız… 

-Körpənin normal qidalanması üçün qlükoza lazımdır. Buna görə hamiləlik hormonları qan şəkərini artıracaq şəkildə təsir göstərir.

Yəni hamiləlik hormonları insulinə əks təsir edir. Bu səbəbdən, əgər anada əvvəlcədən meyillilik varsa, məsələn, insulin müqaviməti, piylənmə və s. hamiləlik hormonlarının da təsiri ilə “hamiləlik diabeti” dediyimiz vəziyyət ortaya çıxır.

Yəni əsas səbəb ananın bu vəziyyətə meyilli olması və hamiləlik hormonlarının qan şəkərini yüksəltməsidir. Hətta hamiləlik diabeti olan qadınların təxminən 20%-də sonrakı illərdə 2-ci tip diabet inkişaf edir. Yəni bu qadınların bir hissəsi sonradan şəkər xəstəsi olur.

Bir növ hamiləlik bu baxımdan test kimi də sayılır. Əgər hamiləlik zamanı diabet yaranmırsa, sonradan diabet inkişaf etmə ehtimalı daha aşağı olur, amma yaranırsa, bu risk artır.

-Bəs hamiləlik zamanı cinsi əlaqə normaldırmı?

-Hamiləlik zamanı cinsi əlaqəni məhdudlaşdırdığımız bəzi hallar var. Bunlardan biri körpənin düşmə və qanaxmanın yaranma təhlükəsinin olduğu zamandır. Bu hallarda cinsi əlaqə tövsiyə edilmir.

Digər bir vəziyyət erkən doğuş riski olduqda və ya döl sularının vaxtından əvvəl gəlməsi halıdır. Bu kimi hallarda da cinsi əlaqəni məhdudlaşdırırıq.

Amma ümumilikdə icazə verilən hallarda belə, diqqət olunmalı məqamlar var. Cinsi əlaqə zamanı sperma vaginaya daxil olduqda, onun tərkibində “prostaqlandin” adlanan maddələr olur. Bu maddələr uşaqlıq boynuna və ya vaginaya təsir etdikdə uşaqlığın yığılmasına səbəb olur. Yəni körpənin düşməsi və ya erkən doğuşla nəticələnir.

Ona görə də əgər hamiləlikdə cinsi əlaqə qadağan edilməyibsə, biz cütlüklərə ya spermanın vaginaya boşalmamasını (xaricə boşalma), ya da prezervativ istifadəsini tövsiyə edirik.

Bir də vacib məqam odur ki, hamiləlik zamanı cinsi əlaqə hamilə olmayan dövrdəki kimi sərt və ya travmatik olmamalıdır, daha yumşaq və ehtiyatlı şəkildə olmalıdır.

-Bəzən hamilələr çox qəribə şeylər istəyirlər. Məsələn, bəziləri torpaq yemək istəyir. Bu nə ilə bağlıdır?

-Torpaq yemək və ya əhəng kimi şeyləri yemək istəyi adətən qanazlığı ilə bağlı olur. Biz buna “pika” deyirik. Bu, əsasən dəmir və ya vitamin çatışmazlığının göstəricisi sayılır.

Amma hamilə qadınlarda tez-tez rast gəlinən başqa bir hal da var, məsələn, “qarpız istədim”, “alça istədim” və s. kimi. Bu tip istəklərdirsə, biz buna “aşərmə” deyirik. Bunun səbəbi isə tam bilinmir. Çox güman ki, hamiləlik hormonları ilə əlaqəlidir. Amma konkret olaraq hansı mexanizmlə bağlı olduğu tam sübut olunmayıb.

-Bəs hamilə qadın hansı dərmanları istifadə etdikdə və ya hansı bitkiləri qəbul etdikdə zərərli ola bilər?

