Ölkəmiz üçün əsas ixrac potensialının bazarı Rusiyadır

Zərərli maddələr aşkar olunarsa, birmənalı şəkildə ilk növbədə ixrac potensialına zərər dəymiş olacaq



Rusiya Federasiyasının Baytarlıq və Fitosanitar Nəzarəti üzrə Federal Xidməti Azərbaycandan Rusiyaya aparılan 15,5 ton pomidoru ölkəyə buraxmadığı baradə məlumat yayıb. Laboratoriyanın rəyinə əsasən, Azərbaycandan gətirilən məhsulda zərərli güvə aşkar edildiyinə görə məhsulun geri qaytarılması barədə qərar qəbul edilib.

Son zamanlar Azərbaycanda istixana təsərrüfatı kütləvi şəkildə artaraq inkişaf edib. Bu məsulların təyinatı əsasən, ixrac potensialına yönəlib. Əsas ixrac potensialının bazarı isə Rusiyadır. Əgər fitosanitar nöqteyi-nəzərdən zərərli bakteriya və ya zərərli maddə aşkar olunarsa, məhsulun idxalına qadağa qoyulacaq. Belə olduğu halda sahibkarlara külli miqdarda ziyan dəyəcək.

İqtisadçı Fuad İbrahimov "Şərq”ə bildirib ki, Rusiya və Türkiyə arasında yaranmış münaqişə nəticəsində o qəbildən olan məhsulların ixracına məhdudiyyətlər qoyulduğu üçün Azərbaycan sahibkarları daha da aktivləşərək, həmin boşluqları tutmağa başladılar və bunu çox müvəffəqiyyətlə bacardılar. 

Kütləvi şəkildə bu yoxlanılarsa və zərəli maddələr aşkar olunarsa, birmənalı şəkildə ilk növbədə ixrac potensialına zərər dəymiş olacaq. Həmçinin sahibkarlar ziyanla üzləşəcək: "Hesab edirəm ki, Kənd Təsərrüfatı Nazirliyi və Xarici İşlər Nazirliyi səviyyəsində işçi qrupu yaradılmalı, məsələ obyektiv şəkildə araşdırılmalıdır. Zərərli maddə göndərilmiş hər hansı məhsulun konkret bir hissəsinin içində var, yoxsa Azərbaycandan gələn bütün məhsulların tərkibində var? Əgər bir və ya iki maşın məhsuldan söhbət gedirsə, o zaman az zərərlə ötüşmək olar. Yox əgər müəyyən olunsa ki, bu problem ümumiyyətlə Azərbaycanda yetişdirilən bütün məhsullarda var, onda bu çox ağır problemli bir məsələyə çevriləcək və şübhəsiz ki, ciddi zərərlə üzləşəcəyik”.

Artıq neçənci dəfədir ki, Azərbaycandan ixrac olunan məhsula Rusiya Federasiyası qadağa qoyur. Belə olan halda bir sual ortaya çıxır: Bu məsələ Azərbaycan haqda mənfi rəy yaratmaq məqsədilə təşkil oluna bilərmi?

İqtisadçı bildirib ki, məsələnin qərəzli şəkildə təşkili real deyil: "Bu gün Rusiya və Azərbaycan arasında çox sayda ikitərəfli saziş və güclü əməkdaşlıq mövcuddur. Ona görə düşünmürəm ki, bu məsələ qərəzli şəkildə təşkil olunsun. Burda konkret faktlara söykənmək lazımdır. Belə hallarla bəzən qarşılaşmaq mümkündür. Aidiyyəti dövlət orqanları tərəfindən işçi qrupu yaradılsa, konkret faktlarla problem öz həllini tapacaq”.

Sevda Ulutau