İnsan həyatda çox hakimlərin qarşısına çıxa bilər. Qanun onu mühakimə edər, cəmiyyət onu qiymətləndirər, tarix isə haqqında hökm verər. Ancaq elə bir hakim var ki,nə qorxur, nə də kiminsə hökmü ilə dəyişir. O hakim insanın öz vicdanıdır.
Vicdan insanın daxilində yanan elə bir çıraqdır ki, onu heç bir qaranlıq söndürə bilməz. İnsan bəzən hamını aldada bilər, hətta özünü də haqlı göstərməyə çalışar. Lakin gecənin sakitliyində, sükutun hökm sürdüyü anlarda vicdan öz hökmünü verir. O hökm nə məhkəmə qərarıdır, nə də insanların alqışı. O hökm insanın öz ürəyində yazılır.
Ədalət yalnız məhkəmə zallarında axtarılmamalıdır. Ədalət əvvəlcə insanın vicdanında doğulmalıdır. Vicdan susduğu yerdə qanun da zəifləyir, haqq da tapdanır, insanlıq da sarsılır. Çünki vicdanını itirən insan doğru ilə yalanın, haqq ilə nahaqqın sərhədini görməkdə çətinlik çəkir.
Tarix göstərir ki, vicdanı ilə yaşayan insanlar bəzən çətinliklərlə üzləşsələr də, adlarını şərəflə tarixə yazdırıblar. Vicdanını mənfəətə dəyişənlər isə bir müddət qazansalar da, zamanın hökmü qarşısında uduzublar. Çünki zaman hər şeyi unutsa da, vicdansızlığı heç vaxt bağışlamır.
İnsan böyük vəzifələrə sahib ola bilər, yüksək məqamlara çata bilər, saysız-hesabsız mükafatlar ala bilər. Amma vicdanının qarşısında məğlub olubsa, əslində heç nəyə nail olmayıb. Ən böyük mükafat insanın öz vicdanı qarşısında alnıaçıq dayanmasıdır.
Bu gün cəmiyyətimizin ən çox ehtiyac duyduğu dəyərlərdən biri də məhz vicdandır. Valideyn vicdanlı olarsa, övlad doğru tərbiyə alar. Müəllim vicdanlı olarsa, savadlı nəsil yetişər. Rəhbər vicdanlı olarsa, ədalət bərqərar olar. Vətəndaş vicdanlı olarsa, dövlət daha da güclənər.
Vicdan insanın görünməyən pasportu, susmayan şahidi və ömür boyu yanında gəzən hakimidir. Onun hökmündən qaçmaq mümkün deyil. Çünki insan başqalarının gözündən gizlənə bilər, amma öz vicdanından heç vaxt gizlənə bilməz.
Famil Məmmədov