Türk ordusu savaşda...

Qısa müddətdə Afrində 70 kənd terrorçulardan təmizlənibABŞ əndişədədir, Rusiya seyrçi mövqeyini qoruyur, İran isə əməliyyatların dərhal dayandırılmasını tələb edir
Türkiyənin Afrində PKK və YPG terror təşkilatına qarşı apardığı "Zeytun budağı” əməliyyatı davam edir. Türkiyə Silahlı Qüvvələri və Azad Suriya Ordusu əməliyyatın ilk 48 saatında 7,5 km irəliləyərək, nəzərdə tutulandan daha çox irəli gediblər. Dörd günlük nəticəyə iki gündə nail olunub. YPG-nin əlində olan 21 mövqe vurularaq istifadəsiz hala salınıb. 9 istiqamətdən həyata keçirilən hücum nəticəsində 70 kənd terrorçulardan təmizlənib. Ümumilikdə terrorçulara məxsus 200 hədəf məhv edilib.
Binəli Yıldırım "Zeytun budağı”ndan danışdı
Türkiyə baş naziri Binəli Yıldırım Türkiyənin bölgədə başlatdığı "Zeytun budağı” əməliyyatından danışıb. Baş nazir sözügedən əməliyyatın Türkiyə iqtisadiyyatına təsir etməyəcəyini bildirib. Onun sözlərinə görə, əməliyyat başlanandan bəri Türkiyədəki alış-veriş mərkəzlərində, vətəndaşların sıx toplaşdığı ərazilərdə həyat öz axarı ilə davam edir: "Əsgərlərimiz PKK və İŞİD terror qruplarını yox eləmək, orada yaşayan kürd, ərəb, türkmənləri bu zülmdən qurtarmaq, eyni zamanda ölkəmizə qarşı hücumları dayandırmaq məqsədilə əməliyyata başlayıb. "Zeytun budağı”nın zeytunları orada yaşayan sivil, məsum insanlar, budağı isə terroristlər üçündür. Əməliyyatın adının bu cür xüsusiyyəti var”.
"Türkiyə bizə xəbərdarlıq etmişdi”
ABŞ-ın müdafiə naziri Ceyms Mettis Türkiyənin Afrində keçirdiyi antiterror əməliyyatı ilə bağlı açıqlama verib. Mettis Türkiyənin vacib NATO müttəfiqi olduğunu qeyd edib. Hücumdan əvvəl Türkiyənin ABŞ-a xəbərdarlıq etdiyini bildirən Mettis "Türkiyə açıq sözlü idi. Hava hücumu həyata keçirmədən əvvəl bunu edəcəklərinə dair bizə xəbərdarlıq etdilər” deyib. ABŞ müdafiə naziri Afrində keçirilən əməliyyatla bağlı regionda olan amerikalı əsgərlərin risk altında olmadığını bildirib.
"Afrin əməliyyatından əvvəl ABŞ, Rusiya və İranla görüşlər keçirilib”
Türkiyə baş nazirinin müavini və hökumət sözçüsü Bəkir Bozdağ deyib ki, Afrin və ya "Zeytun budağı” əməliyyatı qısa bir zaman kəsiyində ortaya çıxmayıb. Onun sözlərinə görə, İŞİD, PKK və PYD sərhəddə Türkiyənin 700-ə yaxın mövqeyinə zərbələr endirib: "Türkiyə əməliyyata başlamazdan öncə Rusiya, ABŞ və İranla ali səviyyədə görüşlər keçirib. Biz nəticələrin necə olacağını onlara bildirmişik. NATO-nun sərhədini qorumalıyıq. Əməliyyatlarda bütün beynəlxalq hüquq normalarına riayət edəcək. Ərazidə dinc insanların ziyan çəkməməsi üçün lazımi tədbirlər görülüb. Əməliyyatın nə zaman yekunlaşacağı və nəticələr barədə ehtimallarımız var, lakin bunu söyləmək hələ çox tezdir”.
"Ya Afrin yıxılsın, ya da terrorçular yansın”
MHP lideri Dövlət Baxçalı Türkiyə Silahlı Qüvvələrinin başlatdığı hərbi əməliyyata dəstəyini ifadə edib. Baxçalı deyib ki, "terror təşkilatı PYD, PKK-ya Afrinin tabut, Münbiçin məzar olması yeganə və sonuna qədər dəstək verəcəkləri milli hədəfdir: "ABŞ-ın ortağının kökü qazılmalıdır. Ya Afrin yıxılsın, ya da terrorçular yansın”.
