Türkiyəli nazir AXC və Qafqaz İslam Ordusunun 100 illiyindən danışdı




"Türkiyə Azərbaycan Xalq Cümhuriyyəti (AXC) və Qafqaz İslam Ordusunun 100 illik yubileyini Azərbaycanla birgə keçirmək üçün lazımi dəstəyi göstərməyə hazırdır".

"Şərq" qəzetinin baş redaktoru Akif Aşırlının"Sherg.az"a bildirdiyinə görə, bu sözləri Kastamonu şəhərində jurnalistlərlə görüşü zamanı Türkiyənin mədəniyyət və turizm naziri Numan Kurtulmuş söyləyib. 

Nazir qeyd edib ki, Azərbaycanla Türkiyə bir millət iki dövlətdir və eyni mədəniyyətə sahibdirlər: 

"Bu iki dövlətin bir-birinə göstərdiyi münasibətin bənzəri də yoxdur".


N.Kurtulmuş Azərbaycan Cümhuriyyətinin müstəqilliyinin 100 ilinin tamamını əlamətdar tarixi hadisə kimi qiymətləndirib. Qısa zamanda Azərbaycanı ziyarət edəcəyini vurğulayan nazir bildirib ki, 2023-cü ildə Türkiyə Cümhuriyyətinin də 100 illiyi keçiriləcək: 

"Həmin tədbirlərin qardaş Azərbaycanda da keçirilməsini arzulayırıq".

Qeyd edək ki, Kastamonu Türk Dünyasının paytaxtı elan olunacaq. Məlumata görə, yanvarın 22-dən etibarən  Azərbaycan, Türkiyə, Qazaxıstan, Qırğızıstan, Özbəkistan, Tatarıstan,Qaqauziyadan gələn media təmsilçiləri Türkiyənin Kastamonu şəhərinə toplaşıblar. Türksoyun qərarına əsasən Türk Dünyasının mədəniyyət paytaxtı bu il Kastamonu elan olunub. Ötən il Qazaxıstan respublikasının Türkistan vilayəti bu statusu daşıyıb. Bu il isə həmin missiyanı Kastamonu icra edəcək. Bu münasibətlə Türkiyə Cümhuriyyətinin Mədəniyyət və Turizm naziri Numan Kurtulmuş və Türksoyun sədri Düsen Kaseinov Kastamonuya səfər ediblər.

Ayyət Əhməd