Azərbaycanı dəstəkləyənlər, etiraz edənlərdən çox olacaq

“Vaxt gələcək Azərbaycan da işğal altındakı torpaqlarını terrorçulardan təmizləyəcək”
“Zeytun budağı” antiterror əməliyyatını Qarabağda tətbiq edə bilərik




Türkiyənin Suriya ilə sərhəddinə yaxın Afrindəki terror qruplaşmasını zərərsizləşdirmək məqsədilə başlatdığı "Zeytun budağı” antiterror əməliyyatı Qarabağ torpaqlarının işğaldan azad edilməsi üçün ən uyğun president yaradır. Artıq 25 ildir ki, Dağlıq Qarabağ Ermənistan silahlı qüvvələrinin və erməni separatçılarının işğalı altındadır. Və 25 ildir ki, erməni silahlıları atəşkəs rejimini hər gün pozmaqla Dağlıq Qarabağa bitişik ərazilərdə yaşayan dinc əhalinin həyatını təhlükə altında qoyur. Bu illər ərzində məhz erməni silahlılarının atdığı mərmilər, snayper güllələriylə neçə-neçə vətəndaşımız həlak olub.
Onlar arasında gənc, yaşlı, qoca da və ən dəhşətlisi - körpələr, azyaşlılar da var. Azərbaycan dövləti işğal altındakı torpaqlarını azad etməyə qadir olduğunu dəfələrlə sübut edib. Sadəcə, 2016-cı il Aprel döyüşlərini xatırlatmaq yetərlidir. Bu döyüşlərdə Azərbaycan ordusu və Azərbaycan əsgəri erməni separatçılarını yurdumuzdan qovub çıxarmağa hər an hazır və qadir olduqlarını bir daha təsdiq etdilər. Erməni silahlılarının qardaş Türkiyənin ərazi bütövlüyünü, dövlət və milli təhlükəsizliyini təhdid edən PKK-PYD-YPG terror qruplaşmalarından heç bir fərqi yoxdur. Terroristlər libaslarını dəyişə bilər. Məkrli məqsəd isə eynidir. Bu günlərdə Türkiyə Silahlı Qüvvələri Suriyada genişmiqyaslı antiterror əməliyyatlarına başlayıb. Türkiyə hökuməti vətəndaşlarını qorumaq, ölkənin təhlükəsizliyinin təmini üçün antiterror əməliyyatının qaçılmaz olduğunu aparıcı dünya dövlətlərinə də bildirdi. 

Azərbaycan da eyni addımı ata bilərmi? Türkiyənin "Zeytun budağı” antiterror əməliyyatını Qarabağda da antiterror əməliyyatının aparılması üçün tutarlı zəmin hesab etmək olarmı?

Məsələ ilə bağlı "Şərq”ə danışan Qarabağ Qaziləri İctimai Birliyinin sədri, Qarabağ müharibəsinin iştirakçısı Etimad Əsədov bildirdi ki, "Zeytun budağı” antiterror əməliyyatı Azərbaycan üçün də gözəl nümunədir:

- İşğal altındakı torpaqları azad etmək Azərbaycanın doğal haqqıdır. Dağlıq Qarabağı işğal edənlər erməni separatçıları, erməni terrorçularıdır. Dünya dövlətləri də bunun belə olduğunu çox gözəl bilir. Azərbaycanın ərazi bütövlüyünü Ermənistandan savayı bütün dövlətlər tanıyır. BMT-nin işğal edilmiş Azərbaycan torpaqlarının dərhal və qeyd-şərtsiz azad olunmasına dair 4 qətnaməsi var. Bu o deməkdir ki, beynəlxalq hüquq Azərbaycana bu haqqı verir. Ermənilər işğal altında saxladıqları ərazilərdən atəşkəsi pozur, dinc əhalinin təhlükəsizliyini təhdid edir. Dəfələrlə dinc əhali erməni güllələrinin qurbanı olub. Bütün bu baş verənlər onu göstərir ki, ermənilər öz çirkin əməllərindən əl çəkən deyil. Azərbaycan ordusunun əhalinin təhlükəsizliyini təmin etmək üçün antiterror əməliyyatı həyata keçirib torpaqlarını işğaldan azad etməsinin vacibliyi zaman-zaman səsləndirilib. Hesab edirəm ki, qardaş Türkiyənin bu günlərdə həyata keçirdiyi "Zeytun budağı”, ondan öncə isə "Fərat qalxanı” əməliyyatları bizim üçün çox gözəl nümunədir və Azərbaycan ordusu üçün də yol açır. Türkiyə bu əməliyyatı keçirməklə ABŞ kimi NATO müttəfiqini qarşısına aldı. ABŞ-ın Suriyanın şimalında terror qruplaşmasından ibarət bölgə yaratmaq istəyi aşkar idi. Çünki Amerika bölgəni nəhəng silah-sursat anbarına çevirmişdi. 5 min "tır” silah-sursat daşınmışdı bölgəyə. ABŞ PYD-YPG dəstələrini ən müasir silahlarla təmin etmişdi. Bu da Türkiyənin təhlükəsizliyini açıq-aşkar təhdid edirdi. Nəhayət, Türkiyə ikiüzlü də yox, çoxsifətli müttəfiqini "bizimləsən, deyilmisən” seçimi qarşısında qoydu və müttəfiqinin nə deyəcəyini gözləmədən hərəkətə keçdi. Bu, Türkiyənin düşünülmüş və qətiyyətli siyasət yürütdüyünü göstərir. Hesab edirəm ki, biz də eyni addımı ata bilərik. 

