"Körpəni zibil yeşiyinə qoyub küçəyə atanlara qarşı cinayət işi..."





"Vətəndaş övladına baxmaq məsələsində dövlət tərəfindən məcbur edilmir, heç bir ölkədə bu sistem yoxdur”.

Bunu "Sherg.az”a valideynlərin vaxtından əvvəl dünyaya gələn, azçəkili körpələrin yaşamağını istəməməsindən danışarkən Sağlam Cəmiyyət İB-nin sədri Lalə Mehralı deyib. 

O vurğulayıb ki, əgər dövlət hansısa məcburetmə tədbirləri görsə belə, valideyn uşaqdan qurtulmağı beyninə yerləşdiribsə, bunu istənilən formada edəcək:

"Bu, tamamilə vicdan və insanlıq hissinə bağlı olan məsələdir. Amma dövlət yarımçıq doğulmuş uşaqların baxımı, müalicəsi üçün imtiyazlar versə, məncə, vəziyyət nisbətən yüngülləşər. Düzdür, buna da 100 faiz inanmıram. Çünki övladına məhəbbət hissi, valideyn məsuliyyəti olanda dəstək, kömək gözləmədən valideyn uşağa baxır.

Körpəni zibil yeşiyinə qoyub küçəyə atanlara qarşı cinayət işi açmaq lazımdır. Bu valideynlik məsuliyyətindən əvvəl cinayətdir, insanı bilərəkdən ölümə tərk etməkdir. Bir neçəsi bu yolla cəzalandırılsa, başqasına da görk olar”.

Qeyd edək ki, uşaq cərrahı və uroloqu Aqil Əbilov vaxtından əvvəl doğulmuş körpələrlə bağlı sosial şəbəkələrdə maarifləndirici videolar paylaşır. O deyib ki, valideynlər erkən doğuşlarda övladdan tez imtina etməməlidir, onlara bir yaşama şansı vermələri kifayətdir. Həkim qarşılaşdığı hadisəni də bölüşüb: "Uşaq cəmi 370 qram doğulmuşdu. Həyatımda gördüyüm vaxtından əvvəl doğulmuş ən balaca canlı idi. Adətən belə körpələr küvəzdə süni tənəffüs verilərək saxlanılır. 22 həftəlik olsa da, özü nəfəs alırdı ehtiyacı yox idi. Təəssüf ki, ailəsi yaşamasını istəmədi”.

Aysel Aslan