Ermənilərin əndişəsi səbəbsiz deyil

Türkiyənin gücü və iradəsindən sonra Azərbaycan da Qarabağda antiterror əməliyyatlarına başlaya bilər





Ermənistan terrorçuları Azərbaycan ərazisinin bir hissəsini hələ də işğal altında saxlayır. Dağlıq Qarabağ konfliktinin tənzimlənməsi üzrə aparılan danışıqlar prosesi də məhz Ermənistanın qeyri-konstruktivliyi üzündən heç bir nəticə vermir. Beynəlxalq təşkilatlar, ATƏT-in Minsk Qrupunun həmsədr ölkələri də bu fonda İrəvana hər hansı təzyiq göstərmirlər.

Ancaq qardaş Türkiyənin timsalında görürük ki, bu ölkə özünün ərazi bütövlüyünə təhlükə yaranan kimi, dərhal həmin təhlükənin aradan qaldırılması üçün hərəkətə keçir. Bu fonda Azərbaycan da Qarabağda antiterror əməliyyatlarına start verə bilər. Türkiyənin Afrində həyata keçirdiyi uğurlu antiterror əməliyyatı dalğasının Dağlıq Qarabağa da çatacağı ehtimalı belə Ermənistanda qorxu yaratmağa kifayət edib.

 Erməni politoloq Ruben Safrastyan Afrin əməliyyatının İrəvan üçün təhlükəli nəticələrə səbəb ola biləcəyini deyib. Onun sözlərinə görə, Türkiyənin güclü iradə ilə atdığı addımlar təkcə Yaxın Şərq regionu üçün yox, qonşu ölkələr, xüsusilə Ermənistan üçün yaxşı gələcək vəd etmir: "Bizim üçün baş verənlər kontekstində Qarabağda hadisələrin necə inkişaf edəcəyi əhəmiyyətlidir. Suriyadakı münaqişənin Qarabağ münaqişəsi ilə düz xətt üzrə əlaqəsi yoxdur. 

Lakin ortada Türkiyənin gücü və bu gün ortaya qoyduğu iradə var. Bu baxımdan, hadisələrin Cənubi Qafqaza qədər gəlib çıxa biləcəyi ehtimalı mövcuddur”. Ölkə ictimaiyyətinin əksər nümayəndələri də hesab edirlər ki, Azərbaycan ordusu Qarabağda antiterror əməliyyatına başlamalıdır. Çünki bu məsələ beynəlxalq hüququn tələbidir. Onların fikrincə, heç bir ölkə sərhədlərində terror qruplaşmalarının fəaliyyətinə razı ola və bunun milli təhlükəsizliyinə təhdid yaratmasına göz yuma bilməz. İşğal altında olan Qarabağın terror təşkilatlarının yuvasına çevrildiyi heç kimə sirr deyil. 

Bu, nəinki təkcə Azərbaycan, ümumiyyətlə, bölgə və dünya üçün ciddi təhlükə yaradan amildir. Qarabağda PKK terror təşkilatının təlim keçməsi və orada yuvalanması, eyni zamanda, işğal altında olan ərazilərin narkotacirlərin fəaliyyət sferasına daxil olması çox ciddi təhlükə mənbəyidir. Bütün bu amillər Azərbaycana əsas verir ki, Qarabağda antiterror əməliyyatlarına start versin.

Məsələ ilə bağlı "Şərq”ə danışan politoloq Əhəd Məmmədli deyib ki, region və dünyada Türkiyənin söz sahibi olması bir çoxlarını qorxudur, o cümlədən Ermənistanı. 
Ekspertin sözlərinə görə, düşmənlərimizin əndişəsi başadüşüləndir: 