"ABŞ-ın Suriyadakı birtərəfli fəaliyyəti Türkiyənin səbrini daşdırdı”
Rusiyanın xarici işlər naziri Sergey Lavrov Türkiyə ordusunun Suriyanın Afrin bölgəsndə keçirdiyi antiterror əməliyyatlarına münasibət bildirib. Nazir deyib ki, ABŞ-ın Suriyadakı birtərəfli fəaliyyəti Türkiyənin səbrini daşdırıb: "ABŞ hakimiyyətinin Suriyada "təhlükəsizlik dəstəsi” yaratmaq barədə qərarı Türkiyəni cavab tədbiri görməyə vadar etdi”.
İran Türkiyəni Afrindəki əməliyyatları dərhal dayandırmağa çağırıb
İranın Xarici İşlər Nazirliyinin nümayəndəsi Bəhram Qasimi bildirib ki, Türkiyə Suriyanın Afrin bölgəsində başladığı hərbi əməliyyatları dərhal dayandırmalıdır. Qasiminin iddiasına görə, Afrində böhranın davam etməsi Suriyanın şimalında təkfirçi terror qruplaşmalarının fəallaşmasına, həmçinin müharibə alovunun qızışmasına və bu ölkədə dağıntılara gətirib çıxara bilər: "Suriyanın ərazi bütövlüyünün qorunması və ölkənin suverenliyinə hörmət edilməsi zəruridir. Türkiyə Suriya böhranını siyasi yolla həll etməlidir”.
Bəşər Əsəddən gülünc açıqlama - "Türkiyə terrorçulara dəstək verir”
Suriya prezidenti Bəşər Əsəd deyib ki, Türkiyənin Afrinə hücumu onun terrorçuluğa dəstək vermək üzərində qurulmuş siyasəti ilə bağlıdır. Əsəd Türkiyənin mövqeyinin əvvəldən bəlli olduğunu, rəsmi Ankaranın Suriyada böhranın başladığı ilk vaxtlardan ekstremist qruplarla "sıx əlaqədə” olduğunu iddia edib.
"Zeytun budağı” əməliyyatı dünya mətbuatında...
Hərbi əməliyyat ABŞ və Avropa mətbuatında geniş yer tutub. İngiltərənin "Financial Times” qəzeti isə əməliyyatı "Türkiyə ABŞ-a meydan oxuyur” başlığı ilə verib. Çap olunan analitik yazıda Türkiyənin müttəfiqi ABŞ-la YPG məsələsində anlaşa bilmədiyi və bu səbəbdən ABŞ-a meydan oxuyaraq hərəkatı başlatdığını bildirib. "Financial Times” Afrindəki hərbi əməliyyatın Yaxın Şərqdə yeni cəbhələr açması ilə birgə ABŞ-la münasibətləri daha da gərginləşdirə biləcəyini yazıb. Qəzet ABŞ və Türkiyə arasındakı münasibətlərin gərginləşməsinin əsas səbəblərindən biri kimi Vaşinqtonun 30 min nəfər YPG üzvündən "Suriya Sərhəd Qüvvələri” adlı hərbi birləşmə yaratmaq istəməsi bəyanatını göstərir. ABŞ Afrindəki qrupların koalisiyanın bir parçası olmadığını iddia etsə də, Türkiyənin bu addımı bağışlamayacağını qeyd edən FT keçən həftənin sonundan etibarən Suriya sərhədində əməliyyatların keçirilməsinə diqqət yetirib.
"Türkiyənin bu mücadilədə qalib gəlməsi üçün münbit xarici mühit formalaşıb”
Siyasi elmlər doktoru, professor Elman Nəsirov deyib ki, Türkiyə Afrində 4 həftəlik hərbi əməliyyatlara başlayıb. Lakin Rusiya faktiki neytrallıq nümayiş etdirir: "ABŞ-ın mövqeyi Türkiyənin məlum addımlarını şərtləndirsə də, son davranışı ilə PKK və PYD-nin ümidlərini puç etdi. Bəşər Əsəd rejimi Türkiyə ilə bağlı hədələyici bəyanatlar versə də, Rusiyanın məlum mövqeyi fonunda bu, imitasiya təsiri bağışlayır. İran hərbi əməliyyatların dayandırılmasına çağırış etsə də, əslində kürd terrorçuların məhvi rəsmi Tehranın da strateji maraqlarna cavab verir. Beləliklə, ilkin təhlillər göstərir ki, Türkiyənin bu mücadilədə qalib gəlməsi üçün münbit xarici mühit formalaşıb”.
"Amerika silahlı kürdlərə görə Türkiyə ilə üz-üzə gəlmək istəmir”
"Atlas” Araşdırmalar Mərkəzinin rəhbəri Elxan Şahinoğlu da bildirib ki, Türkiyə Suriyanın Afrin ərazisini nəzarətə götürməlidir ki, terrorçuların əlində böyük koridor olmasın. Ekspertin sözlərinə görə, Türkiyənin bu əməliyyatda yeganə düşməni PKK, YPG və PYD terrorçu təşkilatlarıdır: "Heç bir dövlət bu terrorçu təşkilatlara görə Türkiyə ilə savaşmaq istəmir və istəməyəcək. Rusiya bu əməliyyatlar səbəbindən Türkiyə ilə tərəfdaşlıqdan vaz keçə bilməz. Rusiya XİN başlanan əməliyyata görə ABŞ qınayıb. Çünki Türkiyənin növbəti dəfə Suriyaya müdaxiləsinin səbəbi Amerikanın terrorçu təşkilatlara dəstəyini artırması ilə bağlıdır. Buna baxmayaraq, Amerika da silahlı kürd müttəfiqlərinə görə Türkiyə ilə üz-üzə gəlmək istəmir. İrana qaldıqda Türkiyənin Suriyaya müdaxilə edib PKK-nın törəmə təşkilatları ilə mübarizəsi onun da maraqlarına cavab verir. Çünki özündə də radikal kürdlər var. Bəşər Əsədin Türkiyənin müdaxiləsinə deyinməsi normaldır. Ancaq Rusiyanın qorxusundan Əsəd də Türkiyə ilə savaşa cəhd edə bilməz. Ərəb dünyasını isə Türkiyənin silahlı kürdlərlə mübarizəsi heç maraqlandırmır”.
"Türkiyə ABŞ-ın əsas planlarından birinin kürd dövlətinin yaradılması olduğunu anlayır”
"Türkiyə özünün sərhədyanı bölgəsinin təhlükəsizliyini təmin etmək, terrorçu qruplaşmaları zərərsizləşdirmək məqsədilə Afrin əməliyyatını həyata keçirdi”.
Bunu isə "Sherg.az”a politoloq Tofiq Abbasov danışıb. O diqqətə çatdırıb ki, Türkiyə ABŞ-ın əsas planlarından birinin kürd dövlətinin yaradılması olduğunu anlayır: "Buna görə, Amerika PYD qüvvələrini həm hazırlayır, həm də silah-sursatla təmin edir. Yaranmış vəziyyətdə iki dövlətin - Rusiya və İranın mövqeyi diqqət çəkir. Anlayırlar ki, Türkiyə təhlükəsizliyini təmin etmək, Suriyanın şimalını nəzarətə götürmək üçün bu addımları atır. Rusiya və İran bundan ehtiyatlanır. Müxtəlif qüvvələr qütbləri dəyişirlər və onların maraqları haçalanır. Türkiyənin Afrin bölgəsindəki səyləri bir neçə məqsədə yönəlib. Çalışırlar, həm özlərinin təhlükəsizliyini təmin etsinlər, həm də Suriyanın şimalına nəzarəti həyata keçirsinlər. İstər-istəməz İranla Amerikanın, hətta Rusiyanın da bu məsələdə baxışları üst-üstə düşür. Lakin bunlar strateji müttəfiqlik anlamına gələn məsələlər deyil. Hazırda geosiyasi böhran yeni mərhələyə qədəm qoyur. Əsas iştirakçıların diplomatiyası çevik, dinamik əks olunacaqsa, nəticə də bundan asılı olacaq. Türkiyə qoşunları 10 km-ə qədər irəliləyibsə, demək ki, məqsəd problemi həll etməkdir”.
İsmayıl