Ermənistan Azərbaycana yeni təklif göndərib
İrəvanın təklifinin həqiqətənmi sülhə xidmət etdiyini, yaxud sadəcə imitasiya olduğunu zaman göstərəcək
Ermənistanın baş nazirinin müavini Mger Qriqoryan Azərbaycan baş nazirinin müavini Şahin Mustafayevə Ermənistanla Azərbaycan arasında sərhədin demarkasiyası üzrə komissiyaların iclasının keçirilməsi təklifini göndərib. Təklifin məqsədi xüsusilə Ermənistan-Azərbaycan sərhədində gərginliyə səbəb olan aktual məsələləri müzakirə etməkdir. Ermənistan xarici işlər nazirinin müavini Vahan Kostanyan deyib ki, İrəvanla Bakı arasında sülhün alternativi yoxdur. Lakin onun sözlərinə görə, Ermənistan və Azərbaycan sərhədində hələ də toqquşmalar var, insanlar ölür, belə bir şəraitdə nəqliyyat əlaqələrinin bərpası ilə bağlı danışıqlar aparmaq çətindir: "İrəvan və Bakı bir sıra əsas məsələlər, o cümlədən sərhədlərin delimitasiyasının hansı ilin xəritəsi əsasında aparılmalı olduğunu hələ razılaşdırmayıb".
O, həmçinin Bakı-Xankəndi dialoqu haqda razılaşmanın olmadığını əlavə edib. Rusiya baş nazirinin müavini Aleksey Overçuk da bildirib ki, tərəflərin mövqeləri bir-birindən kifayət qədər uzaqdır, lakin iş davam edir: “Hamı başa düşür ki, Azərbaycanla Ermənistan arasında sülhə alternativ yoxdur. Sülhə nail olmağın ən yaxşı yolu qarşılıqlı əlaqə imkanlarını açmaq, ümumi yol qurmaqdır. Bu yoldan insanlar istifadə edəcək, mallar daşınacaq, daha sonra səyahət ediləcək, normal həyat və ticarət başlayacaq, köhnə narazılıqlar tədricən arxa plana keçəcək”. Kommunikasiyaların açılma müddətinə gəlincə, Overçuk qeyd edib ki, hələlik bu suala dəqiq cavab yoxdur, amma baş nazirin müavinlərindən ibarət üçtərəfli işçi qrupunda unikal münasibətlər formatı formalaşıb.
Politoloq Turab Rzayev bildirib ki, Azərbaycan-Ermənistan arasında sərhədin demarkasiyası üzrə komissiyaların iclaslarının keçirilməsi normaldır və əslində komissiyaların yaradılmasının səbəbi də elə sərhəddə demarkasiya məsələsinə nəzarət olunmasıdır. Ekspertin fikrincə, reallıqda komissiyaların iclaslarının keçirilməsi ilə bağlı İrəvanın təklifinin həqiqətənmi sülhə xidmət etdiyini, yaxud sadəcə imitasiya olduğunu zaman göstərəcək: "Ermənistan həqiqətənmi sülhə, əmin-amanlığa çalışır? Niyyəti bölgədə iqtisadi rifahın təmin olunması, nəqliyyat xətlərinin açılmasıdırmı? Yoxsa çalışırlar ki, son günlər Azərbaycana qarşı təxribatları hansısa formada cavabsız, cəzasız qalsın. İstənilən halda Ermənistan rəhbərliyi müharibənin başlanmasını istəmir. İrəvan hökuməti müəyyən qədər sülhə meyillidir. Sadəcə, Ermənistan daxilindəki bəzi qüvvələr həm hakimiyyət içində, həm də müxalifətdə hökumətə müqavimət göstərirlər. "Qarabağ klanı" Ermənistan ordusunda, hüquq-mühafizə və təhlükəsizlik xidmətində ciddi təsirə malikdir. Çalışırlar ki, Paşinyan hakimiyyəti uğursuz olsun, çıxılmaz vəziyyətə düşsün. Bununla yenidən hakimiyyətə gəlmək, həm də öz maraqlarına, eyni zamanda təlimat aldıqları Rusiyanın maraqlarına uyğun addımlar atırlar. Xatırlayırsızsa, bir müddət əvvəl baş vermiş təxribatın ardınca Baş nazir Nikol Paşinyan açıqlama verdi ki, orduya belə bir tapşırıq verməyib. Əslində Paşinyan dolayı yolla etiraf edirdi ki, ordu içindəki təxribatçılar İrəvana yox, Moskvaya tabedir. İndi də Paşinyana təzyiq göstərmək üçün belə təxribatlara gedə bilərlər. Lakin İrəvan hökuməti özü də vaxt udmağa çalışırsa, o zaman hökumət üzvlərinin açıqlamaları da qeyri-səmimidir".