“Gömrük Komitəsinin əməkdaşı sərhəddə “Ərəbzəngi” kimi dayanıb insanların çantasındakıları saymalı deyil”
“Nəinki limiti 1 bloka salmaq, əksinə, 10 bloka qaldırmaq lazımdır. Bu, ölkədə həmin məhsulun bolluğunu yarada bilər, monopoliyanın qarşısını alar və vətəndaşların xərcini azaldar”
Dövlət Gömrük Komitəsinin sədri Aydın Əliyev ötən il 6 milyon qutudan çox siqaretin qaçaqmalçılıq yolu ilə ölkəyə keçirilməsinin əngəlləndiyini deyib. A.Əliyevin sözlərinə görə, Nazirlər Kabinetinin kommersiya məqsədi daşımayan malların gətirilməsi ilə bağlı 305 saylı qərarında bildirilib ki, hər bir insan sərhədi keçərkən özü ilə 3 blok siqaret gətirə bilər. Burada heç bir vaxt məhdudiyyəti qoyulmurdu. Sonradan biz hökumətə yazdıq, bildirdik, bu qərarın "ayda 1 dəfə”yə azaldılmasına nail olduq. Ancaq burada da yaş məhdudiyyəti yoxdur, yalnız şəxsi istifadə üçün yazılıb.
Komitə sədri deyib ki, insanlar xaricdən ən çox siqaret gətirməyə çalışır: "Gömrüklə bağlı şikayətlərin 99 faizi siqaretlə bağlıdır ki, əlimdən siqareti aldılar. Rayonlarda işbazlar var ki, kənd-kənd gəzirlər, insanları yığıb aparırlar, sərhədi o tərəfə keçirlər, əllərində siqaretlə geri qayıdırlar. Biz təkcə əldə deyil, avtomobillərdə də qanunsuz keçirilən siqaretləri müsadirə edirik. Çalışırıq izləyək və əməliyyat aparaq. Onları harada cəmləşdirdiklərini öyrənib müsadirə edir, dövriyyədən çıxarırıq”.
DGK sədrinin sözlərinə görə, gömrükdən siqaret limiti 1 bloka endirilə bilər: "Nazirlər Kabinetinin qərarına əsasən indiyə qədər hər bir insan ölkəyə ayda bir dəfə 3 blok siqaret keçirə bilərdi. Bununla bağlı qanunvericiliyə dəyişiklik edilməsi ilə bağlı hökumətə müraciət ediləcək və bu limitin 1 bloka endirilməsi təklif ediləcək”.
İqtisadçı-ekspert Elçin Bayramlı isə "Şərq”ə açıqlamasında Gömrük Komitəsinin siqaretə qarşı bu cür həssas olmasının anlaşılmaz olduğunu deyib:
"Siqaret strateji məhsuldur ki, ona belə yanaşırlar? Camaat özü üçün çəkməyə siqaret gətirir, tutub əlindən alırlar, nə pulunu verirlər, nə də geri qayıdıb qaytara bilir. Beləcə vətəndaşın pulu batır. GK yaxşı olar ki, bunun səbəblərini axtarsın. Niyə vətəndaşlarımız xaricdən siqaret gətirir? Necə olur ki, qonşu ölkələrin istisnasız olaraq hamısında siqaret bizdən ucuzdur? 3 blok nədir ki, elə adam var onu bir həftəyə çəkir. 4 blok gətirəndə nə olacaq? Tərəziyə qoysan, 1 kq eləmir. Yəni bir kq tütün məhsulundan artıq gətirməyə niyə maneçilik qoyulur?”.
E.Bayramlının sözlərinə görə, Gömrük Komitəsinin sədrinin təklifi qəbulolunan deyil:
"Nəinki limiti 1 bloka salmaq, əksinə, 10 bloka qaldırmaq lazımdır. Bu, ölkədə həmin məhsulun bolluğunu yarada bilər, monopoliyanın qarşısını alar və vətəndaşların xərcini azaldar. GK sərhəddə "Ərəbzəngi” kimi dayanıb vətəndaşın çantasındakı ərzağı saymalı deyil, çalışmalıdı ki, qanunsuz, qadağan olunmuş mallar gətirilməsin, narkotik, silah, kəşfiyyat cihazları, təhlükəli maddələr və s.
Strateji məhsulların bəzilərinə aşağı limit qoymaq olar, hətta yüksək gömrük rüsumu da. Yalnız o məhsullara ki, ölkəmiz onunla özünü tam təmin edə bilir. Digər məhsulların gətirilməsi, əksinə, təşviq edilməlidir. Gürcüstanda belə edirlər deyə ölkədə bolluq və ucuzluqdur. İrandada, Rusiyadada və s. Niyə bizim vətəndaşlar o ölkələrdən özünə gündəlik tələbat malları daşımalıdır, amma onlar bizdən demək olar ki, heç nə aparmırlar. Bunun səbəblərini tapıb aradan qaldırmaq lazımdır”.
Protektionist siyasətin tərəfdarı olmadığını deyən iqtisadçı hesab edir ki, bu, bir sıra gündəlik tələbat mallarının gətirilməsinə şamil edilməməlidir:
"Bunu etməklə yerli istehsalı stimullaşdırmaq məsələsinin başqa tərəfləri də var. Xaricdən məhsul az gələndə yerli istehsalçılar bahalıq yaradır. Misal üçün, "Azərsüd” südün qiymətini 3 manata qaldırıb ki, bu, dünya üzrə ən baha qiymətdir. Eləcə də siqaret bizdə həddən artıq bahadır. Nə vaxt yerli istehsal tələbatı tam ödəyər və vicdanlı qiymət siyasəti yeridər, onda idxalda məhdudiyyətləri artırmaq olar. Əks halda ölkədə bahalıq və qeyri-rəqabət mühiti formalaşa bilər ki, bu da həmfövlətin, həm əhalinin zərərinədir”.
Şəymən