Ümrə ziyarəti ləğv olunmayıb

Sadəcə, lazımi qrup toplanmadığından ziyarətin vaxtı fevrala keçirilib


Azərbaycanda ümrə ziyarətinin (kiçik həcc) ləğvi barədə yayılan məlumatlar həqiqəti əks etdirmir. Bu barədə "Şərq”ə Qafqaz Müsəlmanları İdarəsinin ziyarət şöbəsindən bildirilib. Şöbədən aldığımız məlumata görə, ümrə ziyarəti üçün əvvəlcədən qruplar müəyyənləşir. 

Hər qrupda azı 25 nəfər olmalıdır. Müraciət edənlərin sayı 25-dən az olduqda qrup formalaşmamış hesab edilir və ümrə ziyarəti növbəti aya keçirilir. Bu ilin yanvar ayı üçün 25 nəfərlik qrup toplanmadığından ümrə ziyarətinin vaxtı fevral ayına keçirilib. Ümrə ziyarətinin qiymətləri də ilin aylarına görə dəyişir. Ramazan ayı öncəsi qiymətlər bahalaşır. Bu, zəvvarların ümrə ziyarətinə daha çox Ramazan ayında və islam tarixində önəmli yer tutan tarixlərdə səfər etmək istəyi ilə bağlı olur. Tələbat artdıqca, otellərdə yerlər dolur, qiymətlər də yüksəlir.
Bu il Həcc ziyarətinin qiymətlərində nə qədər artım olacağına gəlincə, şöbədən bildirildi ki, hazırda QMİ nümayəndə heyəti Səudiyyə Ərəbistanında səfərdədir. Səfərdə məqsəd də otel sahibləri ilə danışıqlar aparmaq, qiymətləri müəyyənləşdirməkdir. Qarşıdakı həftə Həcc ziyarətinin qiymətləri bilinəcək.

Məlahət