Günel Səfərova:"Valideyn övladını “cibində”, həyatında hiss etdikdə onu atmaqdan imtina edəcək. Başqa çıxış yolumuz yoxdur”
"Valideynlərə övladından imtina etmək hüququnun verilməsi təəssüfləndiricidir”.
Bunu "Sherg.az”a bəzi ailələrin dünyaya qız olaraq gəldiyi üçün övladından imtina etməsi hallarından danışarkən "Gənc Vətəndaş” İctimai Birliyinin icraçı direktoru Günel Səfərova söyləyib.
O bildirib ki, uşaqlar ailədən, valideyn himayəsindən məhrumdursa, dövlət onları hansısa aidiyyəti müəssisəyə yerləşdirir:
"Bu, dövlətin vətəndaşına sahib çıxmasıdır. Çünki uşaqların bioloji ailədən kənarda qalmasının səbəbləri müxtəlif ola bilər. Amma valideynin övladından imtina etmə səbəbləri bəzən çox primitiv olur. Elə ailələr var ki, qız övladı olduğuna görə uşaqdan imtina edir. Bütün hallarda övladından imtina edən ailələri qınamaq lazımdır.
Bir övlad üçün ən mühüm amil ailə mühitində böyüməkdir. Qanunvericilikdə cinsiyyət fərqinə görə, övladdan imtina halları ilə bağlı məhdudiyyət yoxdur. Bu gün valideyn məsuliyyətinin artırılmasından, qanunvericilikdə bununla bağlı addımlar atılmasından danışırıq. Ailə, qadın və uşaq komitəsi valideyn məsuliyyətinin artırılması ilə əlaqədar qanunvericiliyə əlavə dəyişikliklər üçün Milli Məclisə əlavə və dəyişikliklər təklif edib. Qəribə tendensiya yaranır ki, valideyn uşağın yükünü çəkmək istəmir, amma 18 yaşına çatanda gəlir ki, mən sənin valideyninəm, mənə bax. Qanun bütün mənada uşağın rifahının yanındadır”.
Ata və ya ana valideyn hüququndan məhrum edilməsinin uşağa aliment ödəməkdən boyun qaçırmağa əsas vermədiyini deyən G.Səfərova övladın valideyn hüququndan məhrum edilmiş ata-ananın mülkiyyətinə hüququ olduğunu vurğulayıb:
"Amma övladın onlara baxmaq vəzifəsi yoxdur. Təbliğatlarımızın əsas məqsədi vətəndaşların hüquqi tərbiyə və mədəniyyətə yiyələnməsidir. Çünki dövlət vətəndaşın yadına yalnız hüququ pozulanda düşür. Lakin vətəndaş özü öz məsuliyyətini dərk etmək istəmir. Qanuna görə, valideyn uşaq evindəki övladını 6 aydan bir gedib görürsə, valideynlik hüququndan məhrum edilmir. Biz istəyirik ki, valideynlik hüququndan məhrum etmə cəzası bir qədər sərtləşdirilsin. Uşağa aliment fondu yaradılsın və məcburi şəkildə uşağa ödənilmə edilsin. Bu hallarda valideynlərin bir qədər məsuliyyətli davranmasını təmin etmək olar.
Alternativ qayğı modellərində uşağa müəyyən məbləğdə pul yığılır. 18 il yada düşməyən uşağın valideyni sonradan peyda olur və həmin yığılan pulda hüququnun olduğunu iddia edir. Qanunvericilikdə bu məsələ sərtləşdirilməlidir.Qız uşaqlarına münasibət başlıca olaraq selektiv abortlarda özünü göstərir. Artıq oğlanların sayı qızlardan daha çoxdur. Ən azından insanın yaşamaq hüququnun pozulması faktı var. Qanunda cinsə görə, ayrıseçkilik yoxdur. Bu məsələlərlə bağlı maariflənmə məktəbdən, individual təlimlərdən ibarət deyil. Bu dövlətin apardığı ailə siyasətidir. Hər problemin həllini dövlətin üzərinə yıxmaq da olmur, amma ailə siyasətinə yenidən baxış keçirilməlidir. Bütün televiziya, KİV-lər buna xidmət etməlidir. Sosial problemlərin işıqlandırılması reytinq xətrinə olmamalıdır.
Müqayisə üçün Türkiyəni nümunə gətirmək olar. Qardaş ölkədə bu problemlərlə bağlı bütün mətbuat, televiziyalar çağırış edir, qadın, uşaq hüquqlarının müdafiəsi üçün sosial müzakirələr həyata keçirirlər. Bizdə də bu cür valideynlərə qarşı qanun mütləq sərtləşdirilməlidir. Valideyn övladını "cibində”, həyatında hiss etdikdə onu atmaqdan imtina edəcək. Başqa çıxış yolumuz yoxdur”.
Qeyd edək ki, bir neçə gün əvvəl mətbuatda qız doğulduğuna görə valideynləri imtina edən uşağın fotoları dərc edilib. Sumqayıt şəhər 5 nömrəli xəstəxanada saxlanan uşaq tibb bacılarının nəzarətindədir, vəziyyəti yaxşıdır. Tibb bacıları bildiriblər ki, bu ailəsi tərəfindən imtina edilərək xəstəxanaya gətirilən ilk qız uşağı deyil - 4 belə uşaq olub. Dediklərinə görə, onlardan 2-i uşaq evlərinə yerləşdirilib, 1-i isə xəstə olduğu üçün ölüb. Xəstəxanada qalan yeganə uşaq bu qızdır. Tibb bacıları bildiriblər ki, yəqin bu uşaq da yaxın vaxtlarda körpələr evinə yerləşdiriləcək.
Aysel Aslan