NATO və Rusiya generalı Bakıda Suriyanı çözəcək

Ukrayna böhranının müzakirə olunması gözlənilmir



Yanvarın 26-da NATO generalı Kertis Skaparotti ilə Rusiya Silahlı Qüvvələrinin Baş Qərargah rəisi Valeri Gerasimovun Bakıda görüşü olacaq. Məlumata görə, Gerasimovla Skaparotti Azərbaycanın hərbi-siyasi rəhbərliyi ilə də bir araya gələcək. Xatırladaq ki, Rusiyanın strateji tərəflərlə görüş yeri kimi Bakını seçməsi ilk hal deyil.

Bundan öncə də Bakıda Valeri Gerasimovla amerikalı general Cozef Danfordun gözlənilməz görüşü olub. Sentyabrda isə Gerasimov Bakıda NATO Hərbi Komitəsinin rəhbəri Petr Pavel ilə görüşüb. Əlbəttə, görüş yeri kimi paytaxtımızın seçilməsi Azərbaycanın dialoq məkanı üçün ən uyğun yer olduğunu göstərir və ölkəmizin nüfuzundan xəbər verir. 

Bəs, iki generalın mühüm görüşündə hansı məsələlər müzakirə olunacaq?

Məsələ ilə bağlı "Şərq”ə danışan "Atlas” Araşdırmalar Mərkəzinin rəhbəri Elxan Şahinoğlu danışıqların əsas predmetinin Suriya ilə bağlı olacağını deyib. 
Ekspertin sözlərinə görə, ABŞ və Rusiyanın Suriyada müəyyən qədər əməkdaşlığı var: 

"Düzdür, Rusiya tərəfi Amerikanın Suriyadakı rolundan narazıdır. Türkiyə də haqlı olaraq narazılığını ifadə edir. Çünki Vaşinqton Yaxın Şərqdəki kürd terrorçuları silahlandırmaqla məşğuldur. Buna baxmayaraq, tərəflər arasında müəyyən koordinasiya var. 

Bir müddət əvvəl Bakıda baş tutan generalların görüşündə də məhz bu koordinasiya məsələsi gündəmə gəlmişdi. Məsələnin yenidən müzakirəsi çox vacibdir. Faktiki olaraq Suriyada DAEŞ terroruna son qoyulub. 

Ancaq bu o demək deyil ki, bölgədə ümumiyyətlə, terrorun kökü kəsilib. Onlar hər an yenidən fəaliyyətə keçə bilərlər. Bu səbəbdən ABŞ və Rusiya çalışır ki, biri-birinə mane olmadan Suriyada fəaliyyətlərini davam etdirsinlər. İndiki görüşün də məqsədi budur”.

 Ekspert görüşdə Ukrayna məsələsinin də müzakirə olunacağına inanmadığını deyib: 

"Ukrayna məsələsi Baş Qərargah rəislərinin müzakirə edə biləcəyi mövzu deyil. Bu, daha çox siyasətçilərin işidir. Suriyada isə vəziyyət hərbi nöqteyi-nəzərdən müzakirə olunur, ona görə də görüş hərbiçilər arasında keçirilir”.

İsmayıl