Ordumuzun silah parkında ən güclü texnikalar var

Rusiya ilə hərbi texniki əməkdaşlıq bizim üçün siyasi dividentdir




Müdafiə Nazirliyindən verilən məlumata görə, yanvarın 19-da Rusiyadan yeni hərbi texnikalar ölkəmizə gətirilib. Gəmilər vasitəsilə Rusiyadan Bakı limanına çatdırılan xeyli sayda müasir hərbi texnika və döyüş sursatları kompleks qəbuldan sonra ən qısa vaxtda cəbhə xəttində yerləşən hərbi hissələrin sərəncamına veriləcək. Xatırladaq ki, böyük atəş imkanları və dağlıq şəraitdə yüksək keçid qabiliyyətinə malik, silahlanmaya daxil edilən bu tip hərbi texnika 2016-cı ilin aprel ayında keçirilən döyüş əməliyyatları zamanı uğurla tətbiq edilib. 

Düşmənin xeyli sayda canlı qüvvəsi, texnikası və digər vasitələrinin məhv edilməsi bu texnikanın yüksək effektivliyini nümayiş etdirib. Şübhəsiz ki, Rusiya ilə Azərbaycan arasında həyata keçirilən istənilən silah-sursat ticarəti Ermənistanda böyük qıcıq və qorxu yaradır. Çünki düşmən ölkə fərqindədir ki, nə vaxtsa yeni texnikalar onların üzərində tətbiq olunacaq. Bir sıra ekspertlər Azərbaycanın digər ölkələrdən, xüsusən İsraildən aldığı hərbi texnikaya daha çox önəm verirlər. Amma əksəriyyət düşünür ki, rus silahları bir çox cəhətdən daha əlverişlidir.

Silah alış-verişi ilə bağlı "Şərq”ə açıqlama verən hərbi ekspert Ramil Məmmədli deyib ki, silahlı qüvvələrin istifadəsində müxtəlif təyinatlı texnikalar mövcuddur. Onun sözlərinə görə, ordu komandanlığı bu müxtəlifliyi yüksək səviyyəli texnikalarla təmin etmək üçün zəruri addımlar atır:

"Bu gün ordumuzun silah və texnika parkında bir sıra ölkələrin aparıcı şirkətlərinin istehsal etdiyi məhsullar var. O cümlədən də Rusiya istehsalı olan texnikalar hərbçilərimizin istifadəsindədir. Əlbəttə, burada bir məqamı unutmaq lazım deyil. Azərbaycan ordusunun əsas texnika parkında yarandığı ilk gündən sovet məhsulları var. Bu gün də həmin prosesin davam etdirilməsi anlaşılandır. Amma demək olmaz ki, ordumuzun əsas texnika parkı Rusiyadan alınan məhsullarla gücləndirilir. Digər tərəfdən Azərbaycan texnika parkını digər ölkələrdən aldığı silahlarla da inkişaf etdirir. Həmçinin, milli məhsulların da sayı artır. Bundan başqa Rusiya ilə hərbi texniki əməkdaşlığın bizim üçün siyasi dividenti də var”.

İsmayıl