
Kəramət ocağa yağ tökdü, aləm qarışdı: Universiteti bitirənlər “Bolt”da taksi sürür
Rəylərdən məsələnin zarafat deyil, tamamilə ciddi olduğu görünür
“Diplom var, iş yoxdur. Ali təhsil əmək bazarının tələblərini qarşılamır”
Şair Kəramət maraqlı paylaşım edib. Yazır ki, 4 il bundan qabaq tələbə adı qazananlar indi “Bolt”da taksi sürür. Şairin paylaşımı, ocağa yağ tökülməsinə adekvat olub. Yanıqlıların ard-arda yazdığı rəylərdən məsələnin zarafat deyil, tamamilə ciddi olduğu görünür. Xanımlardan birinin “Müəllim 50 yaşdan sonra harada işləyə bilər” sualına da təxminən eyni tip cavablar verilib: “Ya kafedə qabyuyan, ya da marketdə satıcı”.
Rəylərə nəzər salaq:
Eldəniz Həsənov: - Ya taksi sürürlər, ya da “OBA” marketdə satıcı işləyirlər.
Elbrus İsmayılov: - Kera, sen canın, avtobus yazıçısı olmaq yaxşıdı, yoxsa avtobus muxalifəti?
Qafar Qumbatov: - Mən ayıq sürücüyə qoşulmuşam, voobşe…
Kəramət Böyükçöl: - Hansı universitetə girirsən gir, axırda taksi sürəcəksən.
Ülviyyə Şahbazova: - Kəramət Böyükçöl, ya da OBA marketdə işləyəcəksən!
Elşən Abdullayev: - Kəramət, taksidə əppəy yoxdu, başqa nə variantın var şair?
Bəxtiyar Hüseynov: Ya da ofisiant, satıcı və ya ekspeditor. Kuryer işləyənlər də var. Bəziləri də təmir işi ilə məşğuldurlar - remont işi-molyar (rəngsaz), santexnik və s.
Nazim Aliyev: - Ya da Rusiyada tikintidə fəhlə, bazarda satıcı.
Xanmed Məmmədov: - Mən BDU-nun Tətbiqi riyaziyyat və kibernetika fakültəsinin "İqtisadi kibernetika" ixtisası üzrə bakalavr pilləsini, İqtisad Universitetinin "Maliyyə" ixtisası üzrə magistr pilləsini, ardından utanmadan Prezident Yanında Dövlət İdarəçilik Akademiyasının "Elektron idarəetmə" ixtisası üzrə ikinci dəfə magistr pilləsini bitirmişəm. Hazırda Fransada ekskavator sürürəm.
Hikmət Mirəlioğlu: - “Bolt”, “Bravo” sovet dövrünün kolxoz- sovxoz idarələridir.
Emil Süleymanov: - Taksi sürməyədə gərək bir az imkanın ola, 1200 manata vəsiqə alasan, maşın da şirkət maşını oldu, harda ki çox olan sifariş var, verirlər sənə, işlə, işlə canın çıxsın.
Günel Kərimova: - Birinin gənc nəslə bu qədər bədbin fikirlər ötürməyi yaxşı alınmır. Yaxşı yerlərdə işləyən uşaqlar çoxdur.
Kəramət Böyükçölün ipə-sapa yatmayan çıxışları ictimaiyyətə bəllidir. Amma bu dəfə şair bəlkə bilərəkdən, ya da bilməyərəkdən ciddi bir problemə toxunub. Yazılan rəylərdən də ali təhsilli gənclərin ixtisaslarına uyğun iş tapmaqda çətinlik çəkdiyi məlum olur. Rəylər olmasa da, bu, bəlli məsələdir ki, ali təhsil almaq ixtisasa uyğun, normal, yaxşı gəlirli iş tapılacağı demək deyil hələ. Bu problemi təhsil mütəxəssisləri də daim qabardır, ali təhsil müəssisələrinin əmək bazarının tələblərinə cavab vermədiyini, tələbat olmayan ixtisaslara yüksək faizlə qəbul aparıldığı, bu səbəbdən də gənclərin iş tapmaqda sonra çətinlik çəkdiyini qeyd edirlər. Hətta xatırladaq ki, Dövlət İmtahan Mərkəzinin rəhbəri Məleykə Abbaszadə çıxışlarının birində 5 ildən sonra bəzi ixtisasların ləğv olunacağını demişdi. İxtisasların ləğvi labüddürsə, niyə qəbul həyata keçirilir ki? Ali təhsilli gəncləri işsiz qoymaq üçünmü?
