“Əgər o, prosesdə iştirak etmirsə, şübhəsiz ki, qəbul edilən qərarlar natamam olacaq”
Azərbaycan Respublikasının Prezidenti yanında Apelyasiya Şurasının sədri Eldar Nuriyevin sözlərinə görə, Şuraya göndərilən şikayətlər, baxılan işlərin təhlili göstərir ki, sahibkarların hüquqlarının pozulması halları 2017-ci ildə xeyli azalsa da, hələ də tam aradan qaldırılmayıb.
E.Nuriyev qeyd edib ki, bəzən mərkəzi və yerli icra hakimiyyətləri, onların Apelyasiya şuraları müraciətlərə baxarkən sahibkarların özlərini dinləmədən, şikayətin bütün hallarını tam, hərtərəfli araşdırmadan, toplanmış sənədlərə düzgün hüquqi qiymət vermədən əsassız qərarlar qəbul edirlər: "Sahibkarların müraciətlərinin həllinə belə münasibət son nəticədə iqtisadi inkişafa mənfi təsir göstərir, qanun pozuntularına, haqlı narazılıqlara gətirib çıxarır, şikayətlərin sayının artması, əlavə iş yükünün yaranması ilə nəticələnir. İş adamlarının şikayətləri düzgün araşdırılmadığına görə hesabat ilində mərkəzi və yerli icra hakimiyyətlərinin Apelyasiya şuralarının doqquz qərarı ləğv edilib, bir halda Şuranın hərəkətsizliyi qanunsuz sayılıb. Qeyd edilən hallara qarşı mübarizənin gücləndirilməsi, qanun pozuntularının, nöqsan və çatışmazlıqların aradan qaldırılması, profilaktik tədbirlərin tətbiqi dairəsinin genişləndirilməsi, şikayətlərin vaxtında və hərtərəfli araşdırılması, sahibkarların haqlı tələblərinin təmin olunması məqsədilə bütün mərkəzi və yerli icra hakimiyyətlərinin Apelyasiya şuralarına zəruri tapşırıqlar verilib”.
Konstitusiya Araşdırmaları Fondunun prezidenti, hüquqşünas Əliməmməd Nuriyev”Şərq”ə bildirib ki, Apelyasiya şurasına sahibkar şikayət edibsə, şikayətçinin mürciətinə mütləq onun iştirakı ilə baxılmalıdır. Çünki tərəflərin dinlənilməsi prosesi əsasdır: "Apelyasiya Şuraları haqqında əsasnaməyə görə, tərəflər mütləq dinlənilməlidir. Şikayətçi prosesdə iştirak etmirsə, şübhəsiz ki, qəbul edilən qərarlar natamam olacaq. Ona görə də Eldar müəllim bu proseslərə əməl etməyin vacibliyini xüsusi olaraq vurğulayıb.
Əslində sahibkarın iştirakı olmadan şikayətlərə baxılması yuxarı apelyasiya şurası tərəfindən həmin qərarın ləğvinə də gətirib çıxara bilir. Son illərdə sahibkarlar tərəfindən verilən şikayətlərə baxılmasına diqqət xeyli artıb. Xüsusilə məhkəməyə qədər apelyasiya şurasının yaradılması bu proseslərin daha da sürətlənməsinə gətirib çıxarıb.
Apelyasiya Şurasına 73 şikayət daxil olub, həmin şikayətlərin 48 faizi təmin olunub, 27 şikayət isə rədd edilib. Söhbət yuxarı Apelyasiya şurasından gedir. Ümumiyyətlə isə Apelyasiya Şuralarının hesabat göstəricilərində müsbət dinamika müşahidə olunur. Şübhəsiz ki, bu institutun təkmilləşdirilməsinə də ehtiyac var. Çox zaman sahibkarın şikayətinə onu dinləmədən baxılır və hesab edirəm ki, bu halların qarşısını almaq lazımdır”.
Yeganə Bayramova