-Bu mövzu ilə bağlı olaraq, hamiləlikdə dərmanların təhlükəsiz olub-olmadığını qiymətləndirdiyimiz xüsusi sistemlər var. Bəzi dərmanların hamiləlikdə təhlükəsiz olduğunu bilirik. Məsələn, qalxanabənzər vəzin hormonları, bəzi antibiotiklər, bəzi təzyiqsalıcı dərmanlar və bəzi epilepsiya dərmanları kimi. Bu mövzuda davamlı olaraq yeni elmi məlumatlar da yayımlanır.

Bir dərmanın təhlükəsiz sayılması üçün bir neçə şərt var:

Hamiləlik zamanı istifadə edildikdə körpənin düşməsi, erkən doğum, körpənin çəkisinin az olması kimi problemlərə səbəb olmamalıdır.

Doğuş qüsurlarının (məsələn, yarıq dodaq, yarıq damaq, ürək qüsurları və s.) riskini artırmamalıdır.

Körpə doğulduqdan sonra onun nevroloji inkişafına təsir etməməlidir.

Daha sonrakı dövrlərdə uşağın zəka səviyyəsinə (IQ), təhsilinə və ümumi inkişafına mənfi təsir göstərməməlidir.

Hətta daha da uzunmüddətli baxdıqda, immun sistemə və xərçəng riskinə təsir etməməlidir.

Bu səbəbdən hər bir dərmanla bağlı məlumatlar illərlə, bəzən onilliklərlə toplanır. Hazırda təhlükəsiz olduğu bilinən dərman qrupları var, amma “qismən təhlükəsiz” hesab olunan dərmanlar da mövcuddur.

Bu sahədə ABŞ-da fəaliyyət göstərən Food and Drug Administration (FDA) adlı qurum dərmanları hamiləlik üzrə kateqoriyalara bölür (A, B, C, X və s.). Amma bu bölgü bəzən kifayət qədər geniş məlumat vermir. Bundan əlavə, həkimlərin istifadə etdiyi, daim yenilənən xüsusi tibbi məlumat bazaları da var (məsələn, reprotoks.az kimi). Çünki yeni dərmanlar çıxdıqca onların təsiri ilə bağlı məlumatlar da yenilənir. Ona görə praktikada hər dərman ayrıca yoxlanılır.

Bitkilərə gəldikdə isə, “təbii” olması onların tam təhlükəsiz olduğu anlamına gəlmir. Bəzi bitkilər uşaqlıq yığılmalarını artıra, hormonal təsir göstərə və ya zəhərli ola bilər. Ona görə hamiləlikdə həm dərmanlar, həm də bitki mənşəli məhsullar yalnız həkim məsləhəti ilə istifadə olunmalıdır.

Qısacası, bu mövzu çox genişdir və konkret dərman və ya bitkiyə görə qiymətləndirmə aparmaq lazımdır. Ümumi qayda olaraq isə özbaşına heç nə istifadə etmək məsləhət deyil.

Bu sualla bağlı bir məqamı deyim. Radiasiya da hamiləlikdə zərərli ola bilər. Məsələn, biri düşünək ki, 4 martda menstruasiya görüb. Növbəti menstruasiya isə 4 aprel olmalıdır.

Yəni təxminən bir ay sonra. Əgər bu iki menstruasiya arasında dərman istifadəsi olubsa (bəzi dərmanlar istisna olmaqla) və ya rentgen (X-ray) kimi radiasiyaya məruz qalınıbsa, biz bu dövrə “ya hamısı, ya heç nə” prinsipi deyirik. Yəni əgər bu dövrdə təsir ciddi olubsa, hamiləlik körpənin düşməsi ilə nəticələnir. Əgər düşük baş verməyibsə, demək ki, ciddi bir təsir olmayıb. Buna “həssas pəncərə” də deyilir, yəni menstruasiya gecikməsindən əvvəlki dövr. Ona görə də qadınlara həmişə tövsiyə edirik ki, əgər menstruasiya gecikməsi varsa və ya hamiləlik ehtimalı varsa, ağciyər rentgeni etdirməzdən əvvəl və ya hər hansı dərman istifadə etməzdən əvvəl mütləq hamiləlik testi etsinlər.

