"Davos forumu Azərbaycan üçün tribuna rolunu oynayır"

Vüqar Bayramov: "Nəticə etibarı ilə Davos forumu Azərbaycanın yeni tərəfdaşlar qazanmasına, iştirak edən tərəflərin ölkəmizlə əlaqələr qurmasına gətirib çıxarır”
"Davos yeganə forumdur ki, aparıcı dövlətlərin və yüksək şirkətlərin liderlərini, ekspert və medianı bir araya gətirir”.
Bunu "Sherg.az”a bu gün İsveçrənin Davos şəhərində başlayan Dünya İqtisadi forumu haqqında danışarkən iqtisadçı -ekspert Vüqar Bayramov deyib. 
O diqqətə çatdırıb ki, Davos dünyanın ən ciddi forumu kimi qiymətləndirilir:
"Davosda qəbul edilən qərarlar bəzən dünyada iqtisadi siyasətə təsir edir. Davosda səsləndirilən proqnozlar belə müxtəlif ölkələrin iqtisadi siyasətlərində nəzərə alınır. Davos forumu Azərbaycan üçün bir tribuna rolunu oynayır. Forum vasitəsilə dövlət rəsmiləri fərqli ölkələrin aparıcı mütəxəssisləri, rəsmi şəxsləri ilə müzakirələr aparmaq imkanı qazanır. Postneft dövründə xarici investisiyalara tələbat yüksək olduğundan bütün bunlar xarici şirkətlərin Azərbaycana investisiya qoyması üçün əlverişlidir.
Davosun Cənubi Qafqaz və Orta Asiyanı əhatə edən regional forumu ilk dəfə Bakıda keçirildi. Bu forum təşkilatçılarının Azərbaycana verdiyi önəmin nümunəsi idi.
Azərbaycan Cənubi Qafqazda iqtisadi baxımdan aparıcı ölkədir, regional layihələrə əhəmiyyət verir. Ona görə, Davos üçün Azərbaycan mühüm tərəfdaşdır. Nəticə etibarı ilə Davos forumu Azərbaycanın yeni tərəfdaşlar qazanmasına, iştirak edən tərəflərin ölkəmizlə əlaqələr qurmasına gətirib çıxarır”.
Qeyd edək ki, 48-ci dəfə keçirilən ənənəvi Davos forumu bu dəfə "Parçalanmış dünyada birgə gələcəyin yaradılması" adı altında baş tutacaq. Azərbaycan prezidenti İlham Əliyev foruma qatılacaq. Onun "Strateji perspektivlər: Avrasiya” panelindəki müzakirələrdə çıxışı nəzərdə tutulub. Davos Forumu yanvarın 26-na kimi davam edəcək.
Aysel Aslan