"Azərbaycanın anti-terror əməliyyatı aparmağa bir neçə dəfə imkanı olub. Təəssüf ki, müəyyən səbəblərdən bu imkanlardan yararlanmamışıq. Xüsusən, ikinci çeçen müharibəsi və 11 sentyabr terror hadisələrindən sonra Azərbaycan ordusu Qarabağda anti-terror əməliyyatı keçirə bilərdi. İndi yeni dövrün şərtlərinə uyğun olaraq Azərbaycanın anti-terror əməliyyatı keçirməsi mövzusu yenə gündəmə gəlib. Səbəb isə Türkiyənin regionda gücünün artması, Türkiyə-Rusiya münasibətlərinin yaxınlaşmasıdır. Fikrimcə, bu iki səbəbdən Azərbaycan öz xeyrinə yararlana bilər və yararlanmalıdır. Erməniləri də qorxudan məhz budur. Ötən əsrin əvvəllərində Türkiyə-Rusiya yaxınlaşması nəticəsində Naxçıvanla, Qarabağ Azərbaycanın tərkibində qalıb. Düşünürəm ki, qardaş Türkiyə gücləndikcə, üstəlik, Türkiyə-Rusiya münasibətləri daha da yaxınlaşdıqca, Azərbaycan bu imkandan maksimum dərəcədə yararlanmalı və 25 ildən çoxdur işğal altında olan torpaqlarını azad etməlidir”.

Analitik hesab edir ki, Türkiyə-Rusiya yaxınlaşdıqca, rus faktorunun riski azalacaq: 

"Bu reallığı ən yaxşı dərk edən düşmən ermənilərdir. Son dönəmlər rus-erməni münasibətlərində çatlar yaranmağa başlayıb. Diplomatiyamız və Rusiyadakı lobbimiz çalışmalıdır ki, bu çatlar daha da dərinləşsin. Ermənistanda artmaqda davam edən anti-rus əhval ruhiyyəsi var. Bunu da Azərbaycan öz xeyrinə çevirməyə bacarmalıdır. Əgər vurğuladığım şərtləri Azərbaycan öz xeyrinə çevirə bilərsə, Qarabağda anti-terror əməliyyatı keçirmək üçün yaxşı imkanlarımız yaranacaq”.

"Rusiya buna qarşı çıxacaq və öz for-postuna kömək edəcək. ABŞ və Avropa, İran Azərbaycanı hərbi
əməliyyatları dayandırmağa çağıracaq”

"İmkan olsaydı, Azərbaycan öz konstitusion hüquqlarını işğalda olan torpaqlarımızda tətbiq edərdi”. Bunu isə "Sherg.az”a siyasi şərhçi, "Tolerantlıq” Sosial Araşdırmalar Birliyinin sədri Azər Rəşidoğlu deyib. O vurğulayıb ki, hələlik erməni terrorçularını işğal altındakı torpaqlarından təmizləmək Bakının istəyindən asılı deyil: "Türkiyənin Afrin əməliyyatı Rusiya və ABŞ arasındakı qarşıdurmanın təzahürləri idi. Həmin bölgədə ABŞ-ın silahlandırdığı PYD-nin durmasına baxmayaraq, rus hərbi birləşmələri də var idi. Türkiyə ABŞ və Rusiya qoşunları arasındakı ziddiyyətlərdən istifadə edərək, sərhədlərinə yönələn təxribatları kənarlaşdıra bildi. Azərbaycan əməliyyatlara başlayarsa, tərəflərə qarşı "sülhə vadar etmə” addımı işə düşəcəkdir. Ermənistana belə bəhanə lazımdır ki, Azərbaycanın öz vətəndaşları olan erməni əhalisinə qarşı divan tutduğunu bəyan etsinlər. Ona görə, savaşa başlamaq həmişə mümkündür, amma beynəlxalq səviyyədə necə qəbul olunacağı da önəmlidir. Rusiya buna qarşı çıxacaq və öz for-postuna kömək edəcək. ABŞ və Avropa, İran Azərbaycanı hərbi əməliyyatları dayandırmağa çağıracaq. Bu məsələdə yeganə strateji müttəfiqimiz olan Türkiyənin isə dəstəyi bəyanat verməkdən uzağa getməz. Dünyanın mövqeyi Azərbaycanın yanında olmadığına görə, rəsmi Bakı bunu nəzərdən keçirmir”.

İsmayıl