Təklif effektiv ola bilər, amma gərək yaxşı işlənsin
Parlamentin Ailə, qadın və uşaq məsələləri komitəsinin üzvü Sədaqət Vəliyeva boşanmaların sayının azalması üçün təklif verib. O bildirib ki, Ailə Məcəlləsinə dəyişiklik edilməli və nikah müqaviləsi məcburiləşdirilməlidir.
S.Vəliyevanın sözlərinə görə, bu müqavilə məcburi olarsa, boşanmaların sayı azalar: "Azərbaycanda boşanmaların sayı çoxalıb. Bunun səbəbi məsuliyyətin olmamasıdır. Nikah müqaviləsi məcburiləşdirilməlidir. Burada könüllük olmamalıdır. Bu müqavilə olmadıqda boşanmaların sayı getdikcə artır. Belə olan halda da uşaqları anaları saxlayır. Bəzən də uşağı tərəflərin heç biri saxlamır”.
Görəsən, müqavilənin məcbur olması boşanmaların sayının azalmasına xidmət edəcək, yoxsa evliliklərin? Belə çıxır ki, boşanmaq istəyən şəxs müqavilə var deyə boşana bilməyəcək, lakin ortada bir məcburiyyət duyğusu var. Bəs onda ailə dəyərləri və münasibətləri nə yerdə olacaq?
"Sağlam Cəmiyyət” İctimai Birliyinin sədri Lalə Mehralının "Şərq”ə açıqlamasına görə, təklif effektiv ola bilər, amma gərək yaxşı işlənsin və Məcəlləyə müvafiq əlavələr daxil edilsin:
"Nikah müqaviləsi hazırda mal-mülk paylaşımı üçün bağlanır, boşanma hallarında kimə nəyin düşəcəyi müəyyənləşdirilir. Siz bu müqavilənin nümunəsinə baxsanız görərsiniz ki, ailənin ən vacib fərdi - uşaq və onun hüquqları bu müqavilədə qeyd edilmir, çünki nikah müqaviləsi bağlananda heç kim boşanacağını düşünmür. Təbiidir, axı insanlar boşanmaq üçün evlənmir. Amma sabah nə olacağını bilmədiyimiz üçün nikah müqaviləsində tək mal-mülk yox, boşanma halında uşaqların gələcəyinin, təhsilinin, təlim-tərbiyəsinin də planlaşdırması olmalıdır. Belə olan halda boşanmalar azalacaqmı, onu deyə bilmərəm. Çünki bəzən elə hallar olur ki, boşanmaq qurtuluş olur, bəzən isə elə anlar olur ki, boşanmaq sadəcə qaçmaq, məsuliyyətdən yaxa qurtarmaq deməkdir. Aliment verməyən, övladından imtina edən kifayət qədər çox boşanmış valideyn var. Bəlkə də valideyn bilsə ki, boşanmadan sonra onu nə gözləyir, uşaq üzərində nə kimi məsuliyyətləri var, o zaman adi söz-söhbəti böyüdüb boşanma həddinə çatdırmaz. Çünki biz hamımız bilirik ki, qarışqanı böyüdüb fil edərək boşananlar olduqca çoxdur. Övladına aliment verməmək üçün atalığından imtina edən, rəsmi iş yerini gizlədən, maaşını əldən alıb bank yolu ilə aliment tutulmasına nail olan kişilər də az deyil təəssüf.
Təklif olunan həll yolu effektiv olarsa, çox problem həll olunar. Məncə, tətbiq mexanizmi işlənsə və səhih bir forma təklif edilsə, daha çox şey söyləmək mümkündür”.
Yeganə Bayramova