- Vətəndaş alış-veriş etdiyi marketdə “ƏDV geri al” tətbiqindən istifadə edə bilmirsə, deməli, ona verilmiş kassa çekində VÖİN yoxdur
Son zamanlar marketlərdə və digər satış nöqtələrində istehlakçı hüquqlarının pozulması halları çoxalıb. Marketlərdə mövcud olan bonus kartları əvvəlki kimi fayda vermir, bonuslar kateqoriyalara ayrılıb və çox az məhsul bonus qazandırır.
Apteklərdə isə bəzən “internet işləmir, bonus kartına əlavə edə bilmirik” deyib müştərini karta heç nə vurmadan yola salırlar. Marketlərdə isə daha betər hadisələr baş verir. Elə marketlər var, müştərilərə ƏDV faizi ödəməkdən aşkar şəkildə imtina edir. Məsələn, paytaxtın Suraxanı rayonu, Qaraçuxur qəsəbəsi, köhnə adı İlqar Musayev, yeni qayda ilə Şahmar Səfərov küçəsində yerləşən “Günəşli” marketdə alış-veriş zamanı kassa çeki verilsə də, “ƏDV geri al” tətbiqinə əməl edilmir. Kassa çekləri QR kodsuz verilir, nəticədə ƏDV-ni əlavə etmək mümkün olmur. Niyə ƏDV verilmir, soruşduqda isə kassirlər “müdüriyyət ƏDV aparatlarını yığışdrıb” deyirlər, səbəbini də izah edə bilmirlər. Belə hallar vaxtaşırı təkrarlanır. Gah kassa aparatının işləmədiyi məlum olur, gah da ƏDV vuran aparatın xarab olduğu.
Azad İstehlakçılar Birliyinin sədri Eyyub Hüseynov Sherg.az-a açıqlamasında bildirdi ki, bu, açıq şəkildə vergidən yayınmadır: 
- Market dövlətin qanunlarını pozur, dövlətin sosial siyasətini sabotaj edir, çox güman ki vergidən yayınır. Vətəndaş alış-veriş etdiyi marketdə “ƏDV geri al” tətbiqindən istifadə edə bilmirsə, deməli, ona verilmiş kassa çekində VÖİN yoxdur, vergi ödəyəcisinin adı da göstərilməyib. Bu, qanun pozunusudur, istehlakçı hüquqlarının pozulmasıdır. Belə halla qarşılaşdıqda vətəndaşlara məsləhət görürəm ki, İqtisadiyyat Nazirliyinin 195 “Qaynar Xətt”inə, yaxud 012. 599. 76.00 nömrəsinə zəng edib məlumat versinlər. Eyni zamanda Azərbaycan Respublikası Prezidenti yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyinə müraciət etsinlər.