"Kirovun heykəlinin yerində "Soyqırım muzeyi" yaradılmalıdır" - Təklif





"31 mart soyqırımının 100 illiyi ilə əlaqədar "Soyqırım muzeyi" yaradılmalıdır”.

Bu barədə "Sherg.az”a millət vəkili Elman Məmmədov bildirib. 

Onun fikrincə, muzeyin yaradılması vacib addımdır:

"90-cı illərin sonunda bununla bağlı təkliflərimi səsləndirmişəm. Həm muzey, həm də abidə Şəhidlər Xiyabanının yaxınlığında, Azərbaycana düşmən kəsilmiş şəxslərdən biri olan Kirovun heykəlinin yerində yaradıla bilər. Çünki bu kompleks şəklində - Şəhidlər Xiyabanı, Şəhidlər abidəsi, Soyqırımı abidəsi, Soyqırımı muzeyi və Türk şəhidliyi olarsa, ziyarətə gələnlərin diqqətini çəkəcəkdir. Şəhidlər Xiyabanını ziyarətə gələnlər, istər-istəməz digər vacib abidələrə, muzeyə də baş çəkəcək.

Ötən il də Milli Məclisdə bununla bağlı çıxış etdim. Milli Məclisin sədri Oqtay Əsədov məsələnin gündəmdə olduğunu, baş tuta biləcəyini vurğuladı. Hesab edirəm ki, ölkə başçısının da bu məsələ diqqətindədir. Qubada soyqırım məzarlığı, abidəsi, Xocalı soyqırımı ilə bağlı Xocalı abidəsi və s. qurulub. Amma vahid soyqırımı abidəsi və vahid Soyqırımı muzeyi çox vacibdir”.

Aysel Aslan