Pərvin “O səs Türkiyə”ni tərk edib

Azərbaycanlı çoban yarışmada Aslı Çobanoğluya məğlub oldu





"O səs Türkiyə” yarışmasının "Duellər” mərhələsi keçirilir. Müsabiqənin bu mərhələsində azərbaycanlı iştirakçılar Pərvin Səfərovla Ayla Ray səhnəyə çıxıb. Murad Bozun komandasında yarışan Enis Uymaz, Ahmet Tuncer İsgəndər və Pərvin çıxış ediblər. P.Səfərov "Yorğun illərim” mahnısını səsləndirib və növbəti mərhələyə keçib. Lakin daha sonra Pərvin səhhətində yaranan problemlə əlaqədar yarışmanı yarımçıq tərk edib. "O səs Türkiyə”ni tərk edən azərbaycanlı iştirakçı Pərvin Səfərov "Şərq”ə maraqlı müsahibə verdi.

- "O səs Türkiyə” müsabiqəsini tərk etdin. 3-cü mərhələdən keçə bilmədin. Səbəb nə oldu?

- İlk dəfə müsabiqəyə qatılanda Azərbaycan mahnısı "Gülə bilməz” ifa etdim. Maraqla qarşılandı. Çox bəyəndilər. İkinci mərhələdə bizdən 6 mahnı tələb olunurdu. İkisi şən, hərəkətli musiqi. Digərləri həzin musiqi olmalıydı. Mən 6 mahnı deyil, 7-8 mahnı göndərdim ki, dinləsinlər. Həm türk musiqiləri, həm də Azərbaycan mahnıları. Türk musiqisini seçdilər. Təbii ki, istərdim Azərbaycan mahnısını ifa edəydim. Düşünürəm ki, Azərbaycan mahnılarını tam bildiyim üçün ifa etmək mənə daha rahatdı. Həm musiqilərimizi bilirəm, həm də mahnıların sözlərini bilirdim. Amma türk mahnısı seçildi. Sözün düzü, düşündüm ki, mənim Azərbaycan mahnılarını oxumaq imkanlarımı bilirlər deyə, bu dəfə türk mahnısı oxumağımı istədilər. Azərbaycan mahnılarını ifa etmək mənə daha rahatdı. Çünki öz mahnılarımızın ruhu ilə yaşamışam. Amma türk mahnısı olan "Yorğun illərim”i ifa etdim. 2-ci mərhələdən keçdim. Amma 3-cü turda bir mahnını duel şəklində ifa etməliydik. Mahnı seçmək imkanım da yox idi. Onlar seçib göndərməliydi. Gec göndərildi. Sözün düzü, o mahnını məşq etmək imkanım, zamanım çox az idi. Hər halda türklər öz mahnılarının sözlərini də, musiqilərini də bilirlər. Amma mən bu mahnıya ilk dəfə müraciət edirdim. Bir az məşq etmək imkanım olsaydı, bəlkə daha rahat mahnını oxuya bilərdim. Bilmədiyim mahnını bir gün içində hazırlamaq çətin oldu. Şənbə günü göndərildi, amma bazar ertəsi Türkiyədə olmalıydım. İlk dəfə müraciət edəcəyim mahnını istədiyim şəkildə təqdim edə bilmədim. Türklər o mahnını əzbər bilirdilər. 

Aslı Çobanoğlu adlı iştirakçıya uduzdum. Məni məğlub etdi. Yeri gəlmişkən, məni məğlub edən Aslı Çobanoğlu illərdi səhnədədi, təcrübəsi böyükdü. Hər halda mən nə qədər güclü oxusam da, türklər qədər onların mahnısını ifa edə bilməzdim. Ən azı qısa müddətdə bunu istədiyim şəkildə təqdim etmək çətin idi. Digər tərəfdən qadın ifaçı ilə duet oxumaq çətin olur. Səs tembrlərinin uyğun olması vacibdi. Qadınların səsi zil olur. Duet ortağım "do”dan ifa etdi. Mənim isə səs diapazonum o nota yatmırdı. Mən məcbur olub qışqırmalıydım ki, səsimi ona çatdıra bilim. Özüm də hiss etdim ki, ifam tam alınmadı. O notda mən oxuya bilməzdim. Bir-iki ton aşağı oxusaydım, daha fərqli ifa alına bilərdi. Xanım ifaçı bu baxımdan yüksək səs tonu ilə oxudu. Beləcə, 3-cü mərhələdən keçmədim.

- Müsabiqədən sonra sənə təkliflər gəldimi? Maraqlananlar varmı?

- Müsabiqənin qaydalarını hamı bilir ki, "O səs Türkiyə” müsabiqəsində iştirak edilən dövrdə iştirakçıların başqa şirkətlərlə işbirliyi mümkün deyil. Amma müsabiqədən əvvəl maraqlananlar oldu. Amma müsabiqə bitdikdən sonra hələki heç bir şirkətdən təklif olmayıb.

- Azərbaycana qayıtmısan. Bizdə necə, müsabiqədən sonra Pərvin Səfərovla maraqlanan oldumu?

- Düzünü desəm, yox. Müsabiqə dövründə ARB telekanalından bir dəfə əlaqə yaratdılar. Müsabiqənin şərtlərinə görə "O səs Türkiyə” barədə geniş danışa bilməzdim. Verilişə dəvət etdilər, sonra nədənsə təxirə düşdü. Bir də bu günlərdə ATV telekanalı zəng vurub. Ciddi maraqlanan olmayıb. "AAF park” mənə yaşamaq üçün imkan yaradıb. Başqa bir diqqət olmayıb.

- Milli Konservatoriyanın rektoru Siyavuş Kərimi sizinlə maraqlanmışdı. Axırı necə oldu?

- Bəli. Siyavuş Kərimi məni Konservatoriyaya dəvət etdi. Təhsil almağım üçün imtahan verməli oldum. Amma imtahandan yetərli keçid bal toplaya bilmədim. Ona görə də Milli Konservatoriyaya daxil ola bilmədim. Siyavuş müəllim mənə kömək etmək üçün fərdi dərslər almağa dəstək göstərdi. Məsləhət gördü ki, istedadın var. Fərdi dərslərdə iştirak et. Milli Konservatoriyanın müəllimi Anar Şuşalıdan fərdi dərslər alıram.

- Təhsilinizi davam etdirmək istəyirsizmi?

- Təbii ki, təhsil almaq niyyətindəyəm. Sənətdə uğur əldə etmək üçün təhsil almaq vacibdi. Mən sənətdə uğur əldə etməyə çalışıram. Amma sənətə gəlmək o qədər asan deyil.

- Bəs prodüserlə çalışmaq fikriniz varmı? Bu sahədə prodüsersiz tanınmaq, hansısa layihələrə imza atmaq demək olar mümkün deyil.

- Sözün düzü, bu sahədə heç kimi tanımıram. Mənim sənət aləmində tanıdığım heç kim yoxdur ki, ondan dəstək, məsləhət alım. Çox istərdim ki, belə peşəkar prodüserlərdən biri ilə işbirliyi qurum. Yəqin mətbuat vasitəsilə məni eşidənlər olacaq. Onlar mənə dəstək olmaqla həm bir istedadı olan insanın yolunu aça bilərlər, həm də özləri gəlir əldə edə bilərlər. İnşallah ki, mən bu yolda tək qalmayacam.

Tahirə