“20 Yanvar” adı bir tarixdir

Nizami Cəfərov stansiyanın adının “şəhidlər” adlandırılmasına ehtiyac görmür




Bakı Dövlət Universitetinin Jurnalistika fakültəsinin professoru Nəsir Əhmədli təklif verib ki, Bakı Metropoliteninin "20 Yanvar” stansiyası "Şəhidlər” stansiyası adlandırılsın. Başqa bir istifadəçi isə rəy yazıb ki, Şəhidlər daha böyük anlayışdır və ümumidir, amma 20 Yanvar xüsusi hadisəni əks etdirir. Növbəti tikiləcək stansiyaların birinin adını "Şəhidlər” qoymaq olar.

Millət vəkili akademik Nizami Cəfərov da "20 Yanvar” adının qalmasının tərəfdarıdır. "Şəhidlər” adında bir ümumiləşmə olduğunu deyən millət vəkili deyib ki, 20 Yanvar hadisələrindən daha əvvəl də, sonra da şəhidlərimiz olub. Amma "20 Yanvar” konkret hadisənin adının əbədiləşdirilməsidir: "Məlum hadisələr zamanı şəxsən orda olmuşam və təsəvvürüm var. 

Deyim ki, bu metrostansiya tək 20 Yanvar şəhidlərini yada salmır. 20 Yanvarda həm də azadlıq hərəkatı güclənib, bütün kortəbiiliyinə baxmayaraq etiraza qalxan insanlar rus ordusuna qarşı müqavimət göstəriblər. 

Bu olay Azərbaycan tarixində xalqımızın milli azadlıq, demokratiya və müstəqil dövlət quruculuğu uğrunda mübarizənin şərəfli səhifəsidir. Ona görə də, stansiyanın adını "Şəhidlər” kimi ümumiləşdirməyə ehtiyac görmürəm. "20 Yanvar” adı kifayət qədər uğurludur. 

Ancaq şəhidlərimizin adını əbədiləşdirmək məqsədi ilə yeni açılacaq stansiyalardan birinə "Şəhidlər” stansiyası adı vermək olar. Əslində şəhidlərimizi andıran kifayət qədər yerlərimiz var və bundan sonra da bu cür obyektlər, parklar salına bilər. Yəni mütləq şəkildə "Şəhidlər” metrostansiyasının olması o qədər də vacib deyil”.

Şəymən