-Hocam, ana bətnində körpəyə əməliyyat etmisiniz. Bu əməliyyata necə hazırlaşdınız? Çox çətin əməliyyat olmalıdır.

-Ana bətnində bir neçə növ əməliyyat var və mən də onlardan bir neçəsini icra etmişəm.

Məsələn, sidik yollarında tıxanıqlıq olan körpələrdə etdiyimiz əməliyyatlarda əvvəlcə müayinə edirik və problemin nə olduğunu tam müəyyənləşdirməyə çalışırıq. Bunun üçün ultrasəs və lazım gələrsə MRT istifadə edirik.

Problemi müəyyən etdikdən sonra qərar veririk ki, ana bətnində əməliyyat lazımdır, yoxsa yox. Əgər əməliyyat qərarı verilsə, bu zaman həmin körpə üçün uğur faizi nədir, risklər nədir- bunları qiymətləndiririk. Çünki hər müdaxilənin müəyyən riskləri var.

Bundan əlavə, bu körpədə başqa anomaliyalar varmı, xromosom pozğunluqları varmı- bunları da yoxlayırıq və əmin olduqdan sonra əməliyyata qərar veririk.

Əməliyyata hazırlıq zamanı adətən bir neçə mütəxəssis iştirak edir. Əsas əməliyyatı həyata keçirən perinatoloq olur. Ana və körpə üçün anesteziya verilir. Ana adətən regional (yerli) anesteziya alır, körpəyə isə göbək ciyəsi vasitəsilə dərmanlar verilir və hərəkətsiz qalması üçün əzələ boşaldıcı tətbiq olunur.

Bəzən yeni doğulmuş uşaqlar üzrə həkim və ya uşaq cərrahı, uşaq uroloqu kimi digər ixtisas sahibləri də komandada iştirak edir. Yəni bu, komanda şəklində aparılan bir prosesdir. Amma əsas idarə edən şəxs perinatoloq olur.

Əməliyyatdan əvvəl ana və körpə üçün bütün risklər ətraflı şəkildə müzakirə olunur. Düşük riski, sancıların başlaması, infeksiya, ananın təzyiqinin düşməsi kimi halların qarşısını almaq üçün bütün tədbirlər görülür.

Bu hazırlıqlardan sonra xəstə əməliyyat otağına alınır. Ana və körpəyə anesteziya verildikdən sonra isə əməliyyat həyata keçirilir.

-Ana bətnində anemiya diaqnozu qoyulan bir körpəyə də qan köçürməsi etmisiniz. Bəs bu proses necə həyata keçirilir? 

-Bəli, bu “qan uyğunsuzluğu” adlandırılan hallarda baş verir. Əgər ana Rh mənfi, ata isə Rh müsbətdirsə, adətən ilk körpə deyil, daha çox ikinci və sonrakı körpələr təsirlənir.

Biz bu körpələrdə anemiya (qan azlığı) olub-olmadığını körpədən qan almadan, ultrasəs doppler müayinəsi ilə təxminən 90% dəqiqliklə müəyyən edə bilirik. Bunun üçün körpənin beynində yerləşən orta beyin arteriyasına (middle cerebral artery) baxırıq və qan axınını ölçürük. Bu göstəricilər əsasında körpədə qan azlığından şübhələnirik.

