Şamaxıdan Qubaya qədər soyqırım törədilib, rəqəmlər dəhşətin miqyasını üzə çıxarır
“31 Mart Azərbaycanlıların Soyqırımı Günü ölkəmizin tarixinin ən faciəli və ağrılı səhifələrindən biridir. 1918-ci ilin martında Bakı Soveti qoşunları və daşnak erməni silahlı dəstələri, “Daşnaksutyun” partiyasının 4 minlik silahlı dəstəsi tərəfindən, Bakı şəhərində və Azərbaycanın müxtəlif bölgələrində soydaşlarımıza qarşı genişmiqyaslı zorakılıq siyasəti həyata keçirdilər. Həmin dövrdə bolşevik-daşnak silahlı dəstələri qadın uşaq bilmədən, minlərlə dinc sakini amansızcasına qətlə yetiriblər”.
Bu sözləri Milli Məclisin deputatı Pərvanə Vəliyeva Sherg.az-a açıqlamasında 31 Mart – Azərbaycanlıların Soyqırımı Günü ilə bağlı öz təəssüratlarını bölüşərkən deyib:
“Erməni cəlladları azərbaycanlılarla yanaşı, minlərlə ləzgi, yəhudi, rus, avar və talış milliyyətinə mənsub insanları qılıncdan keçirərək diri-diri yandırıblar. Xüsusilə Şamaxı qəzasında onlarla kəndi yerlə-yeksan edərək, minlərlə insanın qətlinə səbəb olublar. 1990-cı illərdən etibarən tədqiqatçılar, Şamaxı hadisələri ilə bağlı bir sıra araşdırmalar aparıblar. Araşdırmalara görə erməni cinayətkarları, Şamaxı şəhərində təqribən 14-16 min, onun 40 kənd və obasında 6-8 min nəfəri qətlə yetiriblər. Bununla yanaşı, Şamaxı qəzasından 18 min nəfərdən çox insanın didərgin düşdüyü müəyyən edilib”.
Deputatın sözlərinə görə Quba bölgəsində aşkar edilmiş kütləvi məzarlıq bu hadisələrin miqyasını və qəddarlığını bir daha sübut edən mühüm tarixi faktlardan biridir:
“Quba qəzasında öldürülənlərin sayı 4000 nəfərdən artıq olub. Ermənilər Qubanın 122 kəndini dağıdaraq 2750-dən çox evi tamamilə yandırıblar. Qərbi Azərbaycanlılara qarşı törədilən kütləvi deportasiyalardan ilki də həmin dövrdə baş verib. 1917-ci ilin noyabrında Rusiyada baş verən dövlət çevrilişindən sonra Şərqi Anadolu və Qafqaz cəbhələrindən geri çəkilən rus qoşunlarının silahlarını ələ keçirən erməni dəstələri, türklərə və azərbaycanlılara qarşı genişmiqyaslı qırğınlar törətdilər. İrəvan quberniyasında azərbaycanlı əhaliyə qarşı zorakılıqların ilk mərhələsi 1918-ci ilin əvvəllərindən başlayıb. Həmin ilin mart ayınadək erməni silahlı birləşmələri, İrəvan qəzasında 32, Eçmiədzin qəzasında 85, Novo-Bəyazid qəzasında 7, Sürməli qəzasında isə 75 kəndi viran qoymuş, təxminən 135 min azərbaycanlını qətlə yetirmişdilər”.
P. Vəliyeva vurğulayıb ki, 1918-ci il aprelin 29-da isə Gümrü yaxınlığında qadın, uşaq və yaşlılardan ibarət 3 min nəfərlik azərbaycanlı köçü pusquya salınaraq tamamilə məhv edilib:
“Erməni silahlı dəstələri tərəfindən, Zəngəzur qəzasında 3257 kişi, 2276 qadın və 2196 uşaq öldürülüb. 1918-1920-ci illərdə Qarabağa edilən yürüş nəticəsində bölgənin dağlıq hissəsində, 150 kənd dağıdılmış, əhalisi isə məhv edilmişdir. Bu hadisələrə uzun illər obyektiv hüquqi-siyasi qiymət verilmədi. Yalnız Azərbaycan müstəqilliyini bərpa etdikdən sonra məsələyə dövlət səviyyəsində yanaşma formalaşdı. 1998-ci ildə Ümummilli Lider Heydər Əliyevin imzaladığı sərəncamla 31 mart tarixi “Azərbaycanlıların Soyqırımı Günü” elan edildi. Bu qərar həmin faciələrin beynəlxalq ictimaiyyətə çatdırılması istiqamətində mühüm addım kimi tarixə düşdü. Sözügedən Fərmandan sonra həmin tarixin öyrənilməsi istiqamətində mühüm işlər görülmüş, çoxlu əsərlər yazılmış və əcnəbi dillərə tərcümə edilmişdir”.
Deputatın qənaətinə əsasən, Azərbaycan Respublikası tarixi hadisələrin dünya ictimaiyyətinə çatdırılması üçün ardıcıl siyasət həyata keçirir:
“Həqiqətlərin dünya ictimaiyyətinə çatdırılması, Azərbaycan xalqının gələcək nəsillərinin milli yaddaşının qorunması və soyqırımı qurbanlarının xatirəsinin əbədiləşdirilməsi məqsədilə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev 30 dekabr 2009-cu il tarixli Sərəncamı ilə Quba şəhərində “Soyqırımı memorial kompleksi“nin yaradılmasına qərar verdi. Həmçinin ölkə başçısı, erməni-bolşevik silahlı dəstələrinin azərbaycanlılara qarşı törətdikləri bəşəri cinayətlər barədə həqiqətlərin dünya ictimaiyyətinə daha dolğun çatdırılması məqsədilə 2018-ci il yanvarın 18-də “1918-ci il azərbaycanlıların soyqırımının 100 illiyi haqqında” Sərəncam imzalayıb”.
P. Vəliyeva bildirib ki, bu günkü müstəqil və qüdrətli Azərbaycanın mövcudluğu asan başa gəlməyib:
“Xalqımız tarix boyu müxtəlif dövrlərdə soyqırımlara, əsarətə, işğala və etnik təmizləmələrə məruz qalıb. Lakin heç vaxt bu haqsızlıqlarla barışmamışıq. İşğalla barışmayan dövlətimiz, 30 ilə yaxın müddətdə daxili gücünü səfərbər edərək tarixi ədaləti bərpa etdi. Bununla belə, törədilən haqsızlıqlar heç zaman unudulmamış və unudulmasına da imkan verilməmişdir. Xalqımızın yaddaşında dərin izlər buraxan 31 Mart Azərbaycanlıların Soyqırımı Günü də gələcək nəsillər tərəfindən daim xatırlanacaq”.