Xankişiyeva Nəzrin
XIX əsrin sonu – XX əsrin əvvəlləri Azərbaycan və ümumtürk dünyası üçün taleyüklü bir dövr idi. Milli kimlik axtarışları, azadlıq ideyaları, mətbuatın maarifçi gücü və ziyalı məsuliyyəti məhz bu mərhələdə formalaşırdı. Bu mürəkkəb tarixi mərhələnin önündə gedən simalardan biri də Əli bəy Hüseynzadə idi. O, yalnız publisist və ideoloq deyil, eyni zamanda jurnalist, filosof, həkim, rəssam və mədəniyyət daşıyıcısı kimi çoxşaxəli bir şəxsiyyət idi. Hüseynzadənin fəaliyyəti təkcə dövrünün deyil, bu günün də suallarına cavab verən ideya sistemidir. Əli bəy Hüseynzadə Tiflis gimnaziyasını bitirdikdən sonra Peterburqa yollanaraq universitetdə Riyaziyyat fakültəsində təhsil alır. Bu seçim zahirən texniki sahəyə yönəlmiş kimi görünsə də, əslində onun intellektual inkişafına geniş üfüqlər açır. Peterburq imperiya mərkəzi olmaqla yanaşı, eyni zamanda azadlıq ideyalarının, siyasi mübarizələrin və tələbə hərəkatlarının mərkəzi idi. Məhz bu mühitdə Hüseynzadə çar istibdadının mahiyyətini dərindən anlayır, milli məsələlərin siyasi köklərini dərk etməyə başlayır. Rus şərqşünaslarının, xüsusilə Radlov kimi alimlərin mühazirələri, Qərb filosoflarının ideyaları və Avropa siyasi düşüncəsi onun dünya görüşünü formalaşdırır. Ziya Gökalpın da qeyd etdiyi kimi, Əli bəy panslavizm ideyasının qarşısında pantürkizmi alternativ olaraq görən nadir ziyalılardan idi. Peterburqdakı təhsilini başa vurduqdan sonra Əli bəy Osmanlı imperiyasına gedir və 1889–1895-ci illərdə İstanbul Darülfünununun Əsgəri-Tibbiyyə məktəbində oxuyur. İstanbul onun üçün sadəcə yeni bir şəhər deyil, ideoloji baxımdan yeni bir mərhələ idi. Burada türk kimliyi artıq abstrakt anlayış yox, real siyasi və mədəni məsuliyyət kimi qəbul olunurdu. Bu dövrdən etibarən Hüseynzadə “Turan” imzası ilə yazmağa başlayır. Turançılıq onun üçün sərhədləri zorla dəyişmək deyil, ortaq dil, mədəniyyət və tarixi yaddaş üzərində birləşmək ideyası idi. Yusuf Akçura onu ilk panturanistlərdən biri kimi təqdim etsə də, Əli bəy bu ideyanı heç vaxt fanatik və zorakı formada müdafiə etməmiş, daha çox intellektual və mədəni istiqamətdə inkişaf etdirmişdir. Əli bəy Hüseynzadənin fəaliyyəti yalnız publisistika ilə məhdudlaşmırdı. O, “İttihad və Tərəqqi” cəmiyyətinin formalaşmasında ideya müəlliflərindən biri olmuşdur. 1929-cu ildə “Tan” qəzetində dərc olunan məqaləsində tələbəlik illərində Übeydullah Əfəndi ilə apardığı müzakirələri xatırlayaraq bu təşkilatlanmanın necə yarandığını izah edir. Peterburq, Moskva və Kazandakı tələbə hərəkatlarının təcrübəsini Osmanlı mühitinə gətirməsi onun siyasi düşüncə baxımından nə qədər sistemli olduğunu göstərir. Təsadüfi deyil ki, sonralar Əhməd bəy Ağaoğlunun oğlu Səməd Ağaoğlu onu “pərdə arxasında qalan, amma prosesi yönləndirən şəxs” kimi xarakterizə etmişdir. 1903-cü ildə siyasi səbəblərlə Azərbaycana qayıdan Əli bəy Hüseynzadə jurnalistika tariximizdə silinməz iz buraxır. 