"İrana aydın mesaj verildi ki, Azərbaycan öz təhlükəsizliyini təmin etmək üçün bütün imkanlara malikdir"
İranın Azərbaycana qarşı həyata keçirdiyi hücum cəhdi regionda ciddi gərginlik yaradıb. Yaranmış vəziyyət fonunda Prezident İlham Əliyevin Təhlükəsizlik Şurasını toplayaraq səsləndirdiyi qətiyyətli mesajlar və Silahlı Qüvvələrin tam hazırlıq vəziyyətinə gətirilməsi Azərbaycanın təhlükəsizliyinin təmin olunması baxımından mühüm addım kimi qiymətləndirilir.
Rəsmi Bakının sərt mövqeyi qarşısında İranın geri çəkilməsi və hadisənin araşdırılacağı ilə bağlı açıqlamalar verməsi diqqət çəkir. Digər tərəfdən, dünyanın bir sıra liderlərinin Prezident İlham Əliyevə telefon zəngləri etməsi Azərbaycana beynəlxalq səviyyədə dəstəyin və həmrəyliyin göstəricisi kimi şərh olunur. Xüsusilə Birləşmiş Ərəb Əmirliklərinin mövqeyi və verdiyi açıq dəstək regiondakı proseslər fonunda ayrıca diqqət mərkəzindədir.
Milli Məclisin deputatı Elçin Mirzəbəyli “Sherg.az”a söyləyib ki, İran tərəfindən Azərbaycana qarşı həyata keçirildiyi iddia olunan hücum cəhdi regionda onsuz da mürəkkəb olan təhlükəsizlik mühitini daha da gərginləşdirən hadisə kimi qiymətləndirilir:
“Cənubi Qafqaz son illərdə yeni geosiyasi reallıqların formalaşdığı məkan kimi diqqət mərkəzindədir və bu reallıqların əsas xüsusiyyəti Azərbaycanın suverenliyini tam bərpa etməsi, regional təşəbbüslərdə aparıcı aktora çevrilməsi və beynəlxalq tərəfdaşlıq şəbəkəsini genişləndirməsidir. Belə bir şəraitdə rəsmi Bakıya qarşı hər hansı hərbi və ya provokativ addımın təkcə iki ölkə arasında münasibətlər çərçivəsində deyil, bütövlükdə regionun sabitliyi kontekstində qiymətləndirilməsi zərurəti ortaya çıxır”.
Parlamentari qeyd edib ki, yaranmış vəziyyət fonunda Prezident İlham Əliyev tərəfindən Təhlükəsizlik Şurasının təcili iclasının çağırılması və Silahlı Qüvvələrin tam hazırlıq vəziyyətinə gətirilməsi Azərbaycanın dövlət təhlükəsizliyi məsələlərinə yanaşmasının nə qədər prinsipial və çevik olduğunu bir daha nümayiş etdirdi:
“Dövlət başçısının verdiyi qətiyyətli mesajlar, ilk növbədə, Azərbaycanın öz suverenliyinə yönələn hər hansı təhlükəyə qarşı dərhal və adekvat reaksiya vermək qabiliyyətinə malik olduğunu göstərdi. Bu addım həm də potensial eskalasiya riskinin qarşısını alan preventiv siyasi siqnal rolunu oynadı. Çünki regionda hərbi balansın və strateji reallıqların dəyişdiyi şəraitdə Azərbaycanın operativ qərarları mümkün risklərin genişmiqyaslı qarşıdurmaya çevrilməsinin qarşısını ala bilər. Məhz bu qətiyyətli mövqenin nəticəsi olaraq İran tərəfinin geri çəkilməsi və hadisənin araşdırılacağı ilə bağlı açıqlamalar verməsi diqqət çəkən məqamlardan biridir. Bu, diplomatik və siyasi baxımdan Azərbaycanın mövqeyinin nə qədər əsaslı və prinsipial olduğunu göstərir. Rəsmi Bakının sərt reaksiyası faktiki olaraq situasiyanın daha da dərinləşməsinin qarşısını aldı və qarşı tərəfə aydın mesaj verdi ki, Azərbaycan öz təhlükəsizliyini təmin etmək üçün bütün imkanlara malikdir. Bu isə regionda güc balansının və siyasi çəkilərin artıq fərqli mərhələyə keçdiyini göstərən mühüm göstəricilərdən biridir”.
