" “Azərişıq” bazara tam nəzarət edir və istədiyi addımı atır” - Özbaşınalıq, yoxsa qanuni tələb






"Azərişıq” ASC bazarda yeganə inhisarçı şirkətdir. İstər dövlət müəssisəsi, istər özəl qurumlar, istərsə də adi vətəndaşlar bu şirkətdən asılıdır”.

Bunu "Sherg.az”a iqtisadçı ekspert Natiq Cəfərli deyib. 

O vurğulayıb ki, işığın kəsilməsi zamanı alternativ mənbə olmadığından istifadəçilər əlavə tədbir görə bilməz:

"Ona görə, "Azərişıq” inhisarçı mövqeyindən istifadə edərək müqavilələrdə bütün öhdəlikləri istifadəçilərin üzərinə qoyur. Bu müqavilələrin şərtlərindən irəli gələrək "Azərişıq” istənilən anda hansısa quruma və ya vətəndaşa işığın verilməsini dayandırır. Amma texniki səbəblərdən bəzən problemlər yaranır, vaxtlı-vaxtında ödənişini həyata keçirən istifadəçilərin də işıqsız qalması müşahidə edilir. Belə olduqda "Azərişıq” heç bir məsuliyyət daşımır. Əslində isə müqavilələr qarşılıqlı öhdəliklər əsasında bağlanmalıdır. Xarici ölkələrdə hansısa texniki səbəbdən ödənişini vaxtlı-vaxtında həyata keçirən istifadəçilərə işığın verilməsi dayandırıldıqda cavabdeh şirkət kompensasiya ödənilməsini həyata keçirir. Həmin istifadəçilərə qiymət, tarif güzəştləri olunur, ya da digər hansısa formalarda bu kompensasiya həyata keçirilir. Bizdə belə təcrübə yoxdur. "Azərişıq” bazara tam nəzarət edir, heç bir alternativi yoxdur və istədiyi addımı atır”.

Bəzi dövlət müəssisələrinin "Azərişığ”a olan külli miqdarda borclarına toxunan iqtisadçı bildirib ki, borclar vaxtında ödənməlidir:

"Həmin müəssisələr dövlət tərəfindən maliyyələşir və bu borcları cibindən ödəmirlər. Hər hansı dövlət qurumu səhlənkarlıq edib, ödənişi gecikdirirsə, "Azərişığ”ın qarşılıqlı addımlar atması normaldır. Amma dediyim kimi, müqavilələrə yenidən baxılmalı, bu şirkətində istifadəçilər qarşısında müvafiq öhdəlikləri olmalıdır”.

Qeyd edək ki, bu gün Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) əsas binasına elektrik enerjisinin verilişi dayandırılıb. Binanın elektrik enerjisinin kəsilməsinə səbəb kimi AMEA-nın "Azərişıq” ASC-yə 22 965 manat borcunun olması göstərilir. "Azərişıq” ASC-nin Mətbuat Xidmətinin rəhbəri Tanrıverdi Mustafayevin məlumatına görə, artıq yaranmış borc tam ödənilib və AMEA-ya elektrik enerjisinin verilməsi bərpa edilib.

Aysel Aslan