Çox yüngül, şou xarakterli hərəkətdir

Cərrahın öz-özünü əməliyyat edib, videosunu yayması biabırçılıqdır
“Bu cür hərəkətlər kliyent bazasına hesablanır. Diqqət cəlb etmək, pasiyent toplamaq məqsədlidir”



Estetik cərrah Mübariz Məmmədli özünü əməliyyat etdiyi əks olunan videonu instaqram səhifəsində paylaşıb. Cərrah paylaşdığı video ilə bağlı şərh yazıb bildirir ki, liposaksiya əməliyyatı edib: "Nigaran qalmayın, əməliyyat bitdi. Uzun müddət kompleks yaşadığım ginekomastiyadan (kişilərdə süd vəzinin patalogiyası, yağ toxumalarının hipertrofiyası nəticəsində süd vəzinin böyüməsi - red.) azad olundum. Svetlana doktora təşəkkür. Əməliyyatın bir hissəsini özüm özümə etdim”. Qeyd edilir ki, cərrahın bu paylaşımını sosial şəbəkələrdə minlərlə izləyici təqib edib. Xeyli də şərhlər yazılıb.

Liposaksiya əməliyyatlarının aparılmasına son illərdə Azərbaycanda tez-tez rast gəlinir. İlk baxışda yüngül, asan görünən bu əməliyyatdan hətta həyatını itirənlər də olub. Gənc model Leyla Oruclu ötən ilin iyun ayında məhz liposaksiya əməliyyatı zamanı həyatını itirdi.
Cərrah M.Məmmədlinin artıq yağlardan azad olması əməliyyatını əks etdirən video-paylaşımının da məhz liposaksiyaya marağın artırılmasına, gözəl bədən quruluşu arzulayanların diqqətini cəlb etməyə yönəldiyini hesab edənlər də var.

Cərrahın keçirdiyi əməliyyatı video-lentə alıb sosial şəbəkədə paylaşması nə dərəcədə doğrudur və həkim etikasına sığırmı?

Azərbaycan Dövlət Tibb Universitetinin professoru Adil Qeybulla "Şərq”ə açıqlamasında cərrahın özü-özünü əməliyyat etməsinə, üstəlik də videoçəkiliş aparıb sosial şəbəkələrdə yerləşdirməsinə yaxşı baxmadığını dedi:

- Bu, demonstrativ hərəkətdir və korporativ maraqlara xidmət edir. Şou və reklam xarakterlidir. Mən belə hərəkətləri qəti surətdə qəbul etmirəm. Bu cür hərəkətlər kliyent bazasına hesablanır. Diqqət cəlb etmək, pasiyent toplamaq məqsədlidir. Başqa cərrahlar olduğu halda, niyə özünü əməliyyat etməlidir ki?! Başqalarına inamı azdır, nədir?.. Mən bunu ancaq korporativ maraq kimi dəyərləndirirəm.

A.Qeybulla bildirdi ki, özünü əməliyyat etmək üçün həkimin ciddi səbəbləri olmalıdır:

- Həkimlik təcrübəmdə belə hallarla, nadir olsa da, rastlaşmışam. Məsələn, həkimin kor bağırsağında problem yaranıb, təcili əməliyyat tələb olunub, səhra şəraitində məcburiyyət qarşısında özünü əməliyyat edib. Yəni, cərrah həyati təhlükə ilə üzləşdikdə və həmin anda onu əməliyyat edəcək cərrah olmadıqda, bu vasitəyə əl ata bilər. 

Yoxsa ki, artıq yağlardan azad olmaq üçün öz üzərində əməliyyat aparasan, bunu da videoya çəkib instaqramda paylaşasan, bu, yüngül, şou xarakterli hərəkətdir. Ümumiyyətlə, bizdə səhiyyə sahəsi ilə bağlı reklam bazarı bərbad gündədir. Televiziyalarda səhərdən-axşamadək dərmanlar, klinikalar, həkimlər reklam edilir. 

Həm də hansısa həkim barəsində "1 nömrəli” ibarəsi işlədilir. Elə reklam olunur ki, sanki dünyada bundan bilikli, təcrübəli həkim yoxdur. Siz xarici ölkə telekanallarında heç vaxt belə reklamları görə bilməzsiniz. Xarici ölkələrdə dərman preparatları televiziyalarda reklam olunmur. Bizdə isə bu sahədə tam özbaşınalıqdır.

 Bu da "Reklam haqqında” qanundakı boşluqlara görədir. Almaniyada, İngiltərədə bir nəfər də aptekdən reseptsiz dərman ala bilməz. Reseptsiz satılan yalnız ağrıkəsicilər və "Parasitomol”dur ki, onları hətta marketdə satırlar. Adını çəkdiyim dərmanlar xaric digər dərman preparatlarının reseptsiz satılması qadağandır. Çünki xəstə özünə dərman təyin edə bilməz. Dərman təyin edən həkimdir. O şey ki, reklam olunur, deməli, orada nəsə problem var. Mənim qəti fikrim budur.

Təcili Tibbi Yardım Stansiyasının həkimi Şahvələd Məmmədov da cərrahın öz üzərində əməliyyat aparıb videolentə almasını və paylaşmasını düzgün addım hesab etmir. "Şərq”ə açıqlamasında Ş.Məmmədov cərrahın bu hərəkətinə anlam verə bilmədiyini qeyd etdi:

- Görüntümü deyim, reklammı deyim, doğrusu, cərrahın bu hərəkətini heç cür başa düşə bilmirəm. Bu, görünməmiş bir şeydir. Həkimlik təcrübəmdə cərrahın öz üzərində əməliyyat aparması halı ilə heç rastlaşmamışam. Ümumiyyətlə, bu, tibbi nöqteyi-nəzərdən düzgün deyil. O cərrahın hərəkəti heç bir qanuna, heç bir etik çərçivəyə də uyğun deyil. Hətta mənə o əməliyyatın özü də şübhəli görünür. Əməliyyat o şəraitdə həyata keçirilə bilməz. Üzərində əməliyyat aparılan adam monitor altında olmalıdır. Əməliyyat otağının, əməliyyat prosesinin ciddi qaydaları, riayət edilməli həssas nöqtələri var. Doğrusu, videoda göründüyü şəkildə əməliyyat aparılması tibb qaydalarına da ziddir.

Məlahət Rzayeva