Elçin Şıxlı:"Həmin ölkələrdəki səfirliklərimiz də buna diqqət etməli, o anım yerlərinə turlar, ekskursiyalar təşkil etməlidir. Cümhuriyyət qurucularının ruhlarını bir də incitmək lazım deyil”
"Əlamətdar tarixi hadisələrin, təqvimdən təqvimə, yubileydən yubileyə xatırlanmağının tərəfdarı deyiləm”.
Bu barədə "Sherg.az”a Azərbaycan Xalq Cümhuriyyətinin (AXC) 100 illiyinin qeyd edilməsindən danışarkən tanınmış jurnalist, "Ayna- Zerkalo” qəzetlərinin baş redaktoru Elçin Şıxlı bildirib.
O qeyd edib ki, Cümhuriyyətin 100 illiyinin qeyd edilməsi, silsilə tədbirlər həyata keçirilməsi, 2018-in "Azərbaycan Cümhuriyyəti ili” elan edilməsi müsbət addımlardır:
"Sadəcə unutmamalıyıq ki, 100 illik keçiriləndən sonra, 101-ci ildə tədbirlər zəifləməməlidir. Daima Cümhuriyyətin tariximiz üçün nə demək olduğunu bilməli, övladlarımıza öyrətməliyik. Hökumətin təbii ki, tədbirlər silsiləsi var və müvafiq qurumlar da bu məsələdə fəallıq göstərəcək. Ən böyük təklifim o olardı ki, həqiqətləri və şanlı tariximizi heç vaxt unutmayaq.
Konkret məsələlərə gəlincə, tanınmış jurnalist Arif Əliyevin "Yalama” adlı yazısını xatırlatmaq istəyirəm. "Yalama” stansiyasında Cümhuriyyətimizi məhv etməyə gələn Qızıl Ordunun 30 minlik qoşununun qarşısında 320 gənc Azərbaycan əsgərinin ölümün üzünə durması faktı var. Bunla bağlı ssenari də hazırdır və sənədli film çəkmək olar. İstərdim ki, şəhidlərimizin ruhuna həmin döyüş olan yerdə heç olmasa, bir abidə ucaldılsın”.
E.Şıxlı uzun müddətdir müzakirə olunan Cümhuriyyət qurucularının xarici ölkələrdəki məzarlarının Azərbaycana gətirilməsi məsələsinə də toxunub:
"Bir nümunə çəkim. Ermənilər "qəhrəman” elan etdikləri, qatil Andranikin məzarını Fransadan Ermənistana gətirmirlər. Əksinə, onlar avropalıları Parisdəki məzara aparıb, "qəhrəman” kimi təqdim edirlər. Biz də xaricdə yerləşən Cümhuriyyət qurucularımızın məzarlarını anım yerinə çevirməliyik. Həmin ölkələrə səyahət edəndə, mütləq o məzarlara baş çəkməli, orada yaşayan vətəndaşlara tariximizi göstərməliyik. Həmin ölkələrdəki səfirliklərimiz də buna diqqət etməli, o anım yerlərinə turlar, ekskursiyalar təşkil etməlidir. Cümhuriyyət qurucularının ruhlarını bir də incitmək lazım deyil”.
Aysel Aslan