Məhəmməd Əsədullazadə: " Sarkisyan Qarabağ münaqişəsinin nizamlanmasını çox ciddi şəkildə sabotaj edəcək və ümumi vəziyyəti gərginləşdirməyə çalışacaq"
Bugün Ermənistan prezidenti Serj Sarkisyan AŞ PA deputatları qarşısında məruzə edəcək. Yanvarın 26-da isə sessiyada Azərbaycan nümayəndə heyətinin üzvü Vüsal Hüseynovun hazırladığı hesabat müzakirə olunacaq. Şübhə yoxdur ki, Sarkisyan bu dəfə də ələ keçirdiyi tribunadan "yaxşı” istifadə edəcək. Düşmən ölkə rəhbəri öz yalanlarını işə salaraq Dağlıq Qarabağ münaqişəsi ilə bağlı həqiqəti əks etdirməyən açıqlamalar verəcək və Azərbaycanı haqsız ittiham edəcək. Hər zaman olduğu kimi məzlum xalq görüntüsü yaratmağa və dünya ictimaiyyətini aldatmağa çalışacaq.
Ona görə də vurğulanır ki, Azərbaycanın nümayəndə heyəti Sarkisyanın ittihamlarına layiqli cavab verməlidir. Bu baxımdan ilk olaraq Sarkisyanın çıxış etməsi, daha sonra onun yalanlarına cavab vermək üçün Azərbaycan nümayəndə heyətinin çıxış etməsi əlverişli imkan kimi dəyərləndirilir.
Məsələ ilə bağlı "Sherg.az”a danışan siyasi ekspert Məhəmməd Əsədullazadə deyib ki, hər il AŞPA-nın qış sessiyasında Azərbaycan və Ermənistan nümayəndə heyətinin çıxışlarına yer verilir.
Politoloq şübhə etmir ki, Ermənistan rəhbərliyi bu mötəbər qrumun tribunasından Azərbaycana qarşı işğalçılıq siyasətini pərdələmək üçün dünyaya yalan məlumatlar verəcək:
"Əlbəttə, Sarkisyanın bu çıxışlarının heç bir hüquqi əsası olmayacaq. Çünki AŞ PA Ermənistanı işğalçı ölkə kimi tanıyan qətnamə qəbul edib. Əgər, Sarkisyan Azərbaycana qarşı uydurma iddialarla çıxış edərsə, hazırda aparılan danışıqlara kölgə salmış olacaq. Hesab edirəm ki, Sarkisyanın AŞ PA-da işğal olunmuş ərazilərlə bağlı çıxışı, əsasən daxili auditoriyaya hesablanacaq. O, qarşıdan gələn seçkilərdə öz siyasi reputasiyasına müsbət imic qazanmaq üçün işğala haqq qazandıracaq”.
Politoloq bəyan edib ki, Azərbaycan nümayəndə heyəti Sarkisyanın çıxışlarına adekvat cavab verməli və aparılan danışıqlar prosesinə zərbə kimi qiymətləndirməlidir:
"Ermənistanda siyasi-iqtisadi situasiya gərgin olaraq qalır. Erməni ictimaiyyətinə özünü kompromisə getməyən biri kimi göstərməyə çalışan Sarkisyan Qarabağ münaqişəsinin nizamlanmasını çox ciddi şəkildə sabotaj edəcək. Sarkisyan öz erməni xislətini ortaya qoyub, ümumi vəziyyəti gərginləşdirməyə çalışacaq. Azərbaycanın AŞPA-dakı nümayəndə heyəti bu kimi çıxışlara biganə qalmamalı, BMT qətnamlərini əsas tutaraq Sarkisyanın layiqli cavabını verməlidir”.
İsmayıl