Əgər körpədə anemiya varsa, bunun müalicəsi qan köçürməkdir. Körpənin qan qrupunu əvvəlcədən bilmədiyimiz üçün ilk transfuziyalarda adətən “0 Rh mənfi” qan istifadə edirik- yəni antigen daşımayan qan. Böyüklərə verilən qanın hematokriti adətən 35-40% olur. Amma körpələrə daha konsentrasiyalı qan veririk ki, az həcmdə qanla daha çox effekt əldə edilsin və ürəyə yük düşməsin. Bu səbəbdən hematokriti 70-80% olan xüsusi eritrosit süspansiyası hazırlanır. Bu prosedur zamanı anaya ümumi anesteziya verməyə ehtiyac olmur. Ultrasəs nəzarəti altında incə bir iynə ilə körpənin göbək ciyəsindəki venaya daxil oluruq. Əvvəlcə bir qədər qan götürüb laboratoriyaya göndəririk. Bu, həm körpənin qan qrupunu, həm də anemiyanın dərəcəsini dəqiqləşdirmək üçündür. Daha sonra eyni iynə vasitəsilə hazırlanan qan körpəyə verilir. Bütün proses ultrasəs nəzarəti ilə həyata keçirilir.

Bu prosedurun təxminən 2-2,5% hallarda körpəni itirmə riski var. Çünki uşaqlığa daxil olan hər iynə suyun gəlməsi və ya sancıların başlaması kimi müəyyən risklər yarada bilər. Amma ümumilikdə risk aşağıdır. Verilən qan zamanla parçalandığı üçün bu proseduru bir dəfə etmək kifayət etmir. Körpə yetkinləşənə qədər- təxminən 34-38-ci həftələrə qədər bir neçə həftə ara ilə təkrar qan köçürmələri lazım olur.

Biz də praktikamızda bu cür çox sayda prosedur həyata keçirmişik və körpələrimiz sağ qalıb, sağlam şəkildə doğulublar.

-Həkim, hamilə qadın hansı qidalarla qidalanmalıdır? Hansılarını isə rasionundan çıxarmalıdır?

-Hamilə qadınlara bəzi qidaları istifadə etməməyi tövsiyə edirik. Məsələn, okeanlarda yaşayan uzunömürlü və dibdə yaşayan balıqlar- qılınc balığı, köpək balığı, ton balığı kimi. Bu balıqlar uzun müddət yaşadıqları və dənizdəki tullantılara (civə, qurğuşun, toksik maddələr və s.) daha çox məruz qaldıqları üçün onların qəbulunu məsləhət görmürük.

Bundan əlavə, yuyulmamış tərəvəzlər də risklidir. Çünki üzərinə heyvanlar (pişik, it və s.) vasitəsilə infeksiyalar, xüsusilə toksoplazma keçə bilər.

Həmçinin çiy və ya yaxşı bişməmiş ət məhsulları da təhlükəlidir. Bu da yenə toksoplazma infeksiyası baxımından risk yaradır.

Yəni ümumilikdə hamilə qadınlara dənizin dibində yaşayan və uzunömürlü balıqlardan, yuyulmamış tərəvəzlərdən, çiy və ya yaxşı bişməmiş ət məhsullarından uzaq durmaq tövsiyə olunur.

Bunun əvəzində isə təmiz, yaxşı yuyulmuş və düzgün bişirilmiş qidalarla balanslı qidalanmaq ən doğru seçimdir.

-Tövsiyə etdiyiniz qidalar hansılardır?

-Ümumilikdə, hamilə qadının gündəlik qəbul etdiyi kalorinin təxminən 40%-i karbohidratlardan gəlməlidir. Yəni un və şəkər tərkibli qidalar tamamilə kəsilmir, sadəcə balanslı şəkildə qəbul olunur.

Qalan 40% isə proteinlərdən gəlməlidir. Bu proteinlər həm heyvani, həm də bitki mənşəli ola bilər. Qırmızı ət, toyuq, balıq, yumurta kimi qidalar heyvani proteinlər, lobya, noxud və digər paxlalılar kimi qidalar isə bitki mənşəli proteinlər sayılır.

Adətən həftədə 2-3 porsiya qırmızı ət, 2-3 porsiya isə ağ ət və ya bitki mənşəli proteinlər tövsiyyə olunur.