Təhsil məsələləri üzrə ekspert Kamran Əsədov Sherg.az-a açıqlamasında qeyd etdi ki, 5 il sonra əmək bazarında olmayacaq ixtisaslara bu gün nədən, hansı səbəbdən hələ də tələbə qəbulunun həyata keçirildiyi bilinmir:

- Əgər artıq dünya 2030-cu ilin ixtisaslarını formalaşdırırsa, biz niyə hələ də 1980-ci illərin peşələrini tədris edirik? Əgər bilirik ki bəzi ixtisaslar süni intellekt, avtomatlaşdırma, rəqəmsallaşma ilə əvəz olunacaq, niyə minlərlə gəncin həyatını bu informasiyasızlıqla riskə atırıq? Bu suallara cavab verilməlidir. Biz daim tövsiyə edirik ki, gənclərimiz gələcəyin ixtisaslarını seçməlidirlər. Süni intellekt mühəndisliyi, data analitika, kibertəhlükəsizlik, rəqəmsal pedaqogika, ağıllı kənd təsərrüfatı, bio-informatika, yaşıl enerji texnologiyaları, kodlaşdırma və hüquq texnologiyaları. Təəssüf ki, bu sahələr üzrə tədris proqramları, dərsliklər yoxdur. Amma öyrənmək olar. Azərbaycan dünyada oxuma-yazma səviyyəsinin ən yüksək olduğu ölkələrdən biridir - 99.8 faiz. Hansı ki, bu rəqəm Avropanın inkişaf etmiş ölkələrində aşağıdır. Xalqımızın ali təhsil diploma sevgisi azalmayıb. Əksinə, son illərdə “hara olur olsun, təki uşaq bir yerə daxil olsun”, prinsipi ilə hərəkət edənlər artıb. Hələ də anlamaq istəmirik ki, insan ali təhsil diplomu olmadan da qazanc əldə edə, həyatını, yaşayışını çox rahat bir şəkildə qura bilər. Əgər diplom insanın biliyinin əksi deyilsə, demək, gələcəyin təminatı deyil. Təki övladı hər hansı ali məktəbə daxil olsun deyə çalışan, əlləşib-vuruşan valideynlər övladlarını sevmədikləri ixtisaslara yönəldir, gənc o ali məktəbə yalnız diplom almaq üçün gedib-gəlir. Bir tərəfdən də ehtiyac olmayan ixtisaslar üzrə ali təhsilli kadrlar yetişdirilir. Amma Azərbaycan ali təhsil müəssisələrinin bir çoxu əmək bazarının tələblərinə cavab vermir. Çünki ali təhsil müəssisələrinə qəbul zamanı əmək bazarının tələbləri nəzərə alınmır. Hesab edirəm ki, əmək bazarı yenidən təhlil olunmalıdır. Hansı ixtisaslar üzrə kadrlara ehtiyac duyulursa, həmin ixtisas üzrə qəbul həyata keçirilməlidir. Bu gün heç bir planlaşdırmaya ehtiyac yoxdur. Ali təhsil müəssisələri dövlət orqanları, özəl sektor, digər xidmət sahələrinə kadr hazırlayır. Bütün hallarda əmək bazarının tələbləri, ixtisaslar üzrə tələb olunan bilik və bacarıqlar araşdırılmalıdır.
