"....Avropa rəsmiləri mövqelərinə düzəliş etdi" - MÜSAHİBƏ
Adil Əliyev: "Azərbaycana qarşı yönəltdikləri iddiaların əsassız olduğunun fərqindədirlər. Buna görə, artıq Avropa yenidən Azərbaycanı özünə dost dövlət kimi görür"
Ümumdünya İqtisadi Forumunun illik sessiyası 48-ci dəfə İsveçrənin Davos şəhərində keçirilir. Yanvarın 26-na qədər davam edəcək forumda ötən il qatılmayan ABŞ prezidenti Donald Tramp da iştirak edir. Trampdan başqa, forumda Fransa lideri Emmanuel Makron, Azərbaycan Prezidenti İlham Əliyev, Almaniya kansleri Angela Merkel, Böyük Britaniyanın baş naziri Tereza Mey, Avropa Komissiyasının rəhbəri Jan Klod Yunker, Hindistanın baş naziri Narendra Modi, Kanada baş naziri Castin Tryudo, İsrail baş naziri Binyamin Netanyahu, Ukrayna prezidenti Petro Poroşenko və digər dövlət və beynəlxalq təşkilat rəhbərləri qatılır.
Forum çərçivəsində "Strateji perspektivlər: Avrasiya” adlı panel müzakirələrində çıxış edən prezident İlham Əliyev iqtisadi, siyasi, hərbi və s. istiqamətdə bir çox məsələlərə toxunub, və ölkəmizin gələcək perspektivlərindən söz açıb.
Biz də "Sherg.az" olaraq ölkə başçısının forumda toxunduğu mühüm məsələlərlə bağlı millət vəkili Adil Əliyevin münasibətini öyrəndik.
Müsahibəni təqdim edirik:
-Prezident İlham Əliyev forumda çıxışı zamanı Rusiya ilə hərbi-texniki əməkdaşlıq məsələsinə toxunub, yeni sazişlər üzrə danışıqlar aparıldığını bildirib. Ümumiyyətlə, Azərbaycan və Rusiyanın hərbi əməkdaşlığından narahat olan qüvvələr varmı?
-Azərbaycanın qonşu dövlətlərlə, böyük güc sahibləri ilə, hərbi sənayesi inkişaf etmiş ölkələrlə hərbi əməkdaşlığını qısqanan dövlətlər olub və olacaq. Elə başlıca olaraq, düşmən ölkə addımlarımızı, müsbət gedişlərimizi izləyir. Hər zaman iki qonşu dövlətin yaxınlaşmasını istəməyən, mövqesizlik nümayiş etdirərək aranı qızışdıran Ermənistan fəaliyyətdədir. Bu baxımdan dövlət başçısının siyasi kursunu hər birimiz dəstəkləyirik və cənab prezidentin gördüyü işləri, addımlarını yüksək qiymətləndiririk. Bu addımlar Azərbaycanın firəvan gələcəyi, təhlükəsizliyi və dünyada yüksək mövqeyi üçün önəmlidir.
-Beynəlxalq təşkilatların, xüsusilə Avropa Şurasının (AŞ) son illərdə Azərbaycana qarşı qərəzli mövqeyinin şahidi olduq. Lakin hazırda bu münasibət nisbətən yumşalmağa başlayıb. İndiki məqamda Azərbaycanın AŞ-dakı mövqeyini necə qiymətləndirirsiniz?
-AŞ-da Azərbaycanın mövqeyi stabil olaraq qalıb. Sadəcə Avropanın baxış prizması zaman-zaman dəyişir. Biz siyasi kursumuzu dövlətin mövqeyinə, təhlükəsizliyinə, iqtisadi durumuna, ictimai-siyasi sabitliyinə uyğun qururuq. Mövqeyimizi heç zaman dəyişməmişik. Son illərdə düşmənlərimizin təbliğat xarakterli işləri, qarayaxmalara əl atması, ikili standartlarla yanaşmaları AŞ-da dövlətimizə qarşı münasibəti dəyişmişdi. Amma Avropa rəsmiləri dərk etdilər ki, Azərbaycan stabil, demokratik dövlətdir və hər zaman beynəlxalq təşkilatlarla, Rusiya, ABŞ və s. dövlətlərlə əməkdaşlığa hazırdır. Bir şərtlə ki, Azərbaycanın mövqeyi daim saxlansın və statusu dəyişməsin. Azərbaycanın gələcək inkişafını, bu istiqamətdə müsbət addımlarını müşahidə etdikdən sonra Avropa rəsmiləri mövqelərinə düzəliş etdi. Azərbaycana qarşı yönəltdikləri iddiaların əsassız olduğunun fərqindədirlər. Buna görə, artıq Avropa yenidən Azərbaycanı özünə dost dövlət kimi görür. Onların yaxınlaşmaq istəyinə biz də etiraz etmirik.
-Ölkə başçısı qonşu dövlətlərin Azərbaycan üçün əhəmiyyətindən də danışıb. Prezidentin bu firkilərindən yola çıxıb region dövlətlərinin bir-biri ilə əlaqəsini necə izah dərdiniz?
-Azərbaycanın mövqeyi həmişə qonşularla müsbət əlaqələr qurmaq yönündə olub. Eyni quru və su sərhədlərini bölüşdüyümüzə görə, qonşu dövlətlərlə normal münasibət saxlamağımız zəruridir. Hətta bu münasibətləri daha da gücləndirməli, əlaqələri inkişaf etdirməliyik. Təbii olaraq, bu istiqamətdə öz milli maraqlarımızı təmin etməklə bərabər, qonşu dövlətlərin maraqlarına da önəm verməliyik. Bu gün daim təxribatla məşğul olan, hiyləgər Ermənistan Azərbaycanı nüfuzdan salmağa, vəziyyətdən özləri yararlanmağa çalışır. Amma Azərbaycan bunun fərqindədir. Ölkə başçısının həyata keçirdiyi siyasət də məhz bu münasibətləri nəzərə alaraq aparılır.
-Davos Forumunda müzakirə olunan digər məsələ neftin dünya bazarlarında qiyməti oldu. Ötən il OPEC ölkələri neft hasilatının azaldılması ilə bağlı qərarlar qəbul etdi. Bu il də neftin bazar qiymətinin tənzimlənməsi istiqamətində bu cür addımlar atılacaqmı?
OPEC-in neft hasilatının azaldılması ilə bağlı araşdırmaları, üzv ölkələrin atdığı addımlar neftin qiymətinin aşağı düşməyəcəyinə zəmin yaradır. Qiymətlərin artması Azərbaycanın büdcəsinə də müsbət təsir edəcəkdir. Neftin qiyməti büdcədə nəzərdə tutulan qiymətdən yüksək olarsa, əlavə gəlirlər Azərbaycan Dövlət Neft Fondunda cəmlənir və Azərbaycanın valyuta ehtiyatlarının artırmasına xidmət edir. İnanıram ki, neftin qiymətinin dünya bazarlarında tənzimlənməsi istiqamətində görülən tədbirlər öz nəticəsini verəcəkdir.
Aysel Aslan