Rusiya terrorçuları bombalamaq üçün zəmin hazırlayır

Nazirin çıxışı ABŞ-a və onun rəhbərlik etdiyi koalisiyaya qarşı qabaqlayıcı tədbir xarakteri daşıyır



Rusiya xarici işlər naziri Sergey Lavrov BMT-də çıxışı zamanı deyib ki, Suriya və İraqda artmaqda olan kimyəvi terrorizm təhdidi Moskvada ciddi narahatlıq yaradır. XİN rəhbərinin sözlərinə görə, terrorçular artıq kütləvi şəkildə kimyəvi silah istehsalının texnologiyasını öyrəniblər. Lakin Lavrov bildirib ki, terrorçular kimyəvi silahların tətbiqi ilə kifayətlənmirlər:

"Yaxın Şərqdəki terrorçular bu kimi silahların hazırlanması və sintezi üçün istifadə edilən texnologiyanı da mənimsəyiblər”. Xatırladaq ki, Rusiya rəsmiləri kimyəvi silahların bölgədəki terrorçu qüvvələrin əlinə keçməsində hər zaman ABŞ-ı ittiham edirlər. Amerika isə öz növbəsində hesab edir ki, terrorçulara silah yardımını həyata keçirən birbaşa Kremlin özüdür.

Qarşılıqlı suçlamaları "Şərq”ə dəyərləndirən politoloq Natiq Miri deyib ki, Suriyada Əsəd rejiminin öz xalqına qarşı kimyəvi silahlardan istifadə etməsi ilə bağlı konkret hesabatlar mövcuddur və həmin hesabatlar ABŞ-ın əlindədir: 

"Hesabatlar istənilən zaman Əsəd rejiminə qarşı bir təzyiq vasitəsi olaraq istifadə olunur. Əsəd rejiminin bölgədəki terror təşkilatları ilə zaman-zaman müəyyən mənada əməkdaşlıq etdiyi heç kimə sirr deyil. Yəni müəyyən kimyəvi silahların, yaxud da kimyəvi xammalların terrorçu qüvvələrin əlinə rejimdəki hərbiçilər tərəfindən ötürülməsi mümkün haldır. 

Rusiyalı nazirin çıxışı isə ABŞ-a və onun rəhbərlik etdiyi koalisiyaya qarşı qabaqlayıcı tədbir xarakteri daşıyır. Lakin Rusiya təmsilçisi öz sözlərində tam səmimi deyil. 

Əslində Lavrov belə açıqlama verməklə İdlib bölgəsindəki terrorçuları bombalamaq üçün bir zəmin hazırlayır. Gələcəkdəki bombardmanlara haqq qazandırmaq, həm də ABŞ-ın Əsədə qarşı istifadə etdiyi hesabatları zərərsizləşdirmək üçün Lavrovun bu cür açıqlama verməsi zəruridir”.

İsmayıl