Rusiya XİN: Türkiyə ilə Suriya arasında münasibətlərin normallaşmasına ümid edirik

Rusiya Suriya ilə Türkiyə arasında münasibətlərin normallaşması ilə bağlı yol xəritəsi üzərində işlərin irəliləməsinə ümid edir.

APA-nın Moskva müxbiri xəbər verir ki, bunu Rusiya Federasiyası Prezidentinin Yaxın Şərq və Afrika üzrə xüsusi nümayəndəsi, xarici işlər nazirinin müavini Mixail Boqdanov bildirib.

Qeyd edək ki, Astanda Rusiya, Türkiyə, Suriya və İran xarici işlər nazirləri müavinlərinin görüşü keçirilir.

Boqdanov bu formatda görüşün Dəməşqlə Ankara arasında münasibətlərin normallaşması problematikasına həsr olunduğunu söyləyib. "Bu çox vacib prosesdir. Bu münasibətlər ərazi bütövlüyünə qarşılıqlı hörmət, Suriya və Türkiyənin suverenliyi və vahidliyi kimi razılaşdırılmış prinsiplərlə qurulmalıdır. Son 12 ildə bir çox problemlər yaranıb. Bunlar suriyalı qaçqınlar, təhlükəsizlik məsələləri və əlbəttə ki, terrorçuluğa birgə mübarizə problemləridir. Əlbəttə ki, ABŞ qoşunlarının Suriya ərazisində qanunsuz mövcudluğu, iqtisadi və humanitar problemlər də var. Ona görə də, bu çox vacib prosesdir. Bu proses həm XİN xətti, həm də Müdafiə Nazirliyi və xüsusi xidmət orqanlarının xətti ilə aparılır. Mayın 10-da Moskvada Rusiya, Türkiyə, Suriya və İran XİN başçılarının görüşü keçirilib və bizə Dəməşq-Ankara münasibətlərinin normallaşması ilə bağlı yol xəritəsinin hazırlanması tapşırılıb. Yol xəritəsi üzərində işlərin irəliləməsinə ümid edirik".