"Rusiya rəsmi Bakının bu addımından narahatlıq keçirir" - Analitik

Azər Rəşidoğlu:"Azərbaycanın Qərblə inteqrasiyasının qarşısını almaq istəyir"




"Azərbaycan nə vaxt Avropa strukturları ilə danışıqlar aparıb, ölkənin Avro-Atlantik məkana inteqrasiyası ilə bağlı əməli addım atıbsa, cəbhə xəttində vəziyyət gərginləşib”.

Bu barədə "Sherg.az”a Azərbaycan Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin tapşırığına əsasən prezidentin Hüquq mühafizə orqanları ilə iş və hərbi məsələlər üzrə köməkçisi Fuad Ələsgərovun və Müdafiə naziri general-polkovnik Zakir Həsənovun cəbhəboyu zonada yerləşən hərbi hissələrə yola düşməsindən danışarkən siyasi şərhçi, "Tolerantlıq” Sosial Araşdırmalar Birliyinin sədri Azər Rəşidoğlu bildirib. 

O diqqətə çatdırıb ki, ani olaraq bu cür addım atılması cəbhədə vəziyyətin gərginləşməsi səbəbindən baş verə bilər:

"Gərginliyin isə Qarabağ separatçılarının və ya Ermənistanın müstəqil oyunu olduğunu güman etmirəm. Görünür, Rusiya bundan narahatlıq keçirir, Azərbaycanın Qərblə inteqrasiyasının qarşısını almaq istəyir. Azərbaycan öz diplomatiyasında "açıq qapı” siyasəti yürüdür. Bu baxımdan birmənalı şəkildə nə Qərbə, nə də Rusiyaya yönəlmiş siyasi xətt tutur. Lakin Rusiya ermənilərdən istifadə etməklə Azərbaycanı həmin beynəlxalq tədbirlərdə iştirakdan çəkindirməyə çalışır. Zənnimcə, bu, Rusiyanın Azərbaycana qarşı qıcığıdır. Şimal qonşumuz öz "for-post"u olan İrəvandan istifadə edərək Bakını şantaj edir. Bu, Azərbaycanın siyasətinə ciddi təsir göstərməyəcək”.

Qeyd edək ki, səfər zamanı qoşunların döyüş hazırlığının vəziyyəti, şəxsi heyətin xidməti və sosial-məişət şəraiti yoxlanılıb, eləcə də hərbi qulluqçularla söhbətlər aparılıb, birgə nahar təşkil olunub.

Aysel Aslan