Qalan 20% isə yağlardan gəlməlidir. Amma burada diqqətli olmalı məqam var. Doymuş yağlar (məsələn, marqarin kimi otaq temperaturunda bərk olan yağlar) tövsiyə edilmir. Onun əvəzinə zeytun yağı, avokado yağı, qoz, fındıq, badam, yer fıstığı kimi çərəzlər, omega-3 ilə zəngin yağ mənbələri daha faydalıdır. Əgər mümkün olarsa, təbii (vəhşi) somon balığı da çox yaxşı omega-3 mənbəyidir.

Vitamin və minerallar isə əsasən tərəvəz və meyvələrdən alınmalıdır. Yəni salatlar, müxtəlif meyvələr gündəlik qidalanmada yer almalıdır.

Qidalanma rejimi olaraq isə 3 əsas yemək, 2-3 ara yemək (məsələn, meyvə və ya çərəz) tövsiyyə olunur.

Amma vacib bir məqam da var: hamiləlik “pəhriz düşərgəsi” deyil. Yəni ana namizədini çox sərt qaydalarla məhdudlaşdırmaq düzgün deyil. Xüsusi tibbi səbəb yoxdursa, əsas prinsip balansdır, ana istədiyi qidaları ölçülü şəkildə yeyə bilər.

-Çox maraqlı bir sual verəcəm. Bilmirəm, Türkiyədə də deyilir, yoxsa yox. Bizim ölkədə böyüklər deyir ki, hamilə qadın qaraciyər yesə, körpənin üzündə və ya bədənində xal olur. Yaxud bəzi qidalar yesə, körpə çox tüklü olur. Bu bir əfsanədir, yoxsa həqiqət?

-Əlbəttə ki, bu doğru deyil. Körpənin üzündə xalın yaranma səbəbləri başqa faktorlara bağlıdır.

Əksinə, hamilə qadınların qaraciyər yeməsi tövsiyə olunur. Yaxşısı qaynadılmış şəkildə yeməkdir, tam bişmiş, amma bərk kimi deyil, təhlükəsiz bişmiş olmalıdır. Əgər heyvan sağlam deyilsə, problem yarana bilər. Qaraciyərin içində çoxlu miqdarda dəmir və B6 vitamini var. Buna görə də qaraciyər hamiləlikdə faydalı sayılır və mütləq qəbul edilməlidir.

-Rəhimdəki miyomlar barədə danışaq. Onlar niyə yaranır?

-Rəhimdə ortaya çıxan miyomlar, əsasən rəhimin düz əzələsindən inkişaf edən düz əzələ törəmələridir. Amma tam olaraq düz əzələnin özündənmi, yoxsa damarların düz əzələsindənmiəmələ gəldiyi dəqiq bilinmir. Miyomların inkişafına səbəb ola bilən faktor hələ tam məlum deyil.

Bilinən əsas şey isə miyomların qadınlıq hormonlarına (estrojen) həssas olmasıdır. Onlar estrogen varlığında meydana gəlir və böyüyürlər. Estrogen səviyyəsi azaldıqda, məsələn menopauza zamanı, miyomlar kiçilir. Yəni onlar estrogenə həssas olan şişlərdir. 

Miyomların nələrə səbəb ola biləcəyinə gəldikdə isə miyomlar rəhimin divarında harada yerləşməsinə görə də təsir göstərir. 

Əgər miyomlar rəhim içi boşluğuna doğru böyüyürsə, endometriuma təsir edib hamiləliyin əmələ gəlməsinə mane ola bilər. 

Rəhim içinə təzyiq edən miyomlar düzənsiz menstruasiya, çox qanaxma və ya ləkələnmələrə səbəb ola bilər. 

Rəhimin orta və xarici qatına doğru böyüyən kiçik miyomlar adətən hamiləliklə əlaqəli ciddi problem yaratmır. Amma böyük olanlar problem yarada bilər. Rəhimin arxa tərəfinə böyüyən miyomlar bağırsağa təzyiq edə bilər. Qəbizlik, nəcisdə çətinlik, cinsi əlaqədə ağrı yaradar.

