"31 mart soyqırımına dair əlimizdə xeyli sənədlər var" - Konfransla iş bitmir







"Cümhuriyyət bağı salınmalı, Cümhuriyyət qəhrəmanlarının heykəlləri orada ucaldılmalıdır”.

Bu barədə təklifi "Sherg.az”a açıqlamasında tarixçi-alim Dilavər Əzimli səsləndirib. 

O qeyd edib ki, Cümhuriyyətin 100 illiyi ilə əlaqədar yaradılacaq bağda Cümhuriyyət muzeyi olmalı, bütün tarixi məlumatlar, eksponatlar muzeyə yığılmalıdır:

"Bu addımlar bizim Cümhuriyyətə tam sahib çıxmağımızın sübutu olar. Həmin bağda eyni zamanda Nuru Paşanın qardaşlarının da heykəlləri olmalıdır”.

1918-ci il 31 mart soyqırımına toxunan D.Əzimli Prezident İlham Əliyevin bu istiqamətdə verdiyi sərəncamı müsbət qiymətləndirib:

"Soyqırımla bağlı əlimizdə xeyli sənədlər var. AMEA, Bakıxanov adına Tarix institutunda bununla bağlı onlarla kitablar dərc edilmiş, sənədlərdə qırğınlar haqqında məlumatlar əksini tapıb. Əlaqədar təşkilatlar ölkə başçısının soyqırımın 100 illiyi ilə bağlı sərəncamını həyata keçirməli, ciddi işləməlidir. Simpozium, konfranslar keçirməklə kifayətlənməməli, gələn qonaqlara Quba məzarlığını, soyqırımla bağlı məlumatları göstərmək lazımdır.

Soyqırımı erməninin arxasında duran güclər vasitəsilə türk-müsəlman dünyasına qarşı çevrilmiş addımdır. Bunun bir ucu Urmiyadan başlayır, Şərqi Anadoludan keçib, Kiprə qədər uzanır. Hesab edirəm ki, həmin ərazilərdəki dövlətlər birlikdə buna əncam çəkməlidir. Qırğızıstanda baş vermiş hadisələr və digər məsələlər burada əksini tapmalıdır.

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan ermənilərə arxivləri açmağı təklif etdi. Ermənilər "erməni soyqırımı”nın başdan ayağa yalan olduğunu bilirlər. Ona görə, arxivləri açmaqdan boyun qaçırdılar. Hesab edirəm ki, erməni vəhşilikləri ilə üzləşən dövlətlər bu faktları beynəlxalq tribunalara çıxartmağı bacarmalıdırlar. Türkiyə və Azərbaycan prosesin özündə getməlidir”.


Qeyd edək ki, prezident İlham Əliyev 1918-ci il azərbaycanlıların soyqırımının 100 illiyi haqqında sərəncam imzalayıb. Sərəncamda nəzərdə tutulur:

1.Azərbaycan Respublikası Prezidentinin Administrasiyası 1918-ci il azərbaycanlıların soyqırımının yüzüncü ildönümünə həsr olunmuş tədbirlər planının hazırlanıb həyata keçirilməsini təmin etsin.
2. Azərbaycan Respublikasının Milli Məclisinə soyqırımın 100 illiyi ilə bağlı xüsusi iclasın keçirilməsi tövsiyə edilsin.
3. Azərbaycan Respublikasının Nazirlər Kabineti bu Sərəncamdan irəli gələn digər məsələləri həll etsin.

Aysel Aslan