"Apteklər bu qadağaya əməl etməli olacaqlar"






"Elə dərmanlar var ki, 18 yaşına qədər şəxslərə satılmamalıdır”.

Bunu "Sherg.az”a "Dərman vasitələri haqqında” qanuna edilən dəyişikliklərdən danışarkən Təcili Tibbi Yardım Stansiyasının həkimi Şahvələd Məmmədov deyib. 

Onun sözlərinə görə, apteklər qanunda müəyyən edilmiş, 14 yaşı tamam olmayan şəxslərə dərman vasitələrinin satışı qadağasına əməl etməli olacaqlar:

"Dəfələrlə rastlaşmışıq ki, azyaşlı uşaqlara dərmanlar satılır. Bundan dolayı, dərmanlar vasitəsilə intihar, zəhərlənmə, sui-qəsd halları baş verir. Bunun qarşısını almaq məqsədilə bu qərar müsbət qiymətləndirilir”.

Qeyd edək ki, hazırda qüvvədə olan 13-cü (Əhaliyə dərman vasitələrinin buraxılması) maddəsinə əsasən, əhaliyə dərman vasitələri yalnız aptek təşkilatları tərəfindən buraxılır. Aptek təşkilatlarında "Həyati vacib və təcili hallarda istifadə edilən dərman vasitələrinin siyahısı"na daxil edilmiş dərman vasitələrinin olması məcburidir. Maddəyə yeni-13.3-1 bənd əlavə edilir. Bəndə əsasən, 14 yaşı tamam olmamış şəxslərə dərman vasitələrinin buraxılması qadağan edilir.

Aysel Aslan