Rəhimin ön tərəfinə doğru böyüyən miyomlar isə sidik kisəsinə təzyiq edə bilər. Tez-tez sidiyə çıxma, sidik tam boşalmamış kimi hiss, sidik qaçırmaya səbəb olar.

Miyomların böyüklüyü və yerləşməsi simptomların şiddətini müəyyən edir. Bəzən kiçik miyom problem yaratmır, amma 5-6 sm və daha böyük miyomlar ciddi simptomlara səbəb olur.

Bir başqa önəmli məqam: normalda rəhim kiçik bir orqandır (8-9 sm uzunluq, 4-5 sm genişlik və dərinlik), amma böyük miyomlar rəhimi 2-6 aylıq hamiləlik ölçüsünə qədər böyüdə bilər. Bu halda rəhim və miyomların qan təchizatı artır, ürəyin qanı daha çox rəhim üzərinə yönəlir. Nəticədə qadınlarda tez yorulma, halsızlıq, nəfəs darlığı görülə bilər.

Əgər miyom qanayırsa və anemiya yaranırsa, yorğunluq, zəif yaddaş, diqqət dağınıqlığı, depresiya kimi hallar da müşahidə olunur.

Miyomları olan qadınlar əməliyyatdan sonra tez-tez deyirlər: “Sanki yenidən doğuldum, daha güclü və canlı hiss edirəm, nəfəs almağım normallaşdı, yaddaşım yaxşılaşdı, özümü daha yaxşı hiss edirəm". Bu da böyük miyomların gizli təsirlərindən irəli gəlir.

-Hocam, mensturasiyadan da söz açdıq. Bəs normal mensturasiya necə olmalıdır? Həmin an ağrı normaldırmı?

-Doğurqanlıq çağında, menopoza qədər olan dövrdə mensturasiyanın bir qaydası var. Mensturasiyanın başlanğıcından növbəti mensturasiyanın başlanğıcına qədər ortalama 28 gün olur. Ancaq ±7 gün fərqlilik də normal sayılır. Yəni 21-35 gündə bir mensturasiya görmək normaldır. Mensturasiya qanaması adətən 6-7 gün çəkir. İlk 2-3 gün daha çox qan gəlir, sonrakı günlər isə ləkə şəklində olur. Toplam qan itkisi təxminən 80 ml-dən çox olmamalıdır (bəzən 100 ml də qəbul edilə bilər).

Xeyli qadınlarda yüngül ağrılar normal sayılır. Bu, uterusun daralması ilə bağlıdır. Lakin ağrı çox şiddətli, gündəlik fəaliyyətə mane olursa, qanaxma həddindən artıqdırsa və ya mensturasiya nizamsızdırsa, bu patologiya ola bilər. Həkim buna mütləq baxmalıdır. Yüngül sancılar normaldır, amma həyat keyfiyyətini pozursa diqqət tələb edir.

-Hamilə qadın hamiləliyin neçənci ayına qədər işləyə bilər?

-Hamiləlikdə işləmə müddəti əsasən şəxsin sağlamlığına və iş şəraitinə bağlıdır. Əgər hər şey normaldırsa və hər hansı risk (erkən doğum riski, suyun gəlməsi, qanama və s.) yoxdursa, qadın doğuma qədər işləyə bilər. Türkiyədə qanuna görə, qadın 32-ci həftədən sonra istəsə, doğum izninə çıxır. Bu, evdə dincəlməsi və doğuma hazırlıq üçün nəzərdə tutulub. İşin tərzi də önəmlidir. Məsələn, ofisdə işləyən, oturaraq çalışan qadınlar daha rahat davam edə bilər. Ayaqda durmağı tələb edən, ağır fiziki işlər (məsələn, müəllimlik, fabrik işi) daha yorucu sayılır. Yəni kimin nə zaman işləməyə davam edəcəyi qadının sağlamlığı, işin fiziki tələbləri və öz hisslərinə görə dəyişir. Qısacası, ciddi tibbi problem yoxdursa, qadın özünü yaxşı hiss etdiyi müddətcə işləməyə davam edə bilər.

