Zemfira Budaqova:"Altı o dərəcədə boş olan ərazidə böyük tikililər, dərin metro tikilməməliydi"
"10-12 il bundan əvvəl də Bayılda sürüşmə baş verdi və ayrılan layları bağladılar. Ancaq bu problemi həll etmədi”.
Bu barədə "Sherg.az”a Bayıl yamacında, Bakı Televiziya Qülləsinin yaxınlığındakı sürüşmə ilə bağlı məlumat verərkən Müstəqil Memarlar Assosiasiyasının rəhbəri Zemfira Budaqova bildirib.
O vurğulayıb ki, bu tip problemlərin yaranma səbəblərindən biri iqlim dəyişikliyidir:
"Yer kürəsində soyuq zonalarda istiləşmə, isti zonalarda soyuqlaşma gedir. İqlimin dəyişməsi, Yer kürəsinin oxunun yerindən oynaması nəticəsində belə dəyişikliklər baş verib. Xəzər dənizi yeraltı çaylar vasitəsilə okeanlarla əlaqəlidir. Xəzər dənizinə çıxan Abşeron yarımadası 7 metrlik gil üzərində "oturur”. Həmin gilin ağırlaşması, hündür binaların tikilməsi sürüşmə yaradır.
Dəfələrlə çoxmərtəbəli binaların dənizə yaxın tikilməsinə etiraz etmişəm. Bu binalar ancaq qayalar üstündə tikilə bilər. Həmçinin çoxmərtəbəli binalar bir qədər məsafəli tikilməlidir. Bizdə bu normaları gözləmirlər, şəhərsalma qaydalarına riayət etmirlər. Binaların tikilməsi nəticəsində yaranan ağırlıq torpağın qaldıra biləcəyindən artıq olur. Bayılda son vaxtlar yeni tikililərin sayını artırıblar. Təbii ki, bu məqamda sürüşmə baş verəcək. Həmin ərazidən ancaq insanları köçürmək, özbaşına qoymamaq lazımdır”.
Sürüşmə təhlükəsi olan digər bölgələr haqqında da məlumat verən Z.Budaqova vurğulayıb ki, növbəti sürüşmə zonası Günəşli ola bilər:
"Orada da hazırda sürüşmə təhlükəsi qalır. Həmçinin Dağüstü parkın yanındakı "Alov qüllələri”də təhlükə altındadır. "Sahil” metrosu da təhlükəli ərazidə salınıb. Metronun "Sahil” stansiyasında çökmə baş verə bilər. Altı o dərəcədə boş olan ərazidə böyük tikililər, dərin metro tikilməməliydi".
Qeyd edək ki, sürüşmə ilə bağlı Səbail Rayon İcra Hakimiyyətində yaradılmış xüsusi qərargahın iclası keçirilib. Qərargahın iclasından sonra Səbail Rayon İcra Hakimiyyəti və Polis İdarəsinin əməkdaşları həmin ərazidə olaraq sakinlərlə görüşüblər.
Təhlükəsizlik nöqteyi-nəzərindən sakinlərə müvəqqəti olaraq evlərini tərk etmələri, qohumları və yaxınlarının evlərinə köçmələri təklif olunub.Sakinlərin köçürülməsi üçün ərazidəki idarə, təşkilat və müəssisələrdə müvəqqəti sığınacaq yaradılıb. Ərazi polis nəzarətinə götürülüb.
Aysel Aslan