Səməd Seyidovun AŞPA -da vitse-prezident seçilməsi nə vəd edir ? - ŞƏRH

Elman Nəsirov: "AŞPA-dakı Azərbaycanın nümayəndə heyətinin rəhbəri Səməd Seyidovun vitse-prezident seçilməsi, bütövlükdə Avropa Şurası-Azərbaycan münasibətlərinə müsbət yanaşmanı ortaya qoya bilər"



"Avropa Şurası Parlament Assambleyası (AŞ PA) çox hallarda Azərbaycanla bağlı qərəzli mövqe sərgiləyib”.

Bunu "Sherg.az”a AŞ PA-da baş tutan rəhbər dəyişikliyinin Dağlıq Qarabağ münaqişəsi ilə bağlı qərarlara gələcək təsirindən danışarkən millət vəkili Elman Nəsirov deyib. 


O xatırladıb ki, Avropa Şurasının baş katibi Yaqlandın ucbatından münasibətlərin ciddi kəskinləşməsi dövlət başçısı səviyyəsində AŞ-dan çıxmaq məsələsini gündəmə gətirdi:

"Buna baxmayaraq, ayrı-ayrı hallarda təsisatın pozitiv davranışının da şahidi olmuşuq. AŞ PA-da son kadr dəyişiklikləri, italiyalı deputatın prezident, millət vəkili Səməd Seyidovun vitse-prezident seçilməsi nəticə etibarı ilə AŞ-da mühitin sağlamlaşmasına xidmət edəcək. Nəzərə alsaq ki, İtaliya Minsk qrupunun üzv dövlətlərindən biridir, buna görə İtaliyanın üzərinə məsuliyyət düşür.

AŞPA-dakı Azərbaycanın nümayəndə heyətinin rəhbəri Səməd Seyidovun vitse-prezident seçilməsi, bütövlükdə Avropa Şurası-Azərbaycan münasibətlərinə müsbət yanaşmanı ortaya qoya bilər. Buraxılmış səhvlərin, Azərbaycana münasibətdə qərəzli yanaşmaların ən azı yaxşılaşdırılması üçün münbit şərait yaranması mümkündür. Bu, bizim də arzumuzdur. İnanırıq ki, həmin istiqamətdə müsbət dəyişikliklər olacaq”.

Qeyd edək ki, AŞPA-nın ötən gün keçirilən qış sessiyasında italiyalı deputat Mikele Nikoletti AŞPA-nın yeni prezidenti seçilib. Təşkilatın vitse-prezidenti isə Azərbaycanın Avropa Şurası Parlament Assambleyasındakı nümayəndə heyətinin rəhbəri, Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədri S.Seyidov olub.

Aysel Aslan