-Hamiləlik müddətində kişilər həyat yoldaşlarına necə davranmalıdırlar?

-Çox gözəl sualdır. Çünki hamiləlik sadəcə ana ilə bağlı vəziyyət deyil. Eyni zamanda onun həyat yoldaşı və bütün ailə ilə də əlaqəlidir. Hamiləliyin ilk aylarında qadınlarda adətən ürəkbulanma, qusma, qoxulara qarşı həssaslıq, yemək və içməkdə çətinlik, emosional dəyişikliklər, yuxusuzluq və ya yuxuya meyil kimi hallarla rastlaşılır. Bu dövrlərdə hamilə qadının həyat yoldaşının onun yanında olması çox önəmlidir. Həmişə dəstək olduğunu hiss etdirməli və qadının istəklərini mümkün qədər yerinə yetirmək üçün çalışmalıdır. Beləliklə, ilk üç ay ərzində həyat yoldaşlarına böyük məsuliyyət düşür.

İkinci üç ayda isə hamilələr üçün vəziyyət bir qədər rahatdır. Bu dövrdə yalnız psixoloji olaraq onların yanında olmaq kifayət edə bilər.

Üçüncü üç ayda isə bel ağrıları, arxası üstə yatmaqda çətinlik, yuxusuzluq və düzgün yatamama kimi problemlər meydana çıxır. İş görmə qabiliyyəti azalır. Həyat yoldaşlarının bu dövrdə də hamilə qadının yanında olması, ona dəstək verməsi vacibdir.

Hamiləlik yalnız ananın məsuliyyəti deyil, qadının idarə etməsi lazım olan vəziyyət də deyil. Mənim də müşahidələrimə görə, Türkiyədə hamilə qadınların həyat yoldaşları həmişə onların yanındadır. Birlikdə həkimə gedirlər, bütün tövsiyələri birlikdə qiymətləndirirlər. Suaları varsa, əvvəlcədən birlikdə hazırlayır, həkim qarşısında birlikdə verirlər. Həyat yoldaşlarının həm psixoloji, həm də fiziki olaraq yanlarında olması vacibdir.

-Həkim, uşağın boğazına göbək ciyəsinin dolanması halı niyə yaranır?

-Əgər göbək ciyəsinə baxmış olsanız, görərsiniz ki, körpənin göbək ciyəsi onun göbəyindən çıxaraq plasentaya uzanır. Plasenta isə uşaqlığın divarına yapışır. Körpənin bütün ehtiyacları- oksigen, enerji, vitaminlər, minerallar, qlükoza, amin turşuları ana vasitəsilə plasentaya keçir, plasentadan ciyə vasitəsilə körpəyə ötürülür. Göbək ciyəsi göbək dəliyinə qədər çatır. Körpə hərəkət edərkən bəzən göbək ciyəsi onun qoluna, ayağına, bəzən də boynuna dolanır.

Hamilələrdə təxminən %25 hallarda, yəni hər 4 hamilədən birində, boyunda ciyənin hər hansı bir zamanda dolanması müşahidə olunur. Adətən bu, hamiləlik dövründə problem yaratmır. Çox hallarda, körpə hərəkət etdikcə boynuna dolanmış ciyə də öz-özünə açılır. Tək dövrə və ya şal şəklində dolanmalar adətən asanlıqla açılır. Amma bir neçə dəfə dolanıbsa, məsələn 2-3 dəfə boynuna dolanıbsa, o zaman açılma ehtimalı azdır və körpə hərəkət etdikdə ciyə təzyiq altında qala bilər. Buna görə boyunda ciyənin bir dəfə dolanması çox ciddi qəbul edilmir və hamiləliyin idarə olunmasını dəyişdirmir. Bu, çox rast gəlinən bir haldır.