Deputat vurğulayıb ki, yaranmış gərginlik fonunda dünyanın bir sıra liderlərinin Prezident İlham Əliyevə telefon zəngləri etməsi beynəlxalq səviyyədə Azərbaycana göstərilən diqqətin və həmrəyliyin göstəricisi kimi qiymətləndirilir:
“Bu zənglər təkcə diplomatik nəzakət jesti deyil, həm də regionda baş verən proseslərin beynəlxalq təhlükəsizlik gündəliyində nə qədər mühüm yer tutduğunu nümayiş etdirir. Azərbaycanın son illərdə həyata keçirdiyi çoxvektorlu və balanslaşdırılmış xarici siyasət nəticəsində müxtəlif güc mərkəzləri ilə qurduğu tərəfdaşlıq münasibətləri bu kimi böhranlı məqamlarda öz real təsirini göstərir. Xüsusilə Birləşmiş Ərəb Əmirlikləri tərəfindən verilən açıq dəstək diqqəti cəlb edir. Körfəz regionunun aparıcı dövlətlərindən biri olan Birləşmiş Ərəb Əmirliklərinin mövqeyi yalnız siyasi bəyanat kimi deyil, həm də geosiyasi mesaj kimi qiymətləndirilə bilər. Son illərdə Azərbaycan ilə Körfəz ölkələri arasında siyasi, iqtisadi və təhlükəsizlik sahələrində əməkdaşlığın genişlənməsi fonunda bu dəstək regiondakı yeni diplomatik konfiqurasiyanın formalaşdığını göstərir. Bu, eyni zamanda Azərbaycanın Yaxın Şərq və müsəlman dünyası ilə əlaqələrinin daha dərin strateji məzmun kəsb etdiyini də ortaya qoyur”.
E.Mirzəbəylinin sözlərinə görə, İranın Azərbaycana qarşı belə bir addım atması yalnız iki dövlət arasındakı münasibətlər kontekstində deyil, həm də İslam dünyasında həmrəylik və qarşılıqlı hörmət prinsipləri baxımından ciddi suallar doğurur:
“Azərbaycan müsəlman dünyasının fəal üzvlərindən biri kimi uzun illər ərzində İslam ölkələri arasında əməkdaşlığın və qarşılıqlı dəstəyin gücləndirilməsi istiqamətində ardıcıl siyasət aparıb. Lakin molla rejiminin atdığı addımlar göstərir ki, İran rəhbərliyi bu prinsiplərə sadiq qalmaq əvəzinə, regionda gərginlik yaradan və müsəlman ölkələrini bir-birinə qarşı qoyan siyasət yürütməkdə maraqlıdır. Bu hadisə həm də onu göstərir ki, İranın teokratik hakimiyyət modelinin əsas hədəfi dini həmrəyliyi möhkəmləndirmək deyil, onu siyasi təsir alətinə çevirməkdir. Halbuki İslam həmrəyliyi ideyası qarşılıqlı hörmətə, dövlətlərin suverenliyinə və qonşuluq münasibətlərinə əsaslanmalıdır. Azərbaycana qarşı yönəlmiş təxribat isə bu prinsiplərin kobud şəkildə pozulması deməkdir. Bu baxımdan İranın davranışı təkcə ikitərəfli münasibətlərə deyil, ümumilikdə müsəlman ölkələri arasında etimad mühitinə zərbə vurur. Bu səbəbdən yaranmış vəziyyət yalnız həm də regionda dini və siyasi manipulyasiyalar üzərindən yürüdülən təhlükəli geosiyasi xəttin təzahürü kimi qiymətləndirilməlidir. Azərbaycanın qətiyyətli mövqeyi isə bir daha göstərdi ki, suverenliyinə və təhlükəsizliyinə yönəlmiş hər hansı təhdid qarşısında Bakı həm siyasi, həm də hərbi müstəvidə prinsipial mövqe sərgiləməkdə qərarlıdır. Azərbaycanın təhlükəsizlik siyasətinin əsas prinsipi suverenliyin və dövlət maraqlarının qətiyyətlə qorunmasıdır. Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən təhlükəsizlik strategiyası ölkənin həm hərbi, həm diplomatik, həm də siyasi müstəvidə öz maraqlarını müdafiə etmək imkanlarını əhəmiyyətli dərəcədə gücləndirib. Bu strategiyanın əsas xüsusiyyəti isə təkcə hərbi gücə deyil, eyni zamanda diplomatik çevikliyə və geniş beynəlxalq tərəfdaşlıq şəbəkəsinə söykənməsidir”.