Ermənistan Qarabağla bağlı yalan xəbərlər yayır ki, vəziyyətdən çıxsın
"Talış kəndində yaşayış binalarının inşa edilməsi ilə bağlı Ermənistan tərəfinin yaydığı xəbər məhz daxili auditoriyaya hesablanıb və prezident seçkiləri ərəfəsində təbliğat xarakteri daşıyır”.
Bunu Müdafiə Nazirliyinin mətbuat xidmətindən deyiblər. Nazirlikdən bildiriblər ki, aprel döyüşündən sonra Talış kəndi ətrafındakı yüksəkliklər Azərbaycan Ordusu tərəfindən azad edilib.
Bu mövqelərindən yaşayış məntəqəsi və bu istiqamətdə düşmən müdafiəsinin dərinliyindəki digər strateji əhəmiyyətli kommunikasiya xətləri daim nəzarətdə saxlanılır: "Aprel döyüşlərindən sonra ermənilər tikinti işlərini Talış kəndi adı altında cəbhə xəttindən xeyli uzaqlıqdakı digər ərazidə aparırlar”. Nazirlikdən təqdim edilən fotolarda Azərbaycan Ordusunun yüksəklikdəki mövqelərindən aydın görünən Talış kəndidir. Burada hər hansı bir tikintinin aparılması müşahidə olunmur. Döyüş mövqelərinə bu qədər yaxın məsafədə olan ərazidə tikinti işlərinin aparılması mümkün deyil. Müdafiə Nazirliyi erməni mediasının "Azərbaycan tərəfi itkilər verib” iddialarına da cavab verib.
Nazirlikdən verilən açıqlamaya görə, ermənilərin hər tərəfdə gözlərinə Azərbaycan əsgəri görünür və bundan xoflanırlar: "Guya, cəbhə xəttində gərginliyin yaranması, Azərbaycan tərəfinin itkilər verməsi barədə Ermənistan tərəfinin təxribat məqsədi ilə yaydığı xəbərin heç bir əsası yoxdur. Ordumuz atəşkəs rejiminə tam riayət etməklə düşmənin istənilən hərəkətini nəzarətdə saxlayır. Bölmələrimiz heç bir itki verməyib”. Bir sıra ekspertlərə görə, erməni tərəfinin bu cür yalan informasiyaları daxili auditoriyaya və qarşıdan gələn seçkilərə hesablanıb.
Məsələni "Şərq”ə dəyərləndirən politoloq Sədrəddin Soltan deyib ki, hazırda Ermənistanda siyasi gərginlik hökm sürür. Analitik bildirib ki, bir yandan ermənilər Moskvadan üzülmək istəmir, digər yandan isə Avropa Birliyi ilə əməkdaşlıq etməyə çalışırlar:
"Yeni hökumətin formalaşması məsələsi var. Prezident vəzifəsi o dərəcədə əhəmiyyətli olmadığından bunu sövdələşmə predmeti edə bilərlər. Ermənistanın Böyük Britaniyadakı səfiri Armen Sarkisyanın namizədliyinin irəli sürülməsi bu prosesin başladığını ehtimal etməyə əsas verir. Rusiyaya qarşı sanksiyalara görə ehtimal etmək olar ki, Moskva Ermənistana əvvəlki kimi yardım edə bilmir.
Cari ildə Ermənistanda gündəlik tələbat mallarının qiymətinin bahalaşacağı vəziyyəti daha da mürəkkəbləşdirir. Son zamanlar Dağlıq Qarabağda Ermənistan ordusu əsgərlərinin müəmmalı şəkildə ölməsi və yaralanması da erməni cəmiyyətinə az təsir etmir. Ölkədə sosial, siyasi, hərbi, maliyyə, iqtisadi və s. problemlərin artması Ermənistan hakimiyyətini Dağlıq Qarabağla bağlı yalan informasiyalar yaymağa vadar edir”.
Siyasi şərhçi bildirib ki, Ermənistan belə şayiələrlə Azərbaycana qarşı təxribat hədəfləyir: "Bununla belə hakimiyyətin bütün təbliğatı daha çox ölkə əhalisinə hesablanıb. İrəvan bu sayaq addımları ilə sosial partlayışın qarşısını almağa çalışır.
Qeyd edim ki, cari ilin fevral və aprel aylarında Dağlıq Qarabağla bağlı tədbirlər keçiriləcək. Fevralın əvvəlində ATƏT-in Minsk Qrupunun həmsədrləri regiona səfər edəcəklər.
AŞ PA-nın Avropa Şurası ölkələri arasında münaqişələr üzrə Alt Komitəsinin sədri Stefan Şennak aprel ayında Dağlıq Qarabağ münaqişəsi ətrafında danışıqlara yenidən başlayacaqlarını deyib. Ona görə demək olar ki, Ermənistan bu tədbirlərdə üstün mövqe əldə etməyə səy göstərir”.
İsmayıl