-Həkim, son sualı bir az səmimi formada verəcəm. Necə qərar verdiniz ki, ginekoloq olasınız? Bir kişinin ginekoloq olması bir az qəribə qarşılanır.

-Çox gözəl sualdır, təşəkkür edirəm. Türkiyədə ginekologiya üzrə ixtisaslaşmaq üçün çox yüksək bal toplamaq lazım idi.

Ginekoloqlar çox zaman “uşağınız oldu, gözünüz aydın” kimi xoş xəbər verirlər. Mən də həmişə insanlara belə xoş xəbər vermək istədim. Bu, birinci səbəb oldu. İkincisi, bizim ginekologiyada işin xarakteri belədir ki, işimiz aydındır. Nəsə ediləcəkdirsə mütləq edirik, sonra “keçmiş olsun” deyib evə göndəririk. Məsələn, daxili xəstəliklər həkimləri kimi “bu dərmanı istifadə et, 15 gün sonra gəl, olmadı başqa dərman verim” kimi uzun proses olmur.

Xronik xəstəlik olmadığı üçün, şəfa veriləcəksə, tez bir zamanda veririk. Buna görə də uğurlu, nəticələri yaxşı olan bir sahədir, ona görə də bu peşəni seçdim.

-Öz uşaqlarınızın doğumuna şahid olmusunuz? Yoxsa siz etmisiniz? 

-Bəli, bəli, məcbur qaldım.

-Həqiqətən?

-Bəli, mənim həyat yoldaşım əkiz hamilə idi. Doğum keysəriyyə ilə baş tutacaqdı. O, bunu mənim etməyimi istədi. Əslində, həkimlər öz yaxınlarının əməliyyatını etmirlər. Adətən bunu digər dostlarına həvalə edirlər. Mən də həyat yoldaşımın keysəriyyəsini etmək istəmirdim, uyğun olmadığını deyirdim. O zaman universitetdə oxuyurdum. Dostlarımdan birinə həvalə etmək istəyirdim. Amma o dedi ki, “yox, mən istəyirəm sən edəsən". Yaxşı, oldu, dedim. Beləliklə, həyat yoldaşımın keysəriyyə ilə doğumunu mən həyata keçirdim. O zamanlar biz ümumi anesteziya istifadə edirdik. İndi isə spinal anesteziya istifadə olunur. Əvvəl qızım doğuldu. 5-10 saniyə sonra ikinci uşağımız dünyaya gəldi. Hər ikisi eyni anda doğulduqdan sonra ağlayırdılar. O səslər mənə çox gözəl bir melodiya kimi gəlmişdi. Həyatımda eşitdiyim bəlkə də ən gözəl melodiya idi.

-Həkim, bəs ginekoloq olmaq istəyənlərə hansı tövsiyyələri verərdiniz?

-Ginekologiya çox gözəl sahədir. Birincisi, doğum prosesində işlədiyimiz üçün, pasientlərimizin çox özəl, onlar üçün çox qiymətli və dəyərli olan anında onlarla birlikdə addımlayırıq. Bu baxımdan çox xüsusi sahədir. Mən bu sahəni tövsiyyə edirəm.

Amma məsuliyyətləri də çox ağırdır. Çox diqqətli həkimlik etmək lazımdır, heç bir şeyi gözdən qaçırmamaq vacibdir.

Həmçinin ciddi səbir tələb edən peşədir. Çünki hamilələrin psixologiyası hormon dəyişiklikləri və digər faktorlar, qorxular səbəbindən çox dəyişkən ola bilər. Onların yanında duracaq, onları dəstəkləyəcək səbirə sahib olmaq lazımdır.

Ginekologiya fədakarlıq tələb edən, səhvə yol verməyən sahədir. Bunu bilərək seçmələrini tövsiyyə edirəm.