Elnur Rüstəmov: " Bu, insanda stress də yaradır, dolayı olaraq ürək-damar problemlərinə, digər xəstəliklərə də yol açır. Hətta bəzən onkoloji problemlərə qədər gedib çıxır"
"Stressdən uzaq olmaq mümkün deyil. Sadəcə onu idarə etmək lazımdır”.
Bunu "Sherg.az”a ürək-damar problemlərinin artmasına psixoloji amillərin, stressin təsirindən danışarkən psixoloq Elnur Rüstəmov söyləyib.
O vurğulayıb ki, gündəlik həyatımızda qarşılaşdığımız stressi yönləndirmək üçün aktiv həyat tərzi keçirmək, öz sağlamlığımıza, günlük proqramımıza diqqətlə yanaşmalıyıq:
"Hər bir insanın günlük proqramı olmalıdır. İnsan işləsə də, işləməsə də, düzənli həyat tərzi qurmalıdır. O bilməlidir ki, səhər saat neçədə oyanmalı, saat neçədə yatmalı, gün ərzində nələrlə məşğul olmalıdır. Hazırda rejimsizlik ən ciddi problemlərimizdəndir. Bu, insanda stress də yaradır, dolayı olaraq ürək-damar problemlərinə, digər xəstəliklərə də yol açır. Hətta bəzən onkoloji problemlərə qədər gedib çıxır. Düzənli həyat yaşamaq vacibdir. Hər kəsin öz çapında problemləri var. Problemə yanaşma və onun aradan qaldırılması üçün atılan addımlar diqqətlə incələnməlidir. Ümumiyyətlə isə, sağlam, aktiv həyat tərzi bizi çox problemlərdən qoruya bilər”.
E.Rüstəmov gündəlik həyatımızda qarşılaşdığımız, mətbuatda oxuduğumuz xəbərlərin mənfi təsirlərindən yan keçməyin yollarından danışıb:
"İzolyasiya deyilən anlayış var. Bu psixoanalizdə müdafiə mexanizmidir. Belə ki, izolyasiya özü ilə baş verən hadisə arasında məsafə saxlayırsan. Bu, bütün peşə sahiblərinə, jurnalistlərə, psixoloqlara, hüquq sahəsində çalışanlara, sıravi vətəndaşlara – hər kəsə aiddir. Məsələn, molla hər gün dəfn mərasimində olur, hakim hökm verir, psixoloq çeşidli problemləri dinləyir, həkimlər əməliyyat edir və s. Ətrafdakı, işlərimizdəki mənfi olayları, problemləri qabartsaq, psixologiyamızı tamam korlayarıq. Belə hadisələrlə psixologiyamız arasında məsafə saxlamalıyıq. Mən psixoloqam, hər gün insanlarla işləyirəm. Nə etməliyəm, bir müddət sonra özüm də psixoloji sarsıntı yaşamalıyam?
Asudə vaxtımızı ailəmizlə, dostlarımızla keçirsək, peşəkar həyatımızda qarşılaşdığımız problemlər psixologiyamıza da ciddi təsir etməyəcək. Bu problemləri də həll etməyin yollarını tapmalıyıq. Peşəkar yanaşma odur ki, A variantı yoxdursa, B olmalıdır. Vay o gündən ki, insanda ancaq A variantı olsun”.
Aysel Aslan