Ekspertin sözlərinə görə, bir tədris ilində ali təhsil müəssisələrinə qəbul olan mütəxəssislərin 4 il sonra, sadəcə, 42 faizi ixtisası üzrə fəaliyyət göstərə bilir. Bu onun göstəricisidir ki, ali təhsil müəssisələrində əmək bazarının tələbləri nəzərə alınmır. Müəllimlərin işə qəbul imtahanı zamanı pedaqoji ixtisası bitirən şəxs yüksək bal toplayır, amma o, sinfi idarə etməyi bacarmır:
- Çox təəssüf ki, hazırda Azərbaycanda orta məktəb dövründə şagirdlərdən tələb olunan və əzbərə əsaslanan 11 illik dərs sisteminin əsas məqsədi sadəcə şagirdi anlamını belə bilmədiyi, sadəcə onun üçün asan və ya haqqında müəyyən dərəcədə məlumatının olduğu ixtisas üzrə universitetə qəbul olmasına nail olmaqdır. 11 illik təhsilin ilk illərində gərəkli ilkin biliklər verilir və bir nöqtədən sonra tələbənin fokusu illər sonra olacaq 3 saatlıq bir imtahana yönəlir, sadəcə, 5 fəndən ibarət olan bir çərçivəyə salınır. Növbəti mərhələdə ali təhsil müəssisələri gəlir və burada da uzunmüddətli dövrdə qarşımıza fərqli problemlər üzə çıxır. Hazırda Azərbaycanda 40 dövlət və 12 özəl universitet var. Bəs bu universitetlər öz potensiallarından nə qədər istifadə edə bilirlər? Təhsil sistemi tələbəyə, onun bilik və bacarıqlarının hərtərəfli inkişafına xidmət etməlidir, əzbər əsaslı yox, praktik biliklərə əsaslanan və uzunmüddətli dövrdə əmək bazarının tələblərinə uyğun ixtisaslı kadrların hazırlanmasına xidmət etməlidir. Hesab edirəm ki, özəl sektorda iş imkanlarının yüksək əksəriyyətinin paytaxtda mövcud olduğunu nəzərə alsaq, ali təhsil müəssisələrinin məzunları iş imkanları üçün burada toplandığını və bu da ölkənin kiçik bir hissəsində yüksək rəqabət mühiti yaratdığını görərik. Rəqabət yaxşıdır, ancaq təhsil sisteminin əmək bazarının tələblərini nəzərə almadan kadr yetişdirməsi kəmiyyət və keyfiyyət fərqləri yaradır.
K.Əsədov qeyd etdi ki, ABŞ-də dövlət bir tələbənin orta məktəb dövründə təhsili üçün ortalama olaraq hər il 14.000 dollar, ali təhsil təhsili üçün 35.000 dollar xərclədiyi, OECD ölkələrində isə orta və ali təhsil üçün bu rəqəmlərin uyğun olaraq 10.000 və 17.000 dollar olduğu hesablanıb. İnsan çox dəyərli bir kapitaldır. Və yaşadığımız cəmiyyətin hərtərəfli inkişafı üçün bu kapitala ehtiyacımız var. Bir sıra dövlətlər ixtisaslı kadrları yuxarıda qeyd etdiyim yüksək xərcləri çəkmədən cəlb etmək üçün fərqli siyasətlərə əl atırlar. Kanada, İsveçrə buna ən yaxşı nümunələr ola bilər. Yerli kadr sayı kifayət etmədiyi üçün hər il əmək bazarının tələblərinə uyğun olaraq müəyyən say limiti daxilində fərqli sahələrdə ixtisaslaşmış kadrlar üçün öz sərhədlərini açırlar. Məşğulluq strategiyasında əsas hədəf və başlıca məqsəd də məhz bu olmalıdır ki, əmək bazarına hər il daxil olan yeni işçi qüvvəsi kütləsi iqtisadiyyatda mümkün dərəcədə maksimum səviyyədə yerləşim əldə etsin. Bizdə bu rəqəm təxminən ildə 100 min nəfər təşkil edir. Bunun üçün isə 2 amil tələb olunur: birincisi, bazara daxil olan hər işçi qüvvəsi kütləsi keyfiyyətcə özündən əvvəlkindən daha yüksək olmalı, ikincisi isə iqtisadi artım daimi xarakter daşımalıdır. Hər il 100 min işçinin müvafiq iş yerləri ilə təmin edilməsi olduqca çətin vəzifədir. Lakin sahibkarlığı fasiləsiz olaraq inkişaf etdirməklə təhsilin səviyyəsini də buna uyğun təşkil edərək, ildə 100 min nəfərdən də çox işçi qüvvəsinə tələbat yaratmaq mümkündür. Hesab edirəm ki, iqtisadiyyatın tələbi nəzərə alınmalıdır. Təhsil sistemi buna uyğun qurulmalı və təşkil edilməlidir.