Və atmalıyıq. Bu məqsədlə də Dağlıq Qarabağ və işğal olunmuş ətraf bölgələrdə antiterror əməliyyatlarının aparılması zərurəti artıq danışıqlar masasına qoyulmalıdır. İllərdir fəaliyyətləri turist kimi Azərbaycana gəlib-getməkdən ibarət olan ATƏT-in Minsk Qrupu həmsədrlərinə, eləcə də ATƏT-ə üzv dövlətlərə bu belə bildirilməlidir ki, "Siz işğala son qoymaq gücündə deyilsinizsə, bu iş diplomatiya imkanları xaricindədirsə (şəxsən hesab edirəm ki, diplomatiya səyləri boş və mənasızdır E.Ə.), biz özümüz torpaqlarımızı azad edəcəyik. Buna gücümüz də var, qüdrətimiz də. İnanıram ki, Azərbaycanı dəstəkləyənlər, etiraz edənlərdən çox olacaq. Azərbaycan dövləti və onun ordusu, qəhrəman əsgərlərimiz də torpaqlarımızı işğaldan azad etməyə qadirdir. Hərbi potensialımız da buna imkan verir. Bildiyim qədər, Afrin hərəkatında türk əsgərlərinin qələbəsi naminə "Fəth” surəsi oxunub. İnanıram ki, yaxın zamanda "Fəth” surəsi bizim ordumuz, bizim əsgərlər üçün də səslənəcək, inşallah.

Ehtiyatda olan polkovnik Şair Ramaldanov "Şərq”ə açıqlamasında Türkiyə ilə Azərbaycanın fərqli situasiyalarla üzləşməsinə baxmayaraq paralellər aparmağın mümkünlüyünü bildirdi:


- Azərbaycan torpaqları işğal altındadır, Türkiyə isə işğala məruz qalmayıb. Azərbaycan torpaqlarını işğaldan azad etməyə hazırdır, cənab Prezident bunu dəfələrlə bəyan edib. Sadəcə, bu məsələ beynəlxalq qurumların öhdəsində olduğundan Azərbaycan dövləti hələ ki, münaqişənin sülh yoluyla həllini üstün tutur. Beynəlxalq qurumlar münaqişənin həllini üzərinə götürüb, lakin onların ikili standartlardan çıxış etməsi münaqişənin həllini uzadır. Hamı bilir ki, Dağlıq Qarabağ münaqişəsinin həllində əsas fiqur Rusiyadır. Rusiya istəsə, münaqişəni həll edər, buna imkanları da var. Amma bir tərəfdən görürük ki, Rusiya Ermənistana silahlar verir. Azərbaycan da Rusiyadan silah alır. Yəni, Rusiya bölgədə maraqlarını təmin etməyə çalışır. 

Türkiyə ilə Azərbaycanın düşdüyü vəziyyət arasında paralel apara biləcəyimiz məsələ isə terror qurplaşmalarına qarşı mübarizədir. Məlumdür ki, Türkiyə sərhədlərini PKK-PYD-YPG silahlı qruplaşmalarından qorumaq istəyir. Həyata keçirilən əməliyyatlarda da bu məqsəd güdülür. O da məlumdur ki, ABŞ terror qruplaşmalarına külli miqdarda silah verib. Guya ki, bu, bölgədə təhlükəsizliyi təmin etmək üçündür. Amma bəlli məsələdir ki, bu silahlar birbaşa Türkiyənin təhlükəsizliyinə qarşıdır. Türkiyə də tam doğru addım ataraq sərhəddə nəzarəti gücləndirmək, təhlükələrin qarşısını almaq məqsədilə antiterror əməliyyatları keçirmək qərarı verdi. Məqsəd terror təşkilatlarını məhv etmək, ölkənin və əhalinin təhlükəsizliyini təmin etməkdir. Eyni məqsəd Azərbaycan üçün də keçərlidir. 

Erməni silahlı birləşmələri Azərbaycan üçün, cəbhəyanı bölgələrdə, təmas xəttinə yaxın ərazilərdə yaşayan dinc əhali üçün əsl təhlükə mənbəyidir. Bunun acı nəticələrini dəfələrlə görmüşük. Bu mənada Azərbaycan da vətəndaşlarının təhlükəsizliyini təmin etmək məqsədilə antiterror əməliyyatları həyata keçirmək haqqı var. Azərbaycanın qarşısında iki məqsəd dayanır - həm əhalinin təhlükəsizliyini təmin etmək, həm də ərazilərini işğaldan azad etmək. Azərbaycan dövləti lazım olan tədbirləri görür. Həyata keçirilən tədbirlər beynəlxalq qurumların fəaliyyətini aktivləşdirməyə yönəlib. Xəbər verildiyi kimi, artıq Azərbaycan yeni silahların növbəti partiyasını alıb. Qısa zamanda onlar Azərbaycan Silahlı Qüvvələrinin sərəncamına veriləcək. İnşallah, vaxt gələcək Azərbaycan da işğal altındakı torpaqlarını terrorçulardan təmizləyəcək və azad edəcək.

Məlahət Rzayeva