1905-ci ildə Əhməd bəy Ağaoğlu ilə birlikdə “Həyat” qəzetinin redaktoru olur. Bu qəzet yalnız xəbər mənbəyi deyil, milli özünüdərk platforması idi. “Türklər kimdir və kimlərdən ibarətdir?” məqaləsində Hüseynzadə türk kimliyinə elmi və tarixi yanaşma təqdim edir. O, “tatar” anlayışının yanlış istifadəsini tənqid edir, türk xalqlarının dil və mədəni birliklərinə diqqət çəkir. Bu yazı türkçülük ideologiyasının konseptual əsaslarından biri kimi qiymətləndirilə bilər. Sonralar nəşr olunan “Füyuzat” jurnalı isə Əli bəyin maarifçilik fəaliyyətinin zirvəsi oldu. “Füyuzatçılar” xalqı tənqid etməklə yox, onu dünyaya açmaqla inkişaf etdirmək istəyirdilər. Hüseynzadənin dünya klassiklərindən etdiyi tərcümələr jurnalistikanın yalnız informasiya deyil, mədəni missiya daşıdığını göstərirdi. 1918-ci ildə Gəncədə olarkən yazdığı “Azərbaycanda düşündüklərim” məqaləsi Hüseynzadənin dövlətçilik baxışlarının aydın ifadəsidir. O, Bakının Azərbaycanın təbii paytaxtı olduğunu açıq şəkildə bildirir və bu mövqeyi emosional, amma arqumentli dildə əsaslandırır. Bu yazı jurnalist mövqeyinin milli məsuliyyətlə necə uzlaşmalı olduğunu göstərən nümunədir. Daha sonralar o, Türkiyədə “Türk Yurdu” cəmiyyətində fəaliyyət göstərir, Avropada keçirilən görüşlərdə Rusiya imperiyasında yaşayan türk-tatar xalqlarının hüquqlarını müdafiə edir, hətta ABŞ prezidenti Vilsona müraciət edən nümayəndə heyətində təmsil olunur. Əli bəy Hüseynzadə türkçülük, islamçılıq və qərbçiliyi bir-birinə zidd yox, tamamlayıcı ideyalar kimi qəbul edirdi. Onun üçün bu üç xətt millətin inkişafı üçün vahid sistem idi. Bu baxış onu dövrünün bir çox ziyalılarından fərqləndirirdi. Rəssamlığa olan marağı, yaratdığı tablolar, yazdığı fəlsəfi və publisistik mətnlər Hüseynzadənin daxili dünyasının nə qədər zəngin olduğunu göstərir. Müasirləri onun sakit, dərin və təsirli xarakterini tez-tez “peyğəmbəranə” təsir gücü ilə ifadə edirdilər. Əli bəy Hüseynzadə jurnalistikanı sadəcə peşə kimi deyil, milli xidmət forması kimi dərk edən şəxsiyyət idi. Onun mətbu fəaliyyəti, ideoloji baxışları və mədəni missiyası bu gün də jurnalistika tələbələri üçün ciddi nümunədir. Hüseynzadənin irsi göstərir ki, söz yalnız yazılmır – məsuliyyətlə daşınır.
Əli bəyin əl yazması
“Qafqasyada Bakı şəhərində “Həyat” qəzetəsi idarəxanəsi, Badkubə, 29 nisan 1906
Miri-millətpərvər!
Ustad və mühibbi-möhtərəmimiz müəllim Feyzi əfəndi
həzrətləri tərəfindən hədiyyə və irsal buyurulan bir qit’ə mənzumeyi-mövludiyyeyi-ruhaniyyəni böyük bir məmnuniyyətlə “Həyat”ın 92-ci nömrüsünə dərc edib sütunlarını təzyin etdik… Məzkur nömründən altı nüsxə hüzuri-alinizə göndərdim. Bu nüsxələrdən ikisi zərlə (yıldızla) basılmışdır. Bunların birisi zati-aliniz, biri də müəllimi-müşarileyh üçündür. Bir də ayrıca olaraq mənzumə ipək üzərində basılacaqdır. Bunlar dəxi hazır olduğu təqdirdə hüzurunuza bir neçə qitə göndəriləcəkdir. Bunlardan başqa, “Əbdi-qılaf və məhfəzə” ünvanlı əsəri-acizanəmdən üç ədəd hüzuri-alinizə göndəriyorum. Bunların dəxi biri Feyzi əfəndi həzrətlərinə məxsusdur. Müəllim həzrətlərinin “Qamusi-farsi”ləri xitama irib təp edilmiş isə, lütfən bildirərsiniz, mümkün isə kəndiləri zəhmət çəkib bir kaç ədəd burada satılmaq üzrə göndərsinlər… Baqi möhtərəm müəllimin və zati-alinizin əllərindən öpər və cümlənizəvə Mirzə Süleymana və Mirzə ağa Cavada və sair dost və aşnaya salam edərim, əfəndim.
Mühibbi-müxlisiniz Əli Hüseynzadə.
29 nisan 1906”