Pekin Universitetinin Stomatologiya fakültəsinin tədqiqatçıları bakteriyaları elektrik yükü vasitəsilə məhv edən yeni diş fırçası hazırlayıblar.
Sherg.az xəbər verir ki, eksperimental fırçanın tükləri əyildikdə elektrik yükü yaradan pyezolektrik materialdan hazırlanıb. Fırça dişləri təmizləyərkən həm ərpi mexaniki şəkildə aradan qaldırır, həm də yaranan elektrik yükü vasitəsilə bakteriyalara təsir göstərir. Bunun üçün batareyaya ehtiyac yoxdur.
Laboratoriya sınaqları zamanı yeni fırçanın parodontitlə əlaqəli bakteriyaların yaşama qabiliyyətini azaltdığı müəyyən edilib.
115 nəfərin iştirakı ilə üç ay davam edən klinik sınaqlar da müsbət nəticələr göstərib. Belə ki, yeni fırçadan istifadə edənlərdə diş ərpinin miqdarı təxminən 40 faiz, adi fırçadan istifadə edənlərdə isə 15 faiz azalıb. Yeni fırça diş əti iltihabının və qanamasının azalmasında da daha effektiv olub.
Tədqiqatçılar əlavə laboratoriya sınaqlarında fırçanın diş minasına zərər vermədiyini və materialın insan hüceyrələri üçün toksik təsir göstərmədiyini müəyyən ediblər.