Yalançı təqibçilər...

Dünənki müğənninin də izləyicisi 1 milyondu, Röyanın da
Bu real deyil axı, rəqabətdən söhbət gedə bilməz



Sosial media hər birimizin həyatına daxil olub. Bura fikir tribunasına çevrildiyi qədər ondan müxtəlif məqsədlə istifadə edənlər də tapılır. Məşhurların həyatında isə sosial media piar üçün daha əlverişli bir silaha dönüb. Tanınmışlar buradan həm özlərini reklam etmək üçün istifadə edirlər, həm də sənətdə olan düşmənlərinə mesajlar göndərirlər. Son vaxtlar məşhurlarımız arasında sosial media rəqabəti də hiss olunur. "Like”, "Comment” və izləyici yarışına çıxan tanınmışlar saxta izləyici ovuna çıxmaqdan belə çəkinmirlər.

"Keepface” marketinq şirkətinin təqdim etdiyi rəsmi sosial media statistikasını təqdim edir.
Bu siyahıda "İnstaqram”da izləyici sayı bir milyonu ötmüş beş məşhurumuz yer alır. Ən çox izləyici sayına görə sıralama belədir:

Müğənnilər Sevil və Sevinc Səfərovalar: 1 milyon 348 min 172 izləyici.
Əməkdar artist Röya Ayxan: 1 milyon 229 min 666 izləyici.
Aparıcılar Zaur Baxşəliyev və Günay Baxşəliyevalar: 1 milyon 28 min 992 izləyici.
Müğənni Günay İbrahimli: 1 milyon 670 izləyici.
Müğənni Roza Zərgərli: 1 milyon 535 izləyici.

Məhşurlar saxta izləyici təqdim etməyə niyə ehtiyac görürlər?

Suallarımızla tanınmışlara üz tutduq. Azərbaycanda ən çox izləyicisi olan tanınmış prodüser Tolik (Tarix Əliyev) məşhurların saxta izləyiciyə nədən ehtiyac yarandığını belə izah etdi: "Əslində bu təkcə Azərbaycan məşhurlarının istifadə etdiyi seçim deyil. Dünyanın ən məşhur sənətçiləri belə sosial mediada yalançı izləyici təqdim etməkdən çəkinmirlər. Castin Biber bu yaxınlarda yalançı izləyici yığımı ilə gündəmə gəlmişdi. Bu bilirsiz nədən irəli gəlir? Müğənni özünü məşhurluğunun göstəricisi olaraq təqdim etməyə çalışır. Əslində bu cür yalançı baxışları təyin etmək heç də çətin deyil. Müğənninin "instaqram” səhifəsində tutaq ki, 1 milyon göstərir. Amma baxın baxış sayına. Heç min nəfər deyil. Bir saat öncə Aygün Kazımova ilə Röyanın şəkillərini paylaşmışam. 7 il əvvəl çəkilən şəkillərdi. Bu dəqiqəyə qədər 3597 layk gəlib. 508 koment yazılıb. Amma dünən vəzifəyə qoyulmağım barədə məlumatı yerləşdirdim, 6000 min layk gəlib. 438 koment gəlib. Onlar da azərbaycanlıdı. Burdan görünür ki, mənim 251 min izləyicim var. Amma bir-iki müğənni ki var, yalandan "instaqram”da izləyici sayını 1 milyon etdiriblər, onların da layklarına və komentlərinə baxın. Burdan artıq aydın görünür ki, nə qədər real izləyici onları izləyir. Amma normaldı. Onlar bunu etməklə çalışırlar göstərsinlər ki, guya bunların izləyicisi çoxdu. Azərbaycandakı müğənnini Afrikanın cəngəlliyindən izləyənlər varsa, bu o deməkdi ki, "nənənin nağılıdı”. Özləri özlərini aldadırlar. Misal üçün, bir xalq artistimiz var, çıxıb efirdə deyir ki, ola bilməz məni 100 min izləyici izləsin, başqasını 300-500 min izləsin. Bu mümkün deyil. Mən o xalq artistinə bir reallığı deyim, bilsin. Amerikada bir it var - Boq. Onun "instaqram”da 3 milyondan çox izləyicisi var. Deməli, o deməkdir ki, o it bəzi tanınmışlardan daha maraqlıdır ki, bu qədər izlənir. İnsan maraqlı olmağı bacarmırsa, buna görə başqalarını suçlamaq lazım deyil. Hansı sahədə olmağından asılı olmayaraq maraqlı, önəmli ola bilmirsənsə, bu sənin zəifliyindi. Qəbul etməyi isə sadəcə bacarmaq lazımdı. Bəziləri zəif, maraqsız olduqlarını qəbul edə bilməyəndə bu yola əl atırlar, bunun üçün pul xərcləyirlər”.

Müğənni Manaf Ağayevin də münasibəti maraqlı oldu: "Əvvəllər sosial mediadan istifadə etmirdim. Amma indi hərdən baxıram. Düzdür, sosial mediada şəxsi səhifəm var. Amma sosial medianın xəstəsi deyiləm. Qaldı yalançı izləyici məsələsinə, bu, müğənnilərin xəstəliyinə çevrilməyə başlayıb. Ay qardaş, yalandan izləyici göstərməklə kimi aldadırsan? İnsanın bədbəxtliyi o zaman olur ki, o, bilərək özünü aldadır. Mənim youtubda görüntülərim, toylardan olan paylaşımlarımı milyonlar izləyir. Mən orda yalandan baxış, izləyici yığa bilmərəm ki. Müğənnini, tanınmışı xalq sevməlidir. Yalandan "mən ulduzam” deməklə ulduz olmur”.

Müğənni Nura Suri fəal media istifadəçisidir. Onun həmkarları barədə fikirləri isə konkret oldu: "Sosial media sənətçinin piarında rol oynayır. Bu həqiqətdi. Qaldı müğənnilərin sosial mediada paylaşımlarına, bu bir rəqabət tribunasıdır. Sadəcə bundan düzgün istifadə olunmalıdır. Götürək ki, kimsə kiminləsə rəqabət aparır. Misal üçün, Aygün Kazımova və Röya arasında rəqabət yaşanır. Hər ikisi konsert verir, yeni mahnı lentə aldırır, fotosessiya etdirir və s. Onlar sağlam rəqabət aparır. Biri xalq artistidir, digəri əməkdar artistdir. Hər ikisinin böyük pərəstişkar kütləsi var. Onların rəqabəti də maraqlı görünür. Amma dünən sənətə gələn müğənninin, elə böyük iş görməyən birinin də izləyicisi 1 milyondu, Röyanın da. Bu, real deyil axı. 

Burda artıq rəqabətdən söhbət gedə bilməz. O gənc, ya da tanınmayan müğənni Röyayla ayaq uzatmağa çalışır. Mən 14 ildi səhnədəyəm. Daha çox feysbuk istifadəçisi kimi fəalam. "İnstaqram”ı son illər açmışam. Məndə izləyici sayı 226 mindi, səhv etmirəmsə. Mənim nəyimə lazımdı yalandan o səhifəni 1 milyon edib pul xərcləyim? Mən ötən gün Yusifin verilişində olan paylaşımı səhifəmə yerləşdirdim. 70 min izləyici baxıb. Axı real izləyici sayı ilə səni layk edənlərin sayını nəzərə alanda nəticəni görmək o qədər də çətin deyil. Sadəcə bəziləri bu gülməli yalandan istifadə edərək süni şəkildə izləyici artımı edirlər. Bu, gözdən pərdə asmaq kimi görünür. Məşhurların, tanınmışların böyük mənada buna ehtiyacı yoxdu. Süni izləyici yığmağa diqqət çəkənlər məşhurlaşmaq arzusu ilə yaşayıb məşhurlaşa bilməyənlərdi”.

Tahirə