"Baytarlıq idarəsi at, it və eşşək əti satanlardan rüşvət alıb, göz yumur"

Eyyub Hüseynov:"Kənd Təsərrüfatı Nazirliyi də düzgün yoxlama həyata keçirmir, nəzarət edə bilmir"





"Mənşəyi məlum olmayan, murdar ətin yayılmasının qarşısını almaq üçün qanunlar sərtləşdirilməlidir”.

Bunu "Sherg.az”a Ağsu rayonunda mənşəyi məlum olmayan, qida üçün yararsız olan bir ton ətin müsadirə edilməsindən danışarkən Azad İstehlakçılar Birliyinin sədri Eyyub Hüseynov söyləyib. 

O bildirib ki, Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla mübarizə idarəsi mənşəyi məlum olmayan ətlərlə bağlı ciddi tədbirlər həyata keçirir:

"Kənd təsərrüfatı nazirinin idarə rəisi bir müddət əvvəl məlumat yaydı ki, it, at, eşşək əti də satmaq olar. Bir şərtlə ki, üzərində nə əti olduğu yazılsın, istehlakçı aldadılmasın. Bu, normal hal deyil. Baytarlıq idarəsi at, it və eşşək əti satan mağazalardan 200-300 rüşvət alıb, onların "fəaliyyət"inə göz yumurlar. Amma Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla mübarizə idarəsi onlardan fərqli olaraq belə hal aşkarlayarsa, ekspertizaya verir, cinayət işi qaldırır, bütün hüquqi proseduraları yerinə yetirir. Kənd Təsərrüfatı Nazirliyi də düzgün yoxlama həyata keçirmir, nəzarət edə bilmir. Bütün bunları nəzərə aldıqda görürük ki, aidiyyəti qurumlar arasında da fikir ayrılığı var. Nəticədə mənşəyi məlum olmayan, it, at, eşşək ətinin satışı ilə məşğul olanların əl-qolu açılır.

Qidanın təhlükəsizliyinə dair qanun qəbul olunmalıdır. Ölkə başçısı ötən il Qida Təhlükəsizliyi Agentliyinin (QTA) yaradılması məsələsini qaldırdı. Bu ilin yanvar ayında agentlik yaradılıb. Amma bu qurum Azad İstehlakçılar Birliyi (AİB) ilə heç bir əlaqəyə girmir. Agentlik şəffaf fəaliyyət göstərsə, rüşvətdən uzaq olsa, ölkə başçısının tapşırıqlarını yerinə yetirməklə problemləri həll edə bilər